“MÜHARİBƏNİN MÜQƏDDƏRATI ONDAN ASILIDIR...” – “Gerasimovun təyinatı Putinin mesajıdır”

Vladimir Putin Ukraynadakı müharibəni Rusiyanın leyhinə çevirmək üçün yeni dəyişikliyə gedib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı orduların baş komandanı vəzifəsinə gətirilməsi bəlkə də Putinin sonuncu yerdəyişməsidir. Soledar uğrunda döyüşlərdə Gerasimovun sərt tənqidçisi Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” özəl hərbi qruplaşması nizami ordu birləşmələrindən daha üstün olduğunu göstərdi. Əgər Valeri Gerasimov yaxın müddətdə döyüş meydanında strateji dönüş yarada bilməsə, bundan sonrakı mərhələdə rus analitiklərinin bütün tənqidləri birbaşa Vladimir Putinə ünvanlanacaq.

Bir çox hərbi ekspert hesab edir ki,Valeri Gerasimovun təyinatı rusların iri miqyaslı hücum əməliyyatına başlayacağından xəbər verir.

“AzPolitika.info” xəbər verir ki, Xorvatiyanın “Advance” internet portalı “Putinin mühüm hərbi qərarları” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Silahlı münaqişələr zamanı hansısa tərəfin böyük yerdəyişmələr etməsi işlərin plana uyğun getmədiyini göstərir. Bu yaxınlarda Rusiya Federasiyasında yenidən böyük yerdəyişmə həyata keçirildi. Ukraynadakı rus qoşunlarının baş komandanlığına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov gətirildi.

Bu, o analma gəlir ki, Rusiyanın Ukraynadakı ən yüksək vəzifəli hərbçisi “general Armaqeddon”, daha doğrusu, Sergey Surovikin işindən uzaqlaşdırılır və bundan sonra o, yalnız yeni baş komandanın üç müavinindən biri olacaq.

Onu da qeyd edək ki, həm Rusiya, həm də xarici KİV-lər Surovikinin ətrafında geniş səs-küy qurmuşdular. Jurnalistlər onun “çox amansız komandir” olmasından və döyüş meydanında vəziyyəti mütləq dəyişəcəyindən yazırdılar. Lakin bu baş vermədi.

Sergey Surovikin 8 oktyabr tarixində Ukraynadakı Rusiya ordusunun baş komandanı təyin edilmişdi. O vaxtdan indiyədək Rusiya Federasiyası öz üzərində ciddi zərbələr hiss edirdi və Surovikinin gedəcəyi tamamilə gözlənilən idi. Amma onun yerinə Gerasimovun gətirilməsi çoxlarını təəccübləndirdi.

Gəlin, Rusiya ordusunun Ukraynadakı komandanlığının xronologiyasına nəzər salaq. Surovikinə qədər bu vəzifəni Aleksandr Dvornikov daşıyırdı. Dvornikov apreldən oktyabradək Ukraynadakı qoşunlara komandanlıq edib. Rusiya mediası Dvornikovun sərt komandir olmasından və Çeçenistanda, Suriyada özünü bacarıqlı hərbçi kimi göstərməsindən yazırdı. Gerasimovun isə belə bir aurası yoxdur. Ancaq onun komandan təyin edilməsi çoxlarını həyəcanlandırıb. Rusiyadakı analitiklərin və blogerlərin əksəriyyəti Valeri Gerasimovu tənqid edirlər. Niyə? Bunun səbəbləri çoxdur. Əvvəla, Rusiyanın müharibədəki uğursuzluqlarının çox hissəsini onun üzərinə yıxırlar. Deyirlər ki, Rusiya Federasiyası son 15 il ərzində ordunu modernləşdirib, ən müasir silahlar alıb, buraya böyük pullar yatırılıb, amma nəticə yoxdur. Əksəriyyət, hətta Rusiyanın Qərbdəki rəqibləri hesab edirdilər ki, Rusiya Ukraynada özünü “dünyanın nəhəng hərbi dövləti” kimi göstərəcək. Bunun əvəzində isə hərbi fəaliyyətlər demək olar ki, Ukrayna ilə bərabər səviyyədə gedir.

Aydındır ki, Ukraynanın Qərbdən aldığı çoxlu sayda silahlar və digər yardımlar müharibədə vacib rol oynayır, amma həm də ukraynalı döyüşçülərin şübhəsiz ki, güclü mənəvi döyüş ruhu var.

Ümumi vəziyyət Rusiya üçün xüsusilə pis inkişaf xəttinə qədəm qoyanda Valeri Gerasimovun üzərinə iki ən radikal fiqur -“Vaqner”in başçısı Yevgeni Priqojin və çeçen lideri Ramzan Kadırov tərəfindən ciddi tənqidlər yağdırılmağa başladı. Onlar Gerasimovu cəbhədən uzaqda gizlənməkdə ittiham edirdilər.

Gerasimovun ünvanına istənilən kəskin sözləri söyləyən Priqojin və Kadırov Vladimir Putin barəsində heç nə demirlər. Amma Gerasimovun tənqidi müəyyən mənada həm də Putinin tənqid edilməsidir. Ona görə də Putindən yan keçmək üçün əsasən Müdafiə naziri Sergey Şoyqu hədəfə alınırdı.

Bir çoxları Gerasimovun tutduğu vəzifədən çıxarılacağını düşünürdülər. Əgər bu baş versəydi, o zaman Rusiya siyasi arenasında radikal fraksiyanın böyük təsirə malik olması təsdiqlənərdi.

