Güney Azərbaycan İcması yaradıldı - Bəyanat qəbul olundu + FOTOLAR

Bakıda Güney Azərbaycan İcması yaradılıb. Musavat.com bildirir ki, bununla bağlı yanvarın 30-da “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin ofisində tədbir keçirilib. Tədbirdə Güney Azərbaycan İcmasının təsisçisi və sədri, güneyli yazar Sayman Aruz, icmanın Təsisçi Heyəti və İdarə Heyətinin üzvləri Xalq artisti Nürəddin Mehdixanlı, Xalq artisti Siyavuş Kərimli , üzvlər Etibar Azəroğlu (Xalq şairi Balaş Azəroğlunun oğlu), Günaz TV-nin təsisçisi və rəhbəri Əhməd Obalı, həmçinin millət vəkili Musa Qasımlı, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, güneyli yazar Sayman Aruz açaraq qeyd edib ki, Güney Azərbaycan İcmasının yaradılmasında əsas məqsəd vəzifəsindən asılı olmayaraq, dünyada yaşayan güneyliləri bir araya gətirməkdir: “Ötən ilin dekabrın sonunda Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycan İcmasının yeni binasının açılışında çıxışı zamanı bir sıra tarixi mesajlar verdi. İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. Xalqımız gec-tez bu torpaqlara qayıtmalıdır. Hazırda Qarabağ İcması, Qərbi Azərbaycan İcması var və niyə də Güney Azərbaycan İcması olmasın. Çünki dünyaya ən çox da səpələnən elə güney azərbaycanlılardır. Bizim haqqımızdır ki, biz bir yerə toplaşaq, bir-birimizi dinləyək və mahiyyət etibarı ilə dövlətimizin bizim üçün təyin etdiyi müqəddəs hədəflərə doğru irəliləyək, birlikdə hərəkət edək. Bu qədər pərakəndəlik, parçalanma bəsdir, artıq vəhdətin, həmrəyliyin vaxtı çatıb. Ona görə də dəyərli dostlarla qərar verdik ki, Güney Azərbaycan İcması yaradaq. Bu gün hər kəsin vətəndaşlıq borcudur ki, ümumi məsələlər ilə bağlı mütləq şəkildə öz mövqeyini ortaya qoysun.

Onu da qeyd edim ki, yeni yaratdığımız icma siyasi xarakter daşımır. Bizim borcumuz dünyada yaşayan azərbaycanlıların ədəbi, əbədi, mədəni birliyini qorumaq, bu yolda əlimizdən gələni etməkdir. Nə qədər ki, biz bir araya toplaşıb, eyni mövqedən çıxış edib, eyni məqsədə xidmət etməyəcəyik, bir o qədər istədiyimiz hədəflərə çatmaq mümkün olmayacaq. İcmamızın mahiyyəti bundan ibarətdir”.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi də tədbirdə çıxış edərək, bildirib: “Son vaxtlar İranda baş verən hadisələr bizi narahat edir. Buna görə də biz öz fikrimizi, sözümüzü, deməyi bacarmalıyıq, o tayda yaşayan qardaş-bacılarımıza dəstək olmalıyıq. Təsəvvür edin, mənim iki bacım Güney Azərbaycanda yaşayır, lakin son vaxtlar onlarla söhbət edə bilmir, çox ehtiyatla danışırıq, çünki onlara hansısa problemlər yarana bilər. Təbii ki, bu ayrılığa son qoymaq, hərəkət etmək lazımdır. Susmaq olmaz. Hər birinizə güc, qüvvət, uğurlar arzulayıram. Əgər məqsədimiz bəllidirsə, ona nail olmaq lazımdır”.

Güney Azərbaycan İcmasının təsisçilərindən biri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev də çıxış edərək bildirib ki, hazırda dünya azərbaycanlılarının bir yerdə olmasına daha çox ehtiyac var: “Mənə bu icmanın təsisçiləri sırasında olmağı təklif edəndə dərhal razılaşdım. Çünki belə bir gündə hətta güneyli olmasan belə bu sırada olmaq hər kəs üçün şərəfdir. Niyə məhz indi? Çünki bizim bir yerdə olmağımıza indi daha böyük ehtiyac var. Bütün varlığımla bu icmada xidmət edəcəm və rəhbərlik etdiyim Beynəlxalq Avrasiya Mətbuat Fondunun əlaqələrindən də lazımi şəkildə istifadə edəcəyik”.

Millət vəkili Musa Qasımlı da qeyd etdi ki, bu cür icmanın yaradılması milli məsələdir: “Siyasi partiya mənsubiyyəti, mövqeyi önəmli deyil. Çünki Cənubi Azərbaycan bizim ürəyimizin bir parçasıdır. O tayda yaşayan azərbaycanlılar bizim qanımızın, dilimizin daşıyıcılarıdır, biz bir millətik. Və onların taleyinə heç bir zaman biganə qala bilmərik. Burada söhbət siyasi məsələlərdən deyil, ən azı humanitar məsələlərdən gedir. Necə ola bilər ki, bir ölkədə 40-45 milyon azərbaycanlı yaşasın, amma onların ana dilində bir məktəbi olmasın. Belə bir şey dünyanın hansı ölkəsində mövcud ola bilər? Sən 40-45 milyonluq azərbaycanlıya ana dilində məktəb açılmasına icazə vermirsən, çox az sayda olan ermənilərə məktəb icazəsi verirsən? Beləliklə, biz bu məsələlərdə bir olmalıyıq”.

Günaz TV-nin təsisçisi və rəhbəri Əhməd Obalı isə çıxış edərək, Güney Azərbaycanda azərbaycanlılar üçün hələ də öz ana dilində məktəb açılmamasından söz açıb. O, qeyd edib ki, araşdırmalara əsasən hazırda İranda cəmi 20 min erməni yaşayır: “Ermənilər bu qədər az sayda olmaqlarına baxmayaraq, onların hüquqları qorunur, öz ana dillərində məktəbləri var. Amma İran rejimi 40 milyonluq azərbaycanlılar üçün ana dilində məktəb açılmasına icazə vermir. Halbuki, hər kəsin öz yaşadığı yerə qayıtma və özünü təmsil etmə haqqı var. Bu baxımdan Güney Azərbaycan İcmasına uğurlu fəaliyyət arzulayıram”.

Xalq artisti, Güney Azərbaycan İcmasının təsisçilərindən biri Nürəddin Mehdixanlı da çıxış edib: “Biz Qarabağı azad etdik. Amma əslində, bu gün Güney Azərbaycan da işğal altındadır. Fars rejimi dindən silah kimi istifadə edərək, öz məqsədlərinə nail olmağa çalışır. Əgər İran İslam Cümhuriyyəti həqiqətən İslam Cümhuriyyəti olsaydı, 30 ildə heç olmasa bircə dəfə də olsa deyərdi ki, Azərbaycanın müstəqilliyi bizim qırmızı xəttimizdir, onun təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Amma bunu Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə Ermənistan üçün söylədi.

Qərbi Azərbaycan İcması ona görə yaradıldı ki, biz dünyaya çatdıraq ki, biz heç kəsin torpağını işğal etmək fikrində deyilik, amma o torpaqlar bizimdir. Azərbaycanlıların hansısa şəkildə o torpaqlara geri qayıtmaq haqları var, əgər dünyada haqq, ədalət varsa.

Qeyd etdiyim kimi, kimsə qəbul etsə də, etməsə də Güney Azərbaycan bu gün işğal altındadır, orada yaşayan azərbaycanlılara zülm edilir. O tayda insani haqlarından, ana dilində təhsil almaq hüququndan, öz övladına türk adı verməkdən məhrum olmuş 40 milyondan çox azərbaycanlı yaşayır. İran rejimi də bilir ki, nə vaxtsa güneyli azərbaycanlılar azad olacaq, onlardan ayrılacaqlar”.

Tədbirdə həmçinin Etibar Azəroğlu (Xalq şairi Balaş Azəroğlunun oğlu), “İranlı Mühacirlər Cəmiyyəti”nin sədri Fridun İbrahimi, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə çıxış edərək, yeni yaradılan icmaya uğurlar diləyiblər.

Sonda tədbir iştirakçıları bəyanat imzalayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar