“HÜCUM ÖNCƏDƏN HAZIRLANIB, HƏR BİR DETAL NƏZƏRƏ ALINIB...” – “İran çoxdandır Azərbaycana qarşı müharibə aparır”

Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücum Bakı-Tehran münasibətlərində qırılma nöqtəsi ola bilər. 44 günlük Vətən müharibəsindən sonra molla rejimi bütün platformalarda anti-Azərbaycan mövqeyi ortaya qoyur, Ermənistanla daha çox yaxınlaşır, onu ürəkləndirir, öz ölkəsi daxilində Azərbaycana qarşı radikal informasiya siyasəti həyata keçirir.

Azərbaycan səfirliyinə edilən hücum İranın Azərbaycana qarşı son illərdə apardığı siyasətin mahiyyətinə uyğundur. Azərbaycan səfirliyinə hücumla İranın nəyə nail olmağa çalışdığı, məqsəd və məramının nədən ibarət olduğu sualı isə açıq olaraq qalır.

“AzPolitika.info” bu mövzunu professor Qulu Məhərrəmli ilə nüzakirə edib.

- Qulu müəllim, İranın anti-Azərbaycan siyasəti mahiyyət etibarı ilə Tehrandakı səfirliyimizə hücumun təsadüfi olmadığı qənaətini yaradır. Siz Azərbaycanın rəsmən terror aktı adlandırdığı bu hücumu necə qiymətləndirirsiniz?

- Beynəlxalq konvensiyaya görə hər bir ölkə öz ərazisində fəaliyyət göstərən səfirliklərin mühafizəsinə və təhlükəsizliyinə görə cavabdehdir. Bu, Cenevrə Konvensiyasına əsasən götürülən öhdəlikdir. Üstəlik, səfirlik onun məxsus olduğu dövlətin ərazisidir, orada çalışan diplomatlar isə toxunulmazdır.

İndiki halda Azərbaycan səfirliyinə qarşı edilən hücum silahlı basqın və terrordur. Baxmayaraq ki, rəsmi Tehran bunu müxtəlif səbəblərlə izah etməyə, eləcə də məişət zəminində baş verən olay kimi təqdim etməyə çalışır, bütün bunlar inandırıcı deyil. Əslində, ortaya salınan adamın hansısa məişət zəminində problemi olmuş olsa belə, onun üzərində xüsusi iş aparılır, terror təşkilatları həmin şəxsin üzərində işləyir və s. Ona görə, burada heç bir bəhanə keçərli deyil, bu, birmənalı şəkildə İranda daxili ziddiyyətlərin, regionda gedən proseslərin, Azərbaycanın artmaqda olan rolunun Tehran tərəfindən qıcıq və isterika ilə qarşılanmasının nəticəsidir. Biz bunu birmənalı terror aktı kimi qiymətləndirir, hesab edirik ki, İran buna görə Azərbaycandan yalnız üzr istəməli deyil, eyni zamanda bu hadisənin səbəbkarları və iştirakçılarını qısa müddətdə araşdırıb üzə çıxarmalıdır.

- İran tərəfinin terror hücumundan dərhal sonrakı qiymətləndirməsi – hadisəni məişətə bağlamaq cəhdi obyektiv araşdırma ehtimalını aradan qaldırmadımı?...

