“Taliban” məhkəmələri rəhbərləri ölkədən qaçan və nəşri ölkə xaricindən idarə edən media qurumları ilə bağlı qərarını tezliklə açıqlayacaq.
“Khaama press” xəbər verir ki, Əfqanıstan İslam Əmirliyinin İnformasiya və Mədəniyyət Nazirliyinin medianın qiymətləndirilməsi üzrə direktoru Abdul Haq Hammad media qurumlarını hakim rejim əleyhinə təbliğat aparmaqda ittiham edib: “Bu KİV-lərlə bağlı qərar verilib. Məhkəmənin qərarının yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Heç bir qanun media qurumlarının rəhbərlərinə kənardan fəaliyyət göstərməyə və rejim əleyhinə təbliğat aparmağa icazə vermir”.
Bu, “Taliban” rejiminin artıq Əfqanıstanda fəaliyyət göstərən media təşkilatlarına və xəbər kanallarına sərt məhdudiyyətlər tətbiq etdiyi bir vaxta təsadüf edir. Məlumatlara görə, ölkə daxilində fəaliyyət göstərən mətbuat orqanları hakim rejimi tənqid edə, həssas materiallar dərc edə bilməz. “Taliban”ın hakimiyyətə qayıdışının ilk günlərində media azadlığı məhdudlaşdırılıb, ardınca xəbər kanallarında canlı yayımlanarkən qadın jurnalistlər və aparıcılar üçün sərt qaydalar tətbiq olunub.
“Taliban” 2021-ci ilin avqustunda hakimiyyətə qayıdışından bəri, televiziya kanalları, radio stansiyaları və xəbər agentlikləri də daxil olmaqla yüzlərlə media orqanı əsasən hazırkı administrasiyanın tətbiq etdiyi mühafizəkar məhdudiyyətlər, maliyyə dəstəyinin olmaması və digər iqtisadi problemlər səbəbindən qapılarını bağlayıb. Hazırda Əfqanıstanda 165 radio stansiyası və 55 telekanal fəaliyyət göstərir.
L.SƏMLA
AzPolitika.info


Şərhlər