Sahibkarlar üçün nəzərdə tutulan 2 güzəştin müddəti bitdi – Bu, onların xərclərinə nə qədər təsir edəcək?

Son illər Azərbaycanda aqrar sahənin maddi-texniki təminatının yaxşılaşdırılması və bu sahədə istehsal xərclərinin azaldılması məqsədilə idxal edilən istehsal vasitələri ilə bağı bir sıra güzəştlər tətbiq edilir. Daha dəqiq desək, söhbət ötən ilin may ayında Nazirlər Kabinetinin (NK) qərarı ilə xaricdən idxal edilən bir sıra heyvan yemlərinin gömrük rüsumundan azad edilməsindən gedir.

Belə ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarıyla “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilmiş, Azərbaycana idxal edilən heyvan yemləri və əlavələri 15 faiz gömrük rüsumundan azad edilmişdi.

Bu qərar kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsi ət, süd və yumurta istehsalında idxalı əvəzetmə baxımından oduqca əhəmiyyətli idi. Həmçinin gömrük rüsumunun ləğvi, heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin və istehsal olunan aqrar məhsulların qiymətinin sabit qalmasına səbəb oldurdu. Lakin sözügedən qərar ötən ilin 31- dekabr tarixinədək qüvvədə idi. Yəni, artıq cari ildən xaricdən idxal olunan yem məhsullarına gömrük rüsumu tətbiq edilir.

Ekspertlər hökumətin fermerləri dəstəkləyən addımlarla bazara birbaşa deyil, dolayı mexanizmlə təsir etməsini uğurlu addım hesab edirlər. Ekspertlərin proqnozlarına əsasən, yem və yem əlavələrinə gömrük rüsumunun tətbiq edilməsi, gələcəkdə aqrar məhsulların qiymətinin artmasına səbəb ola bilər. Hər halda yeni ilin ilk günlərindən ət məhsullarının bahalaşmasını, bu proqnozların ilkin siqnalları kimi qiymətləndirmək yanlış olmazdı.

Təbii ki, qiymət artımı sıravi vətəndaşlar kimi, fermerləri də qane etmir. Hər gün artan istehsal xərclərinin üzərinə əlavə olaraq bir də bu rüsumun gəlməsi onların işini xeyli çətinləşdirir.

Yeri gəlmişkən, onu da xatırladaq ki, ötən il NK-nin bir sıra yem məhsullarının istehsalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı verdiyi qərarın da müddəti car ilin 1 yanvar tairixində başa çatıb. Artıq sahibkarlar 2023-cü ildən etibarən yem məhsullarıyla bağlı həm ƏDV, həm də gömrük rüsumu ödəyəcəklər.

Bu barədə bir qrup yerli sahibkar “AzPolitika.info” vasitəsilə Prezidentə müraciət edərək, hazırda qlobal bazarda qeyri-sabit mühitin olduğunu, yem məhsullarının kəskin bahalaşmasına səbəb olan Rusiya-Ukrayna savaşının hələ də davam etdiyini əsas gətirərək, sözügedən güzəştin müddətinin uzadılmasını xahiş edirlər.

Sahibkarlar Rusiya-Ukrayna müharibəsi fonunda, yem qiymətlərinin 60%-ə qədər bahalaşdığını bildirirlər. Gömrük rüsumunun istehsal xərclərini artıracağını bildirən sahibkarlar, istehsalatda bir sıra problemlərin yaşanacağını və bunun bazardakı qiymətlərə təsir edəcəyini deyirlər.

Məlumat üçün qeyd edək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çoxdur. Digər tərəfdən Azərbaycan özünü heç bir halda qüvvəli yemlərlə təmin edə bilmir. Çünki həm torpaqların zənginliyi, həm də su resursu baxımından bu mümkün deyil.

Statistik məlumatlara əsasən, hazırda ölkədə yem təminatında 70%-ə qədər xaricdən asılılıq mövcuddur. Azərbaycanda demək olar ki, soya əkilmir. Ən çox asılılıq isə buğdadadır. Eyni zamanda Azərbaycanda heyvanlar üçün vitamin minaral kompleksləri, premikslər ümumiyyətlə istehsal edilmdiyindən, yanlız xaricdən gəlir.

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, yem məhsullarına və yem əlavələrinə tətbiq edilən gömrük güzəştləri 5-15 faiz aralığında müəyyən edilmişdi: “Bu siyahı çox böyük və heyhanların yemə olan təlabatı müxtəlif olduğundan dəqiq hesablamalar aparmaq bir qədər çətindir. Məsələn, ola bilsin ki, hansısa yem məhsuluna 15 faizlik güzəşt tətbiq edilsin, ancaq həmin heyvanın istehlak etdiyi yemin miqdarı az olsun və ya bunun əksinə 5 faiz güzəşt edilən yemə təlabat daha böyük olsun.

Bildiyiniz kimi, heyvandarlıqda istifadə edilən yemlər xərclərin 65-70 faizini təşkil edir. Yerdə qalan 30-35 faizlik hissəyə isə avadanlıq, daşıma, satış, istehsal və digər bu kimi xərclər daxildir. Ancaq qeyd etdiyimiz kimi xərclərin əhəmiyyətli hissəsini yem məhsulları təşkil edir. Həmçinin yem komponentlərinin əhəmiyyətli hissəsi xaricdən idxal edilir. Bura – soya, qarğıdalı, arpa, buğda, bioloji inqlidentlər və digər yemlər daxildir”.

Ekspert qeyd edir ki, xaricdən idxal edilən yem məhsullarına gömrük rüsumunun tətbiq edilməsi sahibkararın xərclərini artıracaq:“Sözügedən qərarın müddəti bitdiyi üçün yem idxalı zamanı sahibkarlar məcburən bu xərci qarşılayacaqlar. Məsələn, 1 kiloqram ətin 70 faizi yemdən ibarətdirsə, idxal faizinin minimum yəni, 5 faiz artacağını nəzərə alsaq, bu, istehsal olunan məhsulun maya dəyərinin 2 faiz bahalaşmasına səbəb olacaq. Əgər gömrük rüsumlarıyla bağlı güzəştlərin müddəti uzadılarsa bu, sahibkarlara istehsal etdikləri məhsulun maya dəyərini azaltmağa imkan verəcək”.

Ekspert xatırladır ki, yem məhsullarının qiyməti 2022-ci ilin ikinci yarısında bir qədər ucuzlaşıb: “Buğda, arpa soya və digər kompenentlərin qiymətində bir qədər uzcuzlaşma baş verib. Bunu dünya ərzaq təşkilatının qiymət indeksində də görmək olar. Hesab edirəm ki, yem komponentlərinin qiymətinin ucuzlaşması sahibkarların ödəyəcəkləri gömrük rüsumunu kompensasiya edə bilər. İndiki məqamda bu qərar hansısa qiymət artımına səbəb olmayacaq. Ancaq daha əvvəl də qeyd etdiyimiz kimi, gömrük rüsumunun azaldılması fonunda, gələcəkdə sahibkarın satdığı məhsulun qiyməti ucuzlaşa bilərdi”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşfiqi" mövzusunda hazırlanmışdır.


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar