İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkəmizin İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.
Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb.
İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.
Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.


Şərhlər
Hər hansı bir ölkə düşmən niyyətini açıqca bəyan edirsə onun səfirini "arzuolunmaz şəxs" hesab edib xoruzunu verərlər qoltuğuna və diplomatik əlaqələr bitər o ölkəylə.Bu bütün dünyada belədir.Biz niyə belə yox eləyik görəsən?Mən siyasətçi deyiləm,amma azı iki ildir deyirəm ki,İranla bütün diplomatik əlaqələri kəsmək lazımdır,bunu sıravi adamlar bilirsə siyasətçilər bilmirlərmi?Vaxtında Tehrandakı və Fransadakı səfirliyimizi qapatmalıydıq.Budur,indi İrandakı səfirliyimizin bütün əməkdaşlarını geri çağırmağa və “qeyri-müəyyən müddətə” səfirliyimizin bağlanacağını elan etməyə tam haqqımız var.Nəinki dünyada,heç İranın özündə də artıq bizi qınayammazlar buna görə.İllərlə deyə bilərik ki,hələlik səfirliyimizin təhlükəsizliyinə tam zəmanət verilməsinə inanmırıq.Vəssalam.Əlbəttə ki,düşmən ölkədə səfirliyimiz fəaliyyətini davam etdirəndə belə terrorlar,faciələr qaçınılmazdır.Bunu bilməliydik,o boyda Milli Məclisimizdə cəmisi ay yarım əvvəl moped və skuterlərə nömrə qoymağın vacibliyindən danışarkən düşmən ölkədə səfirliyimizin bağlanmasının vacibliyini də yada salmalıydıq.Onda bu faciə baş verməzdi.İranda səfirliyimiz olmasaydı nəyimizə hücum edəcəklərdi?.Allah şəhidimizə rəhmət eləsin,ailəsinə səbr versin.