Pakistan hökuməti fəaliyyəti qadağan olunmuş “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşması və onun Əfqanıstan ərazisindəki filiallarının bağlanması xahişi ilə Əfqanıstan hökumətinə müraciət edəcək.
Rəsmi mənbələr “The Express Tribune”ya bildirib ki, “siz bizimləsiniz, yoxsa TTP ilə” deyə “Taliban” hökumətindən terrorçuların sığınacaqlarının ləğv edilməsini istəyəcək.
Son aylarda terror aktlarının sayı artıb. TTP son 3 ayda 140-dan çox hücuma, o cümlədən İslamabadda səkkiz ildə ilk intihar hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. TTP hücumlarının yenidən canlanması ölkə hökumətini əvvəlki administrasiyanın tətbiq etdiyi strategiyaya yenidən baxmağa sövq edib. Yüksək səlahiyyətli Milli Təhlükəsizlik Komitəsi (MTK) bu yaxınlarda məsələ ilə bağlı ciddi müzakirələr aparıb və problemin həlli üçün yeni strategiyanı təsdiqləyib.
Mülki və hərbi rəhbərlik TTP ilə danışıqları davam etdirməmək qərarına gəlib və bu, Əfqanıstanda hakimiyyətdə olan “Taliban”ın rəhbərliyinə də çatdırılacaq. Müvəqqəti hökumət TTP-ni zorla çıxarmaqdan imtina etdiyi üçün “Taliban” əvvəlki sülh səylərində vasitəçi kimi çıxış edirdi.
TTP Pakistan və “Taliban” hökuməti arasında əsas problem olaraq ortaya çıxıb. İslamabad ümid edirdi ki, Kabil yeni rejim altında TTP ilə ABŞ-ın dəstəyi ilə Əfqanıstanı talayaraq qaçan Əşrəf Qəni administrasiyasından fərqli davranacaq. Lakin TTP “Taliban”ın Kabildə nəzarəti ələ keçirməsindən sonra yenidən toplandı və bu, Pakistanın liderlərini narahat edir.
Mənbələr bildirib ki, hökumət Pakistan daxilində TPP ilə məşğul olmaq üçün əlindən gələni edəcək. Xaricdəki terror sığınacaqları məsələsi isə Kabillə ciddi şəkildə müzakirə olunacaq. Kabilə açıq şəkildə deyəcəklər ki, Pakistan Əfqanıstan ərazisindəki bütün terror sığınacaqlarına son qoymaq istəyir, əks halda bu, ikitərəfli münasibətlərə xələl gətirə bilər.
“Taliban” hökuməti bu yaxınlarda Pakistanın TTP-nin qonşu ölkədən fəaliyyət göstərməsi ilə bağlı fikirlərini rədd edib. “Taliban” sözçüsü TTP-nin Pakistanın daxili problemi olduğunu bildirib.
Bununla belə, BMT müşahidəçiləri də daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların hesabatlarında minlərlə TTP terrorçusunun Əfqanıstan ərazisindən fəaliyyət göstərdiyi iddia edilir.
Pakistan rəsmiləri bildirib ki, Pakistan “Taliban”ı TTP ilə mübarizə aparmağa inandırmaq üçün bütün mövcud diplomatik kanallardan istifadə edəcək.
L.SƏMLA
AzPolitika.info


Şərhlər