Ukrayna böhranı Böyük 20-lik ölkələrinin sammitində qlobal iqtisadi artım üzrə danışıqları kölgədə qoydu.
Belə ki, Avropa Rusiyanın Ukraynaya silah və qoşun axınını dayandırmasını tələb edir. Əks halda, rəsmi Moskvanın daha ağır sanksiyalarla üzləşəcəyi təhlükəsi mövcuddur. Bu haqda “Reuters” xəbər verir.
Avropa Şurası prezidenti Herman van Rompuy növbəti həftə Aİ xarici işlər nazirlərinin görüşündə Rusiya və Ukrayna arasında mövcud vəziyyət və Rusiyaya qarşı yeni tədbirlərin görülməsi ilə bağlı müzakirələr aparacaq.
Van Rompuy Böyük 20-lik sammitindəki çıxışında Rusiyanın yeni hərbi qüvvələrini Ukraynaya göndərməməli olduğunu bildirib və ölkə ərazisində mövcud olan qüvvələrin isə çıxarılmasını tələb edib.
Onun sözlərinə görə, Ukrayna böhranı Böyük 20-lik ölkələri ilə ABŞ prezidenti Barak Obamanın görüşündə ən mühüm müzakirə mövzusu olmalıdır.
Van Rompuy: “Mən bir daha qeyd etmək istərdim ki, bizlərin, yəni Aİ-nin düşüncəsində məsələnin ancaq və ancaq diplomatik yollarla həlli mümkündür. Biz bu istiqamətdə mövcud olan bütün vasitələrdən, o cümlədən sanksiyalardan istifadə edəcəyik”, - deyə bildirib.
Xatırladaq ki, Böyük 20-lik ölkələrinin görüşündə Rusiya prezidenti Vladimir Putin də iştirak edib.
NATO və Ukrayna Rusiyadan bölgəyə silah və hərbi qüvvələr göndərməsini dayandırmağı tələb etsə də, Rusiya israrla belə bir faktın mövcud olmadığını bildirir.
Britaniya baş naziri Devid Kemeron Böyük 20-lik sammitindəki çıxışında Rusiyanın bölgədəki davranışlarının qəbul edilməz olduğunu, eləcə də Aİ-nin və ABŞ-ın daha sərt tədbirlərə hazır olduqlarını qeyd edib.
Avstraliya hökuməti isə öz növbəsində sammitdəki çıxışı zamanı diqqəti Ukrayna böhranına yox, dünya iqtisadiyyatının inkişafına, bank sistemində nəzarəti artırmağa və nəhəng vergi boşluqlarını doldurmağa yönəldib.
Avstraliya xəzinədari Coe Hokkey növbəti beşillik perspektivdə dünya iqtisadiyyatdındakı artımın 2 trilyon dollardan artıq olmasından və yeni iş yerlərinin yaradılması məsələlərindən danışıb.
Avstraliya baş naziri Toni Ebbot isə “Baxmayaraq ki, sammitdə hər kəs fikir bildirmək istədiyi mövzuda sərbəstdir, lakin müzakirələrdə daha çox iqtisadi məsələlərin üstünlük təşkil etməsi daha məqsədə uyğundur”, - deyə söyləyib. /eunews.az


Şərhlər