ABŞ, NİDERLAND, İSVEÇ, YOXSA... - Ukraynaya hansı ölkələr təyyarə verəcək?

Rusiya-Ukrayna müharibəsi uzandıqca Qərb Ukraynanı daha ağır silahlarla təchiz edir. ABŞ başda olmaqla, Qərb dünyasının Ukraynaya verdiyi hücum silahlarının sayı ukraynalıların sürətli əks-hücum əməliyyatı həyata keçirməsi və ciddi irəliləyiş əldə etməsi üçün hələlik kifayət etmir.

Amma unutmayaq ki, Qərb bir neçə ay bundan öncə Ukraynaya az sayda da olsa “Leopard” və “Abrams” tanklarının veriləməsi məsələsini qəti şəkildə yaxına buraxmırdı. Belə görünür ki, zaman keçdikcə, vəziyyətə uyğun olaraq Ukraynaya veriləcək ağır texnikanın miqdarı da artırılacaq. Ekspertlərin fikrincə, bundan sonrakı mərhələdə Ukraynaya qırıcı təyyarələrin verilməsi məsələsi də gündəmə gətirilərək, həllini tapacaq.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Unian.net” internet portalı “Hansı ölkələr Ukraynaya təyyarə verə bilər?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:

”Prezident Ofisində fevraldakı “Ramştayn görüşü”nün aviasiyaya həsr olunacağına böyük ümidlər bəslədiklərini gizlətmirlər. Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba qeyd edib ki, beynəlxalq tərəfdaşlar artıq Ukraynaya “F-16” reaktiv qırıcılarının veriməsi məsələsi üzərində işləyirlər.

Həqiqətən, əgər Ukrayna Qərb təyyarələri alarsa, o zaman bu, böyük ehtimalla “F-16” qırıcıları olacaq. Çünki bu təyyarə müasir döyüş təyyarələrinin ən geniş yayılmış modelidir. ABŞ-ın “Lockheed Martin” aviasiya şirkəti “F-16” təyyarələrini Ukraynaya verəcək ölkələr üçün istehsalın artırılması planı barədə məlumat yayıb. Yəni, bu şirkət özü Ukraynaya təyyarə göndərilməsini təkilif etməsə də, Ukraynaya təyyarə göndərəcək digər ölkələrdəki anoloji qırıcıların yeni məhsulla əvəzlənməsini təklif edir.

Yaddan çıxarmayaq ki, ”F-16” təyyarəsinin istehsal tsikli iki ildən artıq müddətə başa gəlir. Ona görə də əgər “Lockheed Martin” şirkəti indi sifariş alarsa, yeni “F-16” təyyarəsinin hazır olmasına 2-3 il vaxt sərf edəcək. Odur ki, Ukrayna üçün yeganə variant digər ölkələrin silahlı qüvvələrinin döyüş cərgəsindəki təyyarələri almaqdır.

Bu gün Niderland özünün “F-16” təyyarələrini daha müasir “F-35” təyyarələri ilə əvəzləmək istəyir və deyilən görə, öz “F-16”-larını Ukraynaya verməyə razıdır.

Amma onu da nəzərə almaq lazımdır ki, ”F-16” təyyarəsinin bir neçə modifikasiyası var. Belə ki, Niderlandın silahlı qüvvələrində ən köhnə “F-16A”(bir yerlik) və ya ”F-16B”(iki yerlik) təyyarələri yer alır. Onlar bir neçə dəfə modernləşdiriliblər, amma yenə