Berlin Polşanın Ukraynaya Almaniya istehsalı “Leopard” tankları göndərməsinə icazə verməyə hazırdır.
“AzPolitika.info” “Azadlıq radiosuna istinadla bildirir ki, bunu Xarici işlər naziri Annalena Baerbok yanvarın 22-də deyib. Bu açıqlamadan öncə isə Polşanın Baş naziri Mateuş Moravieski Berlinin bu qərara qarşı çıxmasını sərt tənqid edib.
Almaniyanın daha öncəki mövqeyi beləydi ki, Birləşmiş Ştatlar “Abrams” döyüş tankları göndərməyincə, NATO üzvləri də Ukraynaya “Leopard” verməsin. Berlin bu mövqeyinə görə sərt tənqid olunurdu.
“Bizə bu sualı versələr, buna qarşı çıxmayacağıq”, – Baerbok Parisdə Fransa-Almaniya sammitindən sonra LCI televiziyasına deyib.
Moravieski daha öncə “PAP” agentliyinə deyib ki, Almaniyanın münasibəti qəbuledilməzdir, Ukraynanın müttəfiqləri tank göndərmək məsələsini götür-qoy etdiyi bir vaxtda bu ölkədə Rusiyanın hücumlarından günahsız adamlar ölür.
Almaniya həmçinin Baltik ölkələri Latviya, Estoniya və Litvanın təzyiqilə üzləşib. Yanvarın 21-də bu üç ölkə Almaniya rəhbərliyinə birgə çağırış edərək Ukraynaya döyüş tankları göndərməyi sürətləndirməyə çağırıb.
Almaniyanın Müdafiə naziri Boris Pistorius Baerbokun bəyanatını təsdiqləməsə də, deyib ki, tezliklə tanklarla bağlı qərar olacaq. Almaniyanın Kansleri Olaf Şolts isə qeyd edib ki, indiyədək Ukraynaya bütün silahlar Qərb tərəfdaşları ilə sıx koordinasiya olunaraq göndərilib. “Bunu gələcəkdə də edəcəyik”, – o vurğulayıb.
ABŞ-da aparıcı konqresmenlərdən biri isə çıxılmaz vəziyyətin həllindən ötrü simvolik sayda “M1 Abrams” döyüş tankları göndərmək tərəfdarı olduğunu söyləyib.
“Biz “Abrams” göndərəcəyimizə təminat verməsək, Almaniya bircə tank belə göndərməyəcək”, – ABŞ Nümayəndələr Palatasının Texasdan olan respublikaçı üzvü Maykl Makkol CNN-ə deyib.
“Bunu açıq şəkildə etsək, xeyli sayda “Leopard” tankları göndərilə bilər, çünki Almaniyanın verdiyi tankların göndərilməsinə icazə gözləyən 10 belə ölkə var”, – konqresmen söyləyib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi təhlilçisi Mark Kankian da düşünür ki, Almaniyanın “Leopard”la bağlı təsdiqindən ötrü Birləşmiş Ştatlar az sayda “M1 Abrams” yollaya bilər.
Onun sözlərinə görə, bu halda Ukrayna bir neçə ay ərzində NATO üzvlərindən 100-150 “Leopard” əldə edə bilər. İndiyədək 2 minə yaxın “Leopard” istehsal olunub.
Kankian “Azadlıq” radiosuna deyib ki, hazırda Ukraynaya Britaniyadan 14, Polşadan 15 tank göndərilməsi müzakirə olunur ki, bunun da təsiri böyük olmayacaq. “Miqyas vacibdir. Məncə, 100, 150 tankla döyüş zonasında dəyişiklik yaratmaq olar. Vəziyyət kəskin dəyişməyəcək, ancaq onların silahlı qüvvələrinin daha effektiv olacağını görəcəksiniz”, – o vurğulayıb.
Palatada Xarici əlaqələr komitəsinin sədri olan Makkol qeyd edib ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı müharibəyə komandan təyin etməsi o deməkdir ki, Rusiya Donbasdakı şərq cinahında böyük hücuma hazırlaşır və tanklar bunun qarşısını ala bilər.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə yanvarın 22-də “Teleqram”da yazıb ki, Kiyevə vəd olunan əlavə silahlar Ukraynadakı müharibəni yeni səviyyəyə qaldıra, bu isə “qlobal fəlakət”ə səbəb ola bilər.
“AzPolitika.info”


Şərhlər