Menu

“Bu çevrilişdə Putinin ən yaxın köməkçiləri və mühafizəçiləri iştirak edəcək...” – İnozemtsev

21.12.2022, 16:46
“Bu çevrilişdə Putinin ən yaxın köməkçiləri və mühafizəçiləri iştirak edəcək...” – İnozemtsev

Vladimir Putin yalnız saray çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırıla bilər.

“AzPolitika.info” xəbər verir ki, bunu rusiyalı politoloq Vladislav İnozemtsev “Zerkalo” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin sona çatması üçün yeganə perspektivdir: “Bu çevrilişdə Putinin ən yaxın köməkçiləri və mühafizəçiləri iştirak edəcək. Gələcəkdə Putini devirmək üçün Rusiyada kütləvi üsyanların baş verməsi real görünmür. Hər halda müharibənin davam etdiyi 10 aylıq müddətdə də Rusiyada böyük etiraz aksiyalarının keçirildiyinin şahidi olmadıq”.

Politoloq hesab edir ki, Putin müharibəni ən azı iki il daha davam etdirə və ümumilikdə bir milyona yaxın insanı səfərbər edə bilər: “Putinin müharibəni maliyyələşdirmək üçün böyük potensialı var. Rusiyanın daxili bazardakı ehtiyatları Putinin əlini gücləndirir. Rusiyanın 2024-cü ilə qədər büdcə ilə bağlı problemlə üzləşəcəyi mümkün görünmür.

Ukrayna ordusuna gəlincə, əminəm ki, onlar Rusiyanın hücumlarını dəf etmək əzmindədirlər. Ukrayna daim Qərb silahları ilə təmin olunur və bu proses kifayət qədər sabit şəkildə davam edir. Hesab edirəm ki, bu gedişlə müharibə uzun müddət davam edəcək və Rusiya gələcəkdə daha böyük itkilərlə üzləşəcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol