Menu

"Həmin zolaq FHN avtomobilləri üçün nəzərdə tutulub"- "Sədərək" TM-də narazılıq doğuran məqama aydınlıq gətirilib

04.01.2023, 16:16
"Həmin zolaq FHN avtomobilləri üçün nəzərdə tutulub"- "Sədərək" TM-də narazılıq doğuran məqama aydınlıq gətirilib

"Son günlər sosial şəbəkələrdə "Sədərək" Ticarət Mərkəzindəki (TM) avtomobil dayanacaqlarında və keçidlərdə yaranan sıxlıqlarla bağlı bir sıra anlaşılmaz fikirlər səsləndirilir. Nəzərinizə çatdırım ki, bu məsələ Ticarət Mərkəzinə müştərilərin daha çox üz tutduğu şənbə və bazar günləri ilə Yeni il bayramının üst-üstə düşdüyü bir vaxtda gündəmə gətirilib. İstər-istəməz bayram günlərində və həftə sonları TM-də müəyyən sıxlıqlar yaranır. Ona görə də burada narazılığa səbəb olan heç bir məqam yoxdur. "Sədərək" TM-nə daxil olan müştərilər bundan narahat olmasınlar".

Bunları "AzPolitika.info"-ya açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib.

O, son günlər sosial şəbəkələrdə "Sədərək" TM-dəki orta yolun bir hissəsinin qapadıldığına dair iddiaları əsassız adlandırıb.

K. Qədim vurğulayıb ki, Sədərək Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən bazar ərazisində müxtəlif şəxslər üçün ayrı-ayrı dayanacaqlar yaradılıb: "Məsələn, sahibkarlar, orada çalışan işçilər üçün ayrı dayanacaqlar mövcuddur. Bu dayanacaqların yaradılmasında məqsəd bazara daxil olan müştərilərin şəxsi avtomobillərini daha çox boşluqlarda, alış-veriş etdikləri mağazalara yaxın məsafələrdə saxlamaları üçündür. Bu sahədə TM-nin rəhbərliyi tərəfindən daim yeni islahatlar aparılır, müəyyən işlər görülür".

K. Qədim qeyd edir ki, bu dayanacaqların fəaliyyəti Sədərək Ticarət Mərkəzinin Sabit Mühafizə Xidmətinin (SMX) əməkdaşları tərəfindən tənzimlənir: "Əsas sıxlıqlar yollarda və keçilərdə yaranır. TM-də orta yol adlanan ərazidə dörd giriş zolağı fəaliyyət göstərir. Bu yol birtərəflidir. Yəni, birinci giriş ikinci ərazinin qarşısından, ikinci giriş üçüncü ərazinin qarşısından keçir. Bu yolun birinci girişi ikitərəflidir və Fövqəladə Hallar Nazirliyinin avtomobilləri üçün nəzərdə tutulub. Bu yol daim boş saxlanılır ki, fövqələdə hadisələr zamanı həmin avtomobillər maneəsiz şəkildə hərəkət edə bilsinlər".

"Təəssüf ki, bu yolun açılmaması müştərilər tərəfindən narazılıqla qarşılanıb. Ümid edirik ki, "Sədərək" TM-nə daxil olan müştərilər bu vəziyyəti anlayışla qarşılayacaq, sosial şəbəkələrdə səsləndirilən yanlış fikirlərə inanaraq hadisəni real qiymətləndirmədən paylaşımlara yol verməyəcəklər", - deyə K. Qədim qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol