Məlum olduğu kimi, Rusiyanın Ukraynaya qarşı Kremlin “xüsusi hərbi əməliyyat” adlandırdığı işğalçılıq müharibəsi başlayan gündən bu ölkədə “müharibə” sözünün işlədilməsi qadağan olunub.
Daha doğrusu, Ukraynada baş verənləri “müharibə” adlandırmaq qanunverici orqanın qərarı ilə cinayət məsuliyyəti yaradır və artıq buna görə minlərlə Rusiya vətəndaşına qarşı cinayət işi açılıb, çoxları həbs olunub.
Lakin son mətbuat konfransında Vladimir Putin özü Ukraynadakı hərbi əməliyyatları müharibə adlandırıb: “Bizim məqsədimiz bu müharibəni bitirməkdir, buna çalışırıq və çalışacağıq”.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Sankt-Peterburq Bələdiyyəsi deputatı Nikita Yuferev bu sözlərinə görə V.Putini rəsmi qaydada məhkəməyə verib.
Deputat məhkəmədən Putinin son mətbuat konfransındakı çıxışını araşdırmağı və “xüsusi hərbi əməliyyatı müharibə adlandırdığı üçün” ona qarşı cinayət işi açılmasını tələb edib.
Deputat bu məhkəmə iddiası ilə bağlı bəyanatında bildirib: “Rusiyada artıq müharibəyə dair bu cür sözlərə görə minlərlə insan mühakimə edilib”.
Əksər şərhçilər qeyd edirlər ki, Rusiya çoxdan hüquqi dövlət statusunu itirib və buradakı anormal qanun və qərarlar heç də hamıya qarşı eyni dərəcədə tətbiq olunmur.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər