Prezident İlham Əliyev noyabrın 14-də fərman imzalayaraq qrant müqavilələrinin qeydiyyata alınmasının yeni qaydalarının qüvvəyə minməsini qeyri-müəyyən vaxta saxlayıb.
“Media forum” saytı xatırladır ki, İlham Əliyevin iyulun 24-də imzaladığı fərmanla qrant müqavilələrinin qeydiyyata alınması qaydaları noyabrın 1-dən ləğv edilib. Həmin fərmana görə, Nazirlər Kabineti qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınmasının yeni qaydalarını hazırlamalı və yeni qaydalar noyabrın 1-də qüvvəyə minməli idi. 14 noyabr fərmanı ilə prezident iyulun 24-də imzaladığı fərmanın həmin hissəsini, yəni qrant müqavilələrinin qeydiyyata alınmasının yeni qaydalarının noyabrın 1-dən qüvvəyə minməsi müddəasını ləğv edib.
Noyabrın 1-də ləğv olunan qaydalara görə, müqavilələrin (qərarların) qeydiyyata alınmasını qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir.
Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz.
Müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin (qərarın) surətini qeydiyyata aldırmaq üçün qeyri-kommersiya hüquqi şəxslər Ədliyyə Nazirliyinə, dini təşkilatlar və qurumlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, kommersiya hüquqi şəxslər İqtisadiyyat və Sənaye Nazirliyinə ərizə ilə müraciət etməlidir.
Ərizəyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti də əlavə olunur.
Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi ərizə və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verir.

Şərhlər