"2007-ci ildə qardaşımı Gədəbəy rayon xəstəxanasında qətlə yetirdilər. Hadisədən xəbər tutan kimi, Gədəbəydəki ata evimə yollandım. Qatilin kim olduğunu soruşan zaman, yaxın qohumlarım mənə bildirdilər ki, “Qardaşını xəstəxananın baş həkimi Rafiq qətlə yetirib”. Dərhal Rafiq həkimi tapıb, onunla mübahisə etməyə başladım. Yalan danışdığını zənn edərək, həkimi baltayla qətlə yetirdim”.
“AzPolitika.info” xəbər veri ki, bunları Gədəbəy rayon sakini Tofiq Məhərrəmov mətbuata açıqlamasında bildirib.
O, yalnış məlumat əsasında cinayət hadisəsi törətdiyini, əsl cinayətkarların isə cəzasız qaldığını iddia edir: “Yaxın qohumlarım Vəliyev Sakit, Quliyev Rəhman, Eldar, dayım oğlu Mahir məni qəsdən yalnış insanı öldürməyə sövq etdilər. Onlara inanaraq, bu hadisəni törətdim. Ancaq sonradan anladım ki, baş həkimin heç bir günahı yoxdur. Qardaşımı adıçəkilən şəxlər qətlə yetiriblər və cinayəti həkimin üzərinə yıxaraq, məsuliyyətdən yayınmağa çalışıblar”
T. Məhərrəmovun sözlərinə görə, yaxın qohumları qısa müddətdə onu azadlığa çıxaracaqlarına dair vəd verərək, adlarının gizli qalmasını istəyiblər: “Dayım oğlu Mahir məni, bir neçə aya həbsdən xilas edəcəyini, bu müddətdə də ailəmə 50 min manat çörək pulu verəcəyini bildirdi. İsitintaq zamanı onların adını çəkmədim və 12 il həbs cəzası aldım. Həbsdə olduğum müddətdə Mahirlə danışan zaman mənə bildirdi ki, “Qardaşını həkim öldürməyib, özü-özünü qətlə yetirib”. Bu zaman sual etdim ki, bəs, niyə əvvəlcədən qardaşımı həkimin öldürdüyünü deyib?”.
“Hazırda azadlıqda olsam da, ailəm dağılıb, yaxın qohumlarım, hətta qardaşıım və övladım da məndən üz çeviriblər. Hər kəs həkimin günahsız olduğunu deyir. Mən cinayəti töərədən şəxs kimi, cəzamı çəkmişəm . İndi əsas istəyim odur ki, məni bu cinayətə sövq edənlər,qardaşımın əsl qatilləri də layiq olduqları cəzanı alsınlar”,-deyə, o, bildirib.
“AzPolitika.info”


Şərhlər