Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.
Hadisə baş verən ərazidə yaşayan sakin Əsgər İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslər mənzilə 10 gündür kirayəçi kimi köçüblər: “Onlardan birini tanıyırdım. Ev sahibinə anası ilə kirayə qalacağını və Yeni il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib. Bu gün ev sahibi kirayə müqaviləsinə görə mənzilə gəlib və evin qapısının arxadan bağlı olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb. Daha sonra ev sahibi polisə məlumat verib”.
Sakin qeyd edib ki, meyitlər tanınmaz halda olublar: “2022-ci ilin dekabrın 31-də hadisənin olduğu deyilir”.
Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil veriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Bakıda bir mənzildə 4 nəfərin meyiti tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nərimanov rayonunda yerləşən mənzillərdən birinin sahibi polisə zəng edərək kirayəyə verdiyi evin qapısının arxadan bağlı olduğunu, nə qədər döysə də, qapını açan olmadığını bildirib.
Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 kişi meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.
İlkin ehtimala görə, onlar dəm qazından boğulub. Digər ehtimala görə isə həmin şəxslər qidadan zəhərlənərək ölüblər.


Şərhlər