- Ortaya qoyulan videolar onu deməyə əsas verir ki, bu terror hücumu əvvəlcədən planlaşdırılan, müəyyən şəbəkə tərəfindən hazırlanan, detalları işlənən ssenarinin tərkib hissəsidir. Ona görə də, terrorçu çox rahat şəkildə İran polis postunu keçib. Səfirliyin önündə həm avtomobil qəzası yaradıb, həm də səfirliyə soxulub. İran polisi də bu olayı sakit şəkildə izləyib. Bunlar onu deməyə əsas yaradır ki, səfirliyə hücum öncədən hazırlanıb, hər bir detal nəzərə alınıb. İran çox gözəl bilir ki, beynəlxalq səviyyədə bu addımın mahiyyəti nədir. İran bu olayı öz mediası vasitəsilə terror aktı deyil, sadəcə məişət hadisəsi, hansısa fərdin özəl problemi kimi çatdırmağa çalışır. Bunlar da inandırıcı deyil. Terroru törədən cinayətkarın dərhal televiziya kanalına çıxarılması hadisənin mahiyyətinin ötr-basdır edilməsinə hesablanmışdı. Bizdə də bəzi sosial şəbəkə iştirakçıları bunu bəh-bəhlə şişirtməyə çalışır, hadisəni məişət olayı kimi təqdim etməyə cəhdlər edirlər. Bir daha vurğulayıram ki, bu, terror aktıdır və öncədən planlaşdırılıb. Heç bir terrorçunu çox asanlıqla televiziya ekranına çıxarmırlar. Bu, göstərir ki, İranın indiki rejimi baş verən hadisənin mahiyyətini dəyişməyə, yanlış məlumat verməyə və olayları qabaqlamağa çalışır. Qətiyyən belə deyil, İran hakimiyyəti törədilən cinayəti açmalı və Azərbaycan qarşısında izahat verməlidir.

- Sizcə, bu hadisəni törətməkdə məqsəd və niyyət nədir?

- Əvvəla, bunun siyasi aspekti var. Bilirsiniz ki, regionda gedən proseslər nəticəsində Azərbaycan Cənubi Qafqazda əsas oyunçulardan biri kimi çıxış edir. Azərbaycan müstəqil siyasət yeridir, İran, Rusiya və Türkiyə ilə qarşılıqlı münasibətləri qoruyub saxlamağa, eləcə də inkişaf etdirməyə çalışır. Nəticədə, Azərbaycanın davranışları İranı qıcıqlandırır. Azərbaycan hazırda Avropaya qaz verən ölkələrdən biridir. Düzdür, bu qazın miqdarı böyük deyil, amma Azərbaycan alternativ mənbə kimi özünü göstərə bilir. Avropada da bunu müsbət qiymətləndirirlər. Bu isə həm İranın, həm də Rusiyanın maraqlarına toxunur.

İkincisi, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına cəhd edir. Eləcə də ümumilikdə Azərbaycanın Türkiyə ilə maraqları bir-birini tamamlayır. Regionda Rusiyanın maraqları və təsiri təbii şəkildə sıxışdırılır. Bu da qıcıq yaratmaya bilməz.

Üçüncüsü, səfirliyimizə qarşı hücum İranın öz daxilində gedən proseslərlə bağlı ola bilər. Çünki İranda müxtəlif qüvvələr, hərbi cərəyanlar var. Onların qarşıdurmasının nəticəsi kimi də bu olay ortaya çıxa bilər.

Nəhayət, bununla Azərbaycanı qorxutmaq, onu şantaj etmək, apardığı siyasətdən çəkindirmək, xüsusilə Avropa ilə əlaqələrini məhdudlaşdırmaq, Türkiyə ilə genişlənən münasibətlərin qarşısını almaq niyyəti də ola bilər. Bunlar ciddi məsələlərdir. Hesab edirəm ki, bu da motivlərdən biridir.

- Tehrandakı səfirliyimizə edilən hücumdan sonra Azərbaycan tərəfinin davranışları hadisəyə nə dərəcədə adekvat oldu?

- Hesab edirəm ki, Azərbaycan son vaxtlarda İranla bəlli səviyyəyə qədər həqiqətən dialoq dili ilə danışırdı. Baxın, baş verən hadisələrin mahiyyətindən asılı olmayaraq, Azərbaycan bütün ölkələrlə qarşılıqlı anlaşma əldə etdiyi kimi, İranla da bu formada dialoq qurmağa üstünlük verirdi. Azərbaycan Prezidenti səfirliyimizə qarşı hücumu birmənalı olaraq, terror adlandırdı. Bəlkə də Azərbaycan tərəfinin bu hadisədən sonrakı mövqeyi terroru planlaşdıranlar üçün gözlənilməz oldu. Onlar bəlkə də düşünürdülər ki, buna qarşılıq olaraq İranın Bakıdakı səfirliyinə hücum edilə, məsələlər böyüyə, qarşılıqlı şəkildə qətllər ola bilər. Bununla da Azərbaycanı silahlı təxribata çəkmək mümkün olardı. Hesab edirəm ki, Azərbaycan diplomatik mexanizmləri güclü şəkildə işə sala bildi, həm dünya ictimaiyyətinə, həm də yerli ictimaiyyətə lazımi qədər məlumatlar verildi. Eləcə də diplomatik baxımdan lazımi addımlar atıldı. Məsələn, İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olundu, ona etiraz bildirildi və s. Mən düşünürəm ki, bunların hamısı soyuqqanlı şəkildə edilən gedişlərdir. Baxın, bizim səfirliyə hücumla eyni vaxtda Şərqi Qüdsdə silahlılar insanları kütləvi qətlə yetirdi. Baş nazir Netanyahu da ölkəsinin vətəndaşlarına müraciətində bildirdi ki, heç bir halda fərdi qaydada cəzalandırma, emosional addımlar atmağa ehtiyac yoxdur, dövlət özü bununla məşğul olacaq. Göründüyü kimi, dediklərini də edirlər. O baxımdan hesab edirəm ki, Tehrandakı səfirliyimizə hücum Azərbaycanda qəzəb dalğası yaradır. Lakin bu dalğa ayrı-ayrı adamların fəaliyyəti ilə deyil, dövlətin özünün tədbirləri ilə müşayiət olunmalıdır. Bunu da görürük.

- Adətən İranla bağlı bir olay baş verəndə sosial şəbəkələrin Azərbaycan seqmentində iranpərəstlərin meydana çıxması və Azərbaycanı “günahkar” çıxarması kimi hallar müşahidə olunur...

- Təəssüflər olsun ki, sosial şəbəkədə İrana meylli seqment kifayət qədər aktivdir və güclüdür. Özü də bu, uzun müddətdir ortaya çıxıb və müxtəlif qruplar, şəxslər vasitəsilə həyata keçirilir. Mən onların çıxışlarına baxıram. İran mövqeyindən çıxışlar, Azərbaycanı qınamaq cəhdləri var. Yəni, İran Azərbaycan daxilində işləyir. Əslində, İran çoxdandır Azərbaycana qarşı müharibə aparır. Onun mədəniyyətinə, tarixinə, ictimai fikrinə, iqtisadi sisteminə qarşı mübarizə aparır. Azərbaycanda İrana bağlı geniş şəbəkə fəaliyyət göstərir. Belə hadisələr zamanı da həmin şəbəkə fəallaşır. Çoxlarından fərqli olaraq mən buna təəccüb etmirəm. Çünki bu sistem işləyir.

- Siz informasiya savaşından bəhs edirsiniz?

- Bəli, bu, birmənalı şəkildə informasiya savaşıdır. İnformasiya müharibəsinin xüsusi əlamətləri olmur ki... Bir hadisə baş verir, İran həm ondan əvvəl, həm də sonra informasiya qidalanması, psixoloji müharibə həyata keçirir. Bunun da ən yaxşı teatrı sosial şəbəkələrdir. İran bundan təcrübəli şəkildə istifadə edə bilir.

- Bunun qarşısını necə almaq olar?

- Bunun qarşısını almağın müxtəlif yolları var. Hesab edirəm ki, bu, birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinin işidir. Onlar hansı metodlardan istifadə etdiklərini özləri müəyyənləşdirə bilirlər. Eyni zamanda, informasiya qidalanmasını həyata keçirənlərin çoxu saxta profillər vasitəsilə işləyirlər. Onları ortaya çıxarmaq, müəyyən etmək zaman alır, xüsusi yanaşma tələb edir. Hər halda, biz bu təhlükələri görürük. Ayrı-ayrı üzdə olan adamlardan tutmuş aşağı səviyyələrə qədər belə kritik məqamlarda dövlət maraqlarına deyil, İranın maraq və ideologiyasına xidmət edən dəstələr, şəbəkələr var. Hesab edirəm ki, onlar dövlətin təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirilməlidir.

Rasim ƏLİYEV

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar