Menu

Naxçıvan Ali Məclisinin sessiyası keçirilib - Vasif Talıbov və oğlu sessiyada iştirak etməyib (Yenilənib)

10.01.2023, 15:18
Naxçıvan Ali Məclisinin sessiyası keçirilib - Vasif Talıbov və oğlu sessiyada iştirak etməyib (Yenilənib)

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası başa çatıb. “Report”un xəbərinə görə, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 4 məsələ daxil edilib.

Qanunverici orqanın sessiyasına Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin deputatları, aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri qatılıblar.

Ancaq ilk dəfə olaraq Naxçıvan Ali Məclisinin sessiyasında 28 ildən sonra sabiq sədr, 7 saylı Aralıq Seçki Dairəsinin deputatı Vasif Talıbov və onun oğlu 25 saylı Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Seymur Talıbov iştirak etməyiblər.

İclasda 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, eləcə də işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi barədə məsələlər deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra toplantının gündəliyinə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. O, 1995-ci ilin dekabrın 16-dan bu günə qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri idi.

Ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.

***

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, sessiyada 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etmir.

Digər deputatlar iclasda iştirak edir.

***

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

"Report" xəbər verir ki, sessiyanın gündəliyinə 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, eləcə də işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi məsələləri daxildir.

Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol