İl sonuna yaxın Azərbaycana qonuşu ölkələrdə minimum əməkhaqqı artımlarına dair qərarlar qəbul edilir. Türkiyədə yanvarın 1-dən minimum əməkhaqqı 5 min 500 lirədən 8 min 500 lirəyə - təxminən 775 manata (456 ABŞ dollarına) yüksələcək. Başqa deyimlə, gələn ildən Türkiyədə minimum maaş alanların gəliri 55 faiz və ya 270 manat artacaq.
Xatırladaq ki, orada müəyyənləşdirilən minimum əməkhaqqı məbləği (775 manat) vergilər çıxıldıqdan sonra nəzərdə tutulan məbləğdir. Deməli, gələn ildən ölkədə ən az maaş alan adam 775 manat qazanacaq. Onu da xatırladaq ki, 2022-ci il başlarkən ölkədə minimum əməkhaqqı 4 min 250 lirə idi. İlin ortasında - iyulun 1-də bu rəqəm 5 min 500 lirəyə yüksəldildi. İndiki artım Türkiyədə ilboyu minimum əməkhaqqının yüksəldilməsi ilə bağlı qəbul edilən ikinci qərardır.
Sanksiyalar altında əzilən Rusiyada da gələn il minimum əməkhaqqının artırılmasına qərar verilib. Yanvarın 1-dən etibarən Rusiyada minimum əməkhaqqı 16 min 242 rubl olacaq. Bu, hazırkı məzənnə ilə təxminən 395 manat deməkdir. Artımın təxminən 3.5 milyon insanın gəlirlərinə təsir etməsi nəzərdə tutulur. İndi Rusiyada minimum maaş 15 min 279 rubldur (təxminən 371 manat). Bu baxımdan aydın olur ki, ölkədə minimum əməkhaqqı gələn il 6.3 faiz artacaq.
Ermənistanda da 2023-cü ilin ilk günündən minimum maaş artırılacaq və 75 min dram (indiki məzənnə ilə təxminən 315 manat) olacaq. Hazırda Ermənistanda minimum əməkhaqqı 68 min dramdır (286 manat). Deməli, gələn il minimum əməkhaqqı təxminən 10 faiz artacaq və bu artım 300 minə yaxın şəxsin gəlirinə təsir göstərəcək.
Hazırda Azərbaycanda minimum əməkhaqqı 300 manatdır. 2022-ci il yanvarın 1-də ölkədə minimum maaş 250 manatdan 300 manata yüksəldilmişdi. Azərbaycanda minimum əməkhaqqının artırılmasına dair sonuncu prezident sərəncamı 2021-ci il dekabrın 17-də imzalanmışdı. Ancaq həmin tarixdən öncə də bəzi hökumət rəsmiləri minimum əməkhaqqının artırılacağını açıqlamışdı. Artıq dekabr ayı sona yaxınlaşsa da, bu il nə rəsmi sərəncam var, nə də açıqlama. Güman etmək olar ki, hökumət 2023-cü ildə minimum əməkhaqqını artırmağı düşünmür. Halbuki, 2022-ci ilin ilk 11 ayında ölkədə inflyasiya 14 faizə çatıb. Sırf qida inflyasiyası isə 20 faizi ötüb. Bu göstəricilər son illərin ən yüksək qiymət artımı göstəriciləridir və deməli, milli valyutanın alıcılıq qabiliyyətinin il ərzində ciddi ölçüdə azalmasını gözardı etmək olmaz.
Rasim
“AzPolitika.info”


Şərhlər