Menu

Soledar uğurunda ağır döyüşlər gedir - Rusiya bir gündə 490 hərbçi itirib

11.01.2023, 17:18
Soledar uğurunda ağır döyüşlər gedir - Rusiya bir gündə 490 hərbçi itirib

Ukraynanın Müdafiə Nazirliyi Soledar duz mədənləri şəhərini tutmağa çalışan Rusiya qüvvələrinin nəhəng itkilər verdiyini bildirir.

Milad atəşkəsi dövründə Rusiya əsgərlərinin Donetsk vilayətindəki Soledarı tutmaq üçün yenidən qruplaşdığı bildirilir. Soledar ətrafında təxminən 200 km-lik istifadə olunmayan tunellər də hədəf zona sayılır.

Yanvarın 11-də səhər Ukrayna baş Qərargahının açıqladığı məlumata görə, Rusiya bir gün öncə 490 itki verib. Bununla da Rusiyanın indiyədək müharibədə verdiyi ölü sayının 113 minə yaxınlaşdığı iddia olunur.

Soledar hücumunun önündə gedən “Vaqner” muzdlu qrupunun başçısı Yevgeni Priqojin yanvarın 10-da iddia edib ki, demək olar, şəhəri ələ keçiriblər, ancaq şəhər mərkəzində bir yerdə ağır döyüşlər gedir.

Ukrayna rəsmiləri Soledar uğrunda hələ də döyüşlərin getdiyini bildirirlər. Soledar və duz mədənlərinin tutulması Rusiya üçün simvolik, hərbi və kommersiya dəyəri daşıyacaq, Moskvanın son aylar ərzində ən böyük uğuru sayılacaq.

“Mazoxistlər ölkəsidir. Nəhəng itkilər verməyinə baxmayaraq, Rusiya hələ də manyakcasına Soledarı – Avropanın ən böyük duz mədənini tutmağa çalışır”, – Ukraynanın Müdafiə Nazirliyi tvitində yazıb.

Baş Qərargah yanvarın 11-də səhər bildirib ki, üç şərq vilayətində Rusiyanın hücumları dəf olunub.

Britaniyanın Müdafiə Nazirliyi isə gündəlik kəşfiyyat bülletenində qeyd edib ki, Rusiya və Belarus yanvarın ikinci yarısında birgə taktiki uçuş təlimi keçəcəklər. 10 aydır davam edən münaqişənin genişlənməsi sarıdan narahatlıqlara gəlincə, bülletendə deyilir ki, Ukraynanın şimal qonşusu Belarusa Rusiyanın yeni təyyarələrinin yerləşdirilməsi Ukraynaya qarşı əlavə hücum əməliyyatlarına hazırlıqdan daha çox əsl təlimə bənzəyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol