BMT "İslam Dövləti" (İŞİD) terror təşkilatının Suriyada törətdiyi cinayətlər barədə ilk dəfə olaraq, hesabat yayıb.
SalamNews-un "Al-Jazeera"ya istinadla verdiyi xəbərə görə, ümumdünya təşkilatının Suriyada İstintaq işləri üzrə komissiyasının ilk dəfə hazırladığı hesabatda deyilir ki, terror təşkilatı ələ keçirdiyi Suriya torpaqlarında insanlıq əleyhinə saysız cinayətlər törədib.
Bildirək ki, ötən gün təqdim edilən və təkfirçi qrupların Suriyada törətdiyi dəhşətlərin dəqiq təsvirini verən hesabata əsasən, İŞİD üzvləri ələ keçirdikləri məntəqələrdə qətliam, başkəsmə, işgəncə və qadınlara qarşı cinsi zorakılıq kimi dəhşətli cinayətlər törədiblər.
"Təşkilat komandirləri bu cinayətləri məqsədli şəkildə törədiblər. Onlar mülki şəxs olduqlarını, qeyri-döyüşçü statusu daşıdıqlarını bildikləri insanlar üzərinə belə hücum ediblər. İŞİD üzvlərinin hər biri bu cinayətlərə görə fərdi şəkildə məsuliyyət daşıyır.", - hesabatda deyilir.
Komissiya sadalanan cinayətlərdə təqsirli olanların Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılmalarına çağırıb.
Qeyd edək ki, hesabatın hazırlanmasında İŞİD zülmündən qaçan 300 suriyalının sözlərindən, təşkilat üzvlərinin yaydıqları foto və videogörüntülərdən istifadə olunub.


Şərhlər