UKRAYNADA İSTEFA DALĞASI – 5 vilayət rəhbəri və nazir müavinləri istefaya göndərildi

Son günlər Ukrayna mətbuatında Volodimir Zelenski hakimiyyətində ciddi istefalar gözlənildiyinə dair məlumatlar yayılırdı. Bu gün həmin xəbərlər öz təsdiqini tapıb.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bir neçə nazir müavininin vəzifəsindən azad edilməsilə bağlı qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçuk məlumat verib.

Məlum olub ki, Müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov, Sosial Siyasət nazirinin müavini Vitali Muzıçenko, Ərazi İnkişaf nazirinin iki müavini - İvan Lukerya və Vyaçeslav Nepoqoda tutduqları vəzifədən azad ediliblər.

Məlumat üçün bildirək ki, Müdafiə nazirinin müavini V.Şapovalovun istefası Müdafiə Nazirliyində korrupsiyaya yol verildiyinə dair iddialar fonunda baş verib. Nazirliyin maddi təminat məsələlərinə görə cavabdeh olan Şapovalov hərbçilərə alınan ərzaqların qiymətinin şişirdildiyinə dair mətbuatda dərc edilən iddialara cavab olaraq, istefa ərizəsi yazıb. Nazirlik isə bu iddiaların həqiqəti əks etdirmədiyini bəyan edərək, hüquq-mühafizə orqanlarının yoxlamaları üçün açıq olduqlarını bildirib. Məsələ ilə bağlı Nazirlər Şurasına müraciət edən Müdafiə naziri Aleksiy Reznikov bunları deyib: “Yalan ittihamlara baxmayaraq, Vyaçeslav Şapovalovun istefa ərizəsini təqdim etməsi Avropa və demokratik siyasət ənənələrində dəyərli aktdır və müdafiə maraqlarının istənilən kabinet və ya kreslodan yüksək olduğunu nümayiş etdirir. Ukrayna Müdafiə Nazirliyi hesab edir ki, belə bir addım cəmiyyətin və beynəlxalq tərəfdaşların etimadını qorumağa, əlavə açıqlamalar və mümkün araşdırmalar zamanı qərəzsizliyi təmin etməyə kömək edəcək”.

Eyni gündə Ukraynanın 5 vilayət administrasiyasının rəhbəri də istefaya göndərilib. Bunlar Dnepropetrovsk, Zaporojye, Kiyev, Sum və Xerson vilayətlərinin rəhbərləri olub.

Bu günlərdə həmçinin, Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko və Prezident Ofisinin müşaviri Aleksey Arestoviç də istefa veriblər. Ukrayna Baş prokurorunun müavini Aleksey Simonenko isə Volodimir Zelenskinin xəbərdarlığına baxmayaraq, yeni ili ölkə xaricində - İspaniyada qeyd etdiyi üçün istefaya göndərilib.

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak son kadr islahatlarını şərh edərkən bildirib ki, hər kəs müharibə zamanı öz məsuliyyətini dərk etməlidir və bu dəyişikliklər ictimai tələbin nəticəsidir. “Müharibə zamanı hər kəs öz məsuliyyətini dərk etməlidir. Prezident toplumu görür və eşidir. Bunun əsasında da ictimaiyyətin tələblərinə cavab verir”.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar