Menu

Əhalinin gəlirləri və orta əməkhaqqı barədə rəsmi açıqlama verildi

14.11.2014, 12:58
Əhalinin gəlirləri və orta əməkhaqqı barədə rəsmi açıqlama verildi

2014-cü ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artıb.

“Media forum” saytı xəbər verir ki, Dövlət Statistika Komitəsi noyabrın 14-də belə rəsmi açıqlama yayıb.

Statistikaya görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8 faiz azalıb.

ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,7 faizi isə xidmət sahələrinin payına düşüb.

Qeyd olunur ki, yanvar-oktyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 3229,5 manat və ya orta hesabla ayda 322,9 manat təşkil edib. Bu dövr ərzində ölkə əhalisinin əldə etdiyi 30,4 milyard manatlıq gəlirin 70,0 faizi son istehlak xərclərinə, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,2 faizi isə yığıma yönəldilib.

Oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 441,6 manat olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol