Menu

“Şəhərə üç istiqamətdən hücum gözlənilir...” – Rusiya Luqanskda daha bir şəhəri itirəcəyinin anonsunu verir

28.12.2022, 12:42
“Şəhərə üç istiqamətdən hücum gözlənilir...” – Rusiya Luqanskda daha bir şəhəri itirəcəyinin anonsunu verir

Rusiyanın “TASS” dövlət agentliyi Ukraynanın Luqansk vilayətindəki Kremennaya şəhərinin tezliklə Ukrayna Ordusu tərəfindən azad ediləcəyinə dair “anons” verib.

“AzPolitika.info” xəbər verir ki, “TASS” agentliyi qondarma “Luqansk milisinin” yüksək rütbəli zabiti Andrey Maroçkoya istinadla yaydığı xəbərdə bildirir ki, Kremennaya şəhəri artıq demək olar, mühasirədədir: “Ukrayna Silahlı Qüvvələri Kremennaya şəhərinə eyni zamanda üç istiqamətdən – şimal-qərb, qərb və cənub-qərb istiqamətlərindən hücuma keçə bilər. Ukrayna komandanlığı Kremennya şəhərinin coğrafi əhəmiyyətini nəzərə alaraq, bu istiqaməti prioritet istiqamət hesab etdiyindən, şəhərə hücumu nəzərdən keçirir”. Maroçko bildirib ki, hətta hava şəraitinin əlverişsiz olması da Ukrayna ordusunu dayandırmır. 

Qeyd edək ki, digər Ukrayna şəhərlərinin işğaldan azad edilməsi öncəsi də adətən, Rusiya tərəfindən buna oxşar bəyanatlar verilib. Bir çox hərbi ekspertlər demək olar, tam mühasirəyə düşmüş Kremennayanın azad edilməsinin bir neçə günün məsələsi olduğunu bildirirlər.

Qeyd edək ki, Luqansk vilayətinə aid olan və əhəmiyyətli lojistik xətlərin keçdiyi Kremennya şəhəri bu ilin aprelində Rusiya tərəfindən işğal edilmişdi. Ukrayna Ordusu onu azad edəcəyi təqdirdə, Rusiya guya ərazisini “tam azad etdiyi” Luqansk vilayətində növbəti şəhəri itirmiş olacaq.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol