“Media forum” saytı xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko sərəncam imzalayaraq Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin Donbasla bağlı qərarını qüvvəyə mindirib.
Noyabrın 15-də qüvvəyə minən qərar Donbasın xüsusi statusu haqda qanunun ləğvini nəzərdə tutur.
Sentyabrın 16-da Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun göndərdiyi layihəyə baxaraq Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanun qəbul edib.
Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır.
Başqa müddəalara görə, dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir, ictimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tutur.
Noyabrın 2-də Ukrayna Ali Radasında Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqda qanunun ləğvini nəzərdə tutan layihə qeydiyyatdan keçib.
Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçılar noyabrın 2-də seçki keçirib. Donetsk vilayətində başçı vəzifəsinə Aleksandr Zaxarçenko, Luqansk vilayətində İqor Plotnitski seçilib. Hər iki işğalçı rejimdə qondarma parlamentlərə də səsvermə olub.
Bu ilin fevralında Ukraynada hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Daha sonra şərq vilayətlərində Rusiyanın dəstəklədiyi separatçı hərbi-siyasi qüvvələr baş qaldırıb, Donetsk və Luqansk vilayətlərini müstəqil respublikalar elan edib. İyun ayından Ukrayna Silahlı Qüvvələri hücuma keçərək Donetsk və Luqansk vilayətlərinin bir hissəsini azad edib. Amma Donbasın bir hissəsi, o cümlədən Donetsk və Luqansk şəhərləri işğalçıların əlində qalır.


Şərhlər