Götürək elə Yevgeni Priqojini. O, nəinki vaxtından əvvəl Soledar uğrunda döyüşün bitməsini elan etdi, həm də istədi ki, bütün nailiyyəti özünün və “Vaqner”in hesabına yazsın. Bu, tamamilə absurddur. ”Vaqner” özəl hərbi şirkətdir. Məgər bu qruplaşma Rusiya aviasiyasından və ordusundan üstün ola bilərmi? Ola bilər ki, bu, Afrika ölkələrində mümkün olsun, ancaq Ukrayna cəbhəsində baş tutan iş deyil. Bu nöqteyi-nəzərdən baxsaq, Valeri Gerasimovun təyinatı Putinin mesajıdır və bəllidir ki, kimə!

Əgər Vladimir Putin tənqidçilərin iddia etdiyi kimi Valeri Gerasimovun bacarıqsız olduğunu düşünsəydi, onu komandan təyin edərdimi? Əlbəttə yox. Əslində, Gerasimovun təyinatı köhnə bir qaydanı təsdiq edir. Məlum olduğu kimi, Rusiya həmişə “ənənəvi olaraq” müharibəni pis başlayır. İlk aylar bütün problemlər üzə çıxır (logistika, texnologiya, komandalar arasındakı əlaqələr...). Bir ilə yaxındır gedən döyüşlər nəticəsində bu problemlərdən çoxu aradan qaldırılıb.

Elə buradan nəticə çıxarıb deyə bilərik ki, Aleksandr Dvornikov və Sergey Surovikinin qarşısında ən mürəkkəb tapşırıqlar qoyulmuşdu. Onlar ən çətin dövrlərdə Rusiya ordusuna komandanlıq ediblər.

Sərt xəttin tərəfdarı kimi tanınan rusiyalı hərbi ekspert İqor Korotçenko deyir ki, Vladimir Putinin Valeri Gerasimovu komandan təyin etməsinin səbəbi Ukraynanın Qərbdən ağır zirehli texnika almasıyla bağlıdır. Bundan sonra Ukrayna Qərbdən Piyadaların Döyüş Maşını və tanklar alacaq.

Qeyd edilir ki, Valeri Gerasimovun gəlişi ilə Rusiya Federasiyasının Ukraynadakı döyüşlərdə ən təhlükəli silahlardan istifadə etməsi ehtimalı artır. Korotçenko deyib: ”Gerasimovun təyin edilməsi o anlama gəlir ki, Rusiya Federasiyası arsenalındakı bütün məhvetmə vasitələrini tətbiq edə bilər”.

Korotçenko bu silah növlərini sadalamasa da, aydındır ki, o, nüvə silahını nəzərdə tutub.

Amma gəlin bir qədər geriyə qayıdaq. Vladimir Putin 2012-ci ildə köhnə dostu Sergey Şoyqunu Müdafiə naziri təyin edəndən üç gün sonra Valeri Gerasimov Baş Qərargah rəisi vəzifəsinə gətirildi. Maraqlıdır ki, onların hər üçündə də nüvə çantası var və bunun köməyilə nüvə zərbəsi vurmaq olar.

Valeri Gerasimov Krımın 2014-cü ildə Ukraynadan qoparılmasında və Suriyadakı müharibədə Bəşər Əsədin dəstəklənməsində mühüm rol oynayıb.

Müəyyən mənada Valeri Gerasimov müəmmalı fiqurdur. O, hərdən həftələrlə ortalıqda görünmür və hətta keçən il Moskvada keçirilən Qələbə paradında iştirak etməmişdi. İndi isə o, Ukraynadakı kampaniyaya birbaşa komandanlıq edəcək. Gerasimov həmçinin, ABŞ-la mühüm hərbi məsələlər üzrə danışıqlar aparır. Bu danışqlarda hər iki tərəf Rusiya və ABŞ arasında təsadüfi silahlı münaqişədən necə qaçılması məsələsini müzakirə edirlər.

Rusiya Federasiyası son bir neçə ay ərzində əlavə qüvvələr səfərbər edib, onları döyüşə hazırlayıb. Ukraynanın Valeri Zalujnı kimi yüksək vəzifəli generalları hesab edirlər ki, Rusiya hansı istiqamətdənsə iri miqyaslı hücuma hazırlaşır. Bəlkə hətta yenidən Kiyevə hücum edildi.

Əgər sərtlik və amansızlıq barədə danışsaq, bu mənada birinci planda Yevgeni Priqojin, Ramzan Kadırov, həmçinin təzəcə vəzifəsi salınmış Sergey Surovikin dayanır. Amma Valeri Gerasimov başqa tipli hərbi rəhbərdir. O, Rusiya hibrid müharibəsinin rəmzidir. Gerasimov “yaşıl adamlar” layihəsini realladırmışdı və nəticədə 2014-cü ilin yazında Rusiya Federasiyası Krımı nəzarət altına ala bilmişdi. Buna bənzər vəziyyətin təkrar olunması indi mümkündürmü? Sürpriz hazırlanırmı?

Bugünkü şərtlər yeddi il öncəkindən çox fərqlənir. Valeri Gerasimov artıq uğursuzluğa yol verə bilməz. O, on il ərzində bu ana hazırlaşıb və indi ondan çox şey asılıdır, bəlkə də müharibənin müqəddəratı da!”

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar