Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Steel Company" MMC poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun məhkəmə prosesi davam etdirilib.
Son sözlə çıxış edən iş adamı bildirib ki, ölkə rəhbərliyinə yalan məlumat verib sovet dövründən qalan zavodları talayıblar. O, Səttarxan adına zavodu, Maşınqayırma zavodunu, "Azərboru"nu misal göstərib.
"Sovetdən qalan zavodlar bütün dövlətlərdə işləyir, Azərbaycandan başqa. Çünki Azərbaycanda bəzi adamlar gedib rəhbərliyə yalan məlumat verirdilər ki, guya, onlar lazım deyil. Onları talayırdılar..." – deyə, o vurğulayıb.
"Bizim nəsildə cinayətkar, kimisə şərləyən, üzəduran olmayıb. Mən nəyi talamışam, öz aldığım zavodu? Talama Maşınqayırma Zavodunda, "Leytenant Şmidt"də, "Azərboru"dakı kimi olur...Həyat bumeranqdır, kim neyləyirsə, təpəsindən dəyir", - Məmmədov son sözündə belə deyib.
O, məhkəmədən bəraət istəyib. Üstəlik, vurğulayıb ki, bəraəti Azərbaycandakı məhkəmələrdə almaq istəyir. Məmmədovun sözlərinə görə, o, iş adamıdır, beynəlxalq maliyyə institutları ilə çalışır, bəraət almadan fəaliyyətini davam etdirməsi mümkün deyil.
Məmmədov məhkəmə araşdırmalarından da narazı qalıb: "Belə çıxır ki, mənə dövlətə xəyanət ittihamı verilsəydi, onu da araşdırmayacaqdınız. Mən heç bir cinayət törətməmişəm. Bu söhbətlərin də heç kimə xeyri yoxdur. Bir adam mənə izah eləmədi ki, bütün bu baş verənlərin səbəbi nədir...".
Məmmədovun son sözündən sonra hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə məlum deyil.
Xatırladaq ki, Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin şəriki hesab olunan
Rasim Məmmədov "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. İddia olunur ki, o, şirkətin məhsullarından öz evi və obyektlərində istifadə etməklə, armaturları öz şirkətlərinə daha ucuz qiymətə satmaqla və s. zavoda ziyan vurub.
Rasim Məmmədovun həbsinə səbəb olan ilk şikayəti də Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyev və kürəkəni, eks-deputat İlham Əliyev ediblər. Teymur Mehdiyev 7 milyon, İlham Əliyev isə 6 milyon manat pullarının dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Rasim Məmmədov tərəfindən mənimsənildiyini iddia edirlər.
Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
“AzPolitika.info”


Şərhlər
Asmag gerari verilsin ona , ne eledinse oz gabagiva cixir!
O zavodu Zulfuqarovlarin elinden zorla alanda, arxanda ramiz mehdiyev dayanmamishdi ? Allah gec etsede guc edir.