Menu

“Qəhrəmanımızı tanımalıyıq və geniş təbliğ etməliyik” - Üzeyir Cəfərov

14.11.2014, 16:56

uzeyir ceferovAzərbaycan ordusunda, cəbhə xəttində xidmət keçən hərbi qulluqçu, manqa komandiri İlkin Muradov noyabrın 12-də Ağdam istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus vertolyotu məhv edib.

Bütün ekipaj – işğalçı ordunun üç zabiti (mayor, baş leytenant və leytenant) ölüb.

İlkin Muradov müdafiə nazirinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Düşmənə ağır zərbə vuran hərbi qulluqçunun media və sosial şəbəkələrdə geniş təqdim olunması doğrudurmu? İlkin Muradovun fotoları yayılır, onun valideynləri televiziyalara açıqlama verir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “azvision.az”a bildiriblər ki, manqa komandirinin foto və videolarının sosial şəbəkələr və mediada yayılması düzgün deyil.

“Media forum”a danışan hərbi jurnalist Üzeyir Cəfərov mediada və sosial şəbəkələrdə İlkin Muradov haqqında yayılan məlumatları normal hal hesab etdiyini deyib: “Biz qəhrəmanımızı tanımalıyıq və geniş təbliğ etməliyik. İlkin Muradov xüsusi xidmət orqanının əməkdaşı deyil ki, onun gələcək əməliyyatlarda tanınacağı ehtimalı narahatlıq doğursun. Azərbaycan Silahlı Qüvvələrinin kiçik komandirlərindən biridir, sabah Ermənistana getməyə hazırlaşmır ki, cəzalanacaq deyə ehtiyat edək. Onda dünyada nə qədər qəhrəmanlıq göstərən şəxs var üzə çıxarılmasınlar?

Bu gün Azərbaycanın Milli Qəhrəmanları var, istədikləri yerə sərbəst şəkildə gedə bilirlər. Niyə biz şücaət göstərən əsgərimizi tanıtmaqdan çəkinməliyik? İlkin Muradovu geniş təbliğ etmək lazımdır. Bu həm gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, həm də digər əsgərlərin nümunə götürməsi baxımından önəmli məqamdır.

O başqa məsələdir ki, Müdafiə Nazirliyi çevik işləyib bu cür olaylardan daha keyfiyyətli video təqdim etməlidir. Əsgərə mobil telefon gəzdirmək icazəsi verilməsə də, telefonla çəkilmiş video hesabına bütün dünya gördü ki, Azərbaycan əsgəri düşmənin vertolyotunu həqiqətən real döyüşdə sıradan çıxarıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol