ALMAN TANKLARI YENİDƏN “RUS TORPAQLARINDA” – Ukraynanın “Leopard” arzusu gerçəkləşdi

Son günlər Ukrayna müharibəsilə bağlı ən çox müzakirə olunan mövzulardan biri Ukrayna Ordusuna Almaniyanın istehsalı olan məşhur “Leopard” tanklarının verilməsi məsələsidir.

Belə ki, bir neçə aylıq tərəddüdlərdən sonra, nəhayət, Almaniya Kansleri Olaf Şolts tərəfdaş ölkələrin özlərində olan “Leopard” tanklarını Ukraynaya vermələrinə icazə verdi. Bu barədə ilk olaraq, Almaniyanın “Spigel” nəşri yanvarın 24-də məlumat yayıb. Bundan sonra ABŞ-ın ABC NEWS kanalı artıq “Ramştayn”-a aid 12 ölkənin Ukraynaya 100-ə yaxın “Leopard” tankı verməyə hazır olduğunu bildirdi. Buraya Polşa, Finlandiya, Danimarka, Niderland, İspaniya, hətta Portuqaliya da daxildir. Almaniyanın özünün isə 14 tank göndərəcəyi məlum oldu. Bununla yanaşı, ABŞ-ın da Ukraynaya “Abrams” tankları göndərəcəyi məlumdur. Ancaq nədənsə, məhz “Leopard”-lar daha çox müzakirə olunan, ətrafında səs-küy yaranan tanklardır. 

Bəs nədən Ukrayna tərəfi məhz bu tanklara xüsusi önəm verir və onların üstünlüyü nədən ibarətdir?

“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı hərbi ekspert Aleksandr Musienko “Leopard”-ların üstünlükləri barədə danışarkən qeyd edib ki, bu tank Qərb istehsalı olan analoji silahlar arasında Ukrayna landşaftına, relyefinə ən çox uyğun gələn tankdır. Bununla yanaşı, həmin tanklar təkcə sürəti və manevrliyi ilə deyil, həm də heyətin qorunması səviyyəsilə seçilir. Çünki bu tankların çox güclü zirehi var. Almanlar “Leopard”-ı Rusiyanın analoji tanklarına qarşılıq olaraq hazırlayarkən, 4 əsas xarakteristikaya üstünlük veriblər – müdafiə, manevrlik, atəş gücü və atəşin idarə olunması sistemi.

4 heyət üzvü olan “Leopard” 120 mm-lik lüləsi olan topa və iki pulemyota malikdir. İndiyə qədər 2000-dən artıq bu cür tank istehsal olunub. Sözügedən tankların bir üstünlüyü də odur ki, hal-hazırda onların ehtiyat hissələri istehsal olunmaqdadır. Ukrayna üçün vacib olanı isə həm də odur ki, Polşada bu tankların təmir bazası mövcuddur.

Tankın daha bir üstünlüyü onun 5 km məsafəyədək atəş aça bilməsidir. Həmçinin, bu tanklar ilin istənilən fəslində, istənilən hava şəraitində və günün istənilən vaxtında döyüş əməliyyatları aparmağa qadirdir. Modifikasiyasından asılı olaraq, 50-66.5 ton çəkisi olan bu tanklar Ukrayna torpaq örtüyündə problem yaratmır. Həmçinin, saatda 72 km sürət yığan (“T-72”-də sürət saatda 60 kilometrdir) “Leopard” etibarlı dizel mühərrikinə malikdir ki, bu da onun üstünlüklərindən biri sayılır.

Bundan başqa, “Leopard”ların içərisi rus tankları ilə müqayisədə daha geniş və komfortludur. Atəş qabiliyyəti və atəşin idarə olunması sistemi daha mükəmməldir. O da qeyd olunur ki, məsələn, ABŞ tanklarından fərqli olaraq, “Leopard”-ın idarə olunması daha asandır və yüksək motivasiyalı Ukrayna hərbçiləri yaz aylarına qədər bu tankları idarə etməyi bacaracaqlar. Rusiya tanklarının çoxundan fərqli olaraq, “Leopard”lar qaranlıqda və sıx meşəliklərdə teplovizor vasitəsilə döyüş aparmaq qabiliyyətinə malikdir. Həmçinin, tankın kompüterləşmə səviyyəsi rus tankları ilə müqayisədə çox-çox yüksəkdir. Bundan başqa, Almaniya və ABŞ tankları Rusiya tanklarından fərqli olaraq, dronlara qarşı daha yaxşı müdafiə olunurlar.

Bütün bu göstəricilər “Leopard”ı Ukrayna üçün əvəzsiz tank edir. Xüsusilə də Melitopol-Berdyansk istiqamətində əks-hücuma hazırlaşdığı bildirilən Ukrayna Ordusunun məhz bu cür tanklara və PDM-lərə ehtiyacı var. Lakin son günlərə qədər Almaniya bu tankları verməkdə tərəddüd edirdi. Bunun əsas səbəblərindən biri kimi həm də o göstərilirdi ki, Rusiyada İkinci Dünya Müharibəsindən bu yana alman tankları ilə bağlı bir psixoloji travma mövcuddur. Alman tanklarının Rusiya torpaqlarında görünməsi ehtimalını göz önünə gətirmək isə Rusiya-Ukrayna müharibəsini daha da körükləyə bilər. Lakin nəzərə alsaq ki, İkinci Dünya Müharibəsindən fərqli olaraq, bu dəfə Rusiyanın özü işğalçı qismində çıxış edir, o zaman almanların arqumenti qüvvəsini itirir. İşğalı və işğalçını dayandırmaq üçün isə istənilən vasitələrdən istifadə edilməsi məqbul sayılır və bu gedişlə doğrudan da alman tankları Rusiyanın özününkü hesab etdiyi və elan etdiyi torpaqlarda görünəcək. Çünki Kreml Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini öz ərazisi elan edib. Həmin ərazilərin isə əhəmiyyətli hissəsi Ukraynanın nəzarəti altındadır. İndi “Leopard”lar üçün bu ərazilərə gedən yol artıq açıqdır...

Beləliklə, “Ramştayn”-a daxil olan ölkələr Ukraynaya 100-ə qədər, Almaniya özü isə 14 “Leopard 2” tankı verəcək. Həmçinin, Böyük Britaniya 14 “Çelenger” tankı, ABŞ 30-a yaxın ”Abrams”, eləcə də Polşa “T-72” tanklarından və PDM-lərdən ibarət bir briqada verir. Bütün bunlar üst-üstə demək olar ki, general Valeri Zalujnının tələb etdiyi saya yaxın hərbi texnika deməkdir...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Turan 2023-01-26 09:03:03

Vətəndaşa: Çünki erməni dikbaşlığının, rus reketliyinin sonu bu müharibədən asılıdır

Vətəndaş 2023-01-25 22:58:10

Niyə bu qədər sevinirsiz...........

ukraynalı 2023-01-25 20:17:27

Silah-sursatlar və hərbi texnikalar xeyirli olsun! Bütün işğal olunmuş Ukrayna ərazilərinin azad olunması arzusu ilə!

Son yazılar