Menu

"Azadliq" qəzeti mətbuat konfransı keçirir 

13.11.2013, 15:16
"Azadliq" qəzeti mətbuat konfransı keçirir 

"İlham Əliyev azad mətbuata savaş elan edib"

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin çapının dayandırılması və üzləşdiyi böhranla bağlı RATİ-nin ofisində mətbuat konfransı keçirir.

Mətbuat konfransında ölkənin media təmsilçiləri ilə yanaşı, ictimai-siyasi xadimləri və diplomatik korpusun nümayəndələri də iştirak edir. ABŞ, İngiltərə, Almaniya, Polşa və başqa ölkələrin, eləcə də Avropa Birliyinin ölkəmizdəki səfirliklərinin təmsilçiləri mətbuat konfransına qatılıblar.

R.Hacıyev əvvəlcə ötən günlərdə “Azadlıq”ın çətin vəziyyəti ilə bağlı səsini ucaldan, qəzetə dəstək verən hər kəsə təşəkkürünü bildirib. Sonra o, qəzetin üzləşdiyi böhrandan danışaraq bildirib ki, baş verənlərin kökündə ölkədə avtoritar rejimin hökm sürməsi dayanır. İlham Əliyev hakimiyyəti ölkəni Türkmənistana çevirmək istəyir. Buna görə də demokratik təsisatlara və onun önəmli parçası olan azad mediaya qarşı savaş elan edib.

R.Hacıyev Azərbaycan cəmiyyətinin adekvat reaksiya verməkdə davam edəcəyinə əminlin olduğunu deyib. “Azərbaycan cəmiyyəti və müxalifətinin birgə, qətiyyətli mövqeyi, iradəsi olacaqsa, hakimiyyəti geri oturtmaq mümkün olacaq. Biz həmişə bir yerdə olanda, vahid mövqedən çıxış edəndə güclü olmuşuq. Burada əslində söz azadlığından yox, ölkəni xilas etməkdən söhbət gedir”.

İctimaiyyət nümayəndələrindən tanınmış hüquqşünas Aslan İsmayılov bəzi suallara cavab axtarıb. Bildirib ki, nəyə görə ölkənin QHT və media sektoru “Azadlıq”ın məruz qaldığı bu ağır vəziyyətə yetərincə diqqət yetirmirlər. Onun fikrincə, səbəb müəyyən istisnalarla QHT-lərin ölməsi, ucuz alverçiliyə qurşanması, medianın da əsas etibarilə satın alınması, hakimiyyətin cibinə bağlanmasıdır.

“Ölkədə hamıya bəllidir ki, dara düşən hər kəsin üz tutacağı yer “Azadlıq” qəzetidir. Buna baxmayaraq, “Azadlıq”ın dar gününə həmin insanların heç də hamısı oxşar münasibət göstərmir” deyə hüquqşünas bildirib.

A.İsmayılov 1991-ci ildə H.Əliyevin “Azadlıq” qəzetinə yazıdğı təbrik məktubunu xatırladıb: “O zaman Heydər Əliyev qəzetdən daha qətiyyətli, prinsipial müxaliflik tələb edirdi. “Azadlıq” bu gün elə o işi görür”.

Hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlu “Azadlıq” qəzetini son demokratik institutlardan biri adlandırıb. “Hər kəs fərqində olmalıdır ki, bu gün bu qəzetə, azad mətbuata olan hücumlar dayandırılmasa, yaxınlarda daha ciddi və dəhşətli basqıları görəcəyik. Vəziyyət kifayət qədər ağırdır. Çıxış yolu qəzetə abunə kampaniyasını ciddiləşməli, vətəndaş cəmiyyəti “müstəqil qəzetlər təhlükədədir” mövzusunda qətiyyətli mövqe ortaya qoymalıdır. Bu, “Azadlıq” qəzetinin birinci sınağı deyil. Əminəm ki, qəzet bu sınaqdan da uğurla çıxacaq”.

İstiqlalçı deputatlardan İbrahim İbrahimli bildirib ki, “Azadlıq” qəzeti güzəştsiz və prinsipial mövqeyinə görə cəzalandırılır. “Hakimiyyət bu qəzeti pulla ələ ala bilməyib, repressiyalarla sındıra bilməyib. Bu qəzet qədər vicdan məhbuslarrını israrla və ardıcıl müdafiə edən ikinnci nəşr yoxdur. Bütün bunlar isə aqoniya vəziyyətində olan hakimiyyəti əsəbləşdirir. Hakimiyyət azad sözü bitirmək istəyir. İlham Əliyev başa düşməlidir ki. Sözün bitdiyi yerdə heş kimin arzu etmədiyi hadisələr başlayır. Ona görə də azad sözü bitirmək yox, ona rəvac vermək lazımdır. “Azadlıq”ı susdurmaq hakimiyyətə nəsib olmayıb, olmayacaq da”.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, öncə məqsədləri müəyyən etmək lazımdır: “Mətbuat konfransında siyasi çıxışlar, çağırışlar olur. Bu yanlışdır. Qəzet çıxanda buna davam edərsiniz. Çünki bura toplaşmağımızın əsas məqsədi qəzeti üzləşdiyi çətin durumdan xilas etməkdir. Maliyyə vəsaitinin toplanması ilə bağlı kampaniyalar aparılmalıdır. Abunə yazılışı davam etməlidir. Sosial şəbəkələrdə aparılan kampaniyalar daha da gücləndirilməlidir. Bundan da ağır dalğalar olub və olacaq. Konkret vəsait əldə etmək üçün proqram müəyyən olunmalıdır. “Yeni Müsavat” bir günə qəzetə minlərlə abunə qazandırdı. Bunu “Azadlıq” qəzeti də edə bilər”.

Milli Şura üzvü Gültəkin Hacıbəyli qeyd edib ki, “Azadlıq” qəzeti də abunə marafonu keçirməlidir: “Konkret iş görülməlidir. Buna abunə marafonu ilə başlanıla bilər. Avropanın bir parçası olmağa hazırlaşan Azərbaycan hakimiyyəti digər yandan ölkə mediasına qarşı basqıları davam etdirir. Mən hakimiyyəti sağlam məntiqə və düşünməyə dəvət edirəm. Demokratik fikirləri tapdalamaqla, ölkədə normal cəmiyyət yarada bilməzlər”.

G.Hacıbəyli vəziyyətlə bağlı beynəlxalq təşkilatlara da müraciət ünvanlamağı vacib sayıb. “Avropa Birliyi 2011-ci ildə Azərbaycanın Avropa coğrafiyasına daxil olduğunu elan edib. Avropa öz coğrafiyasında diktatura qurulmasına imkan verməməlidir”, deyə o bildirib.

“Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi bildirib ki, qəzetin bağlatdırılmasında birbaşa İlham Əliyevin iradəsi var. O deyib ki, bu qəzetin əsas tərəfdaşları haqqı pozulan insanlardır və qəzet dəstəyi də o zqmrədən umur.

Jurnalist Aynur Elgünəş konkret təşəbbüslər üzərində düşünməyə çağırıb. Bildirib ki, o 3 həmkarı ilə birlikdə qapı-qapı gəzib abunə toplamaq ideyası üzərində işləyir.(azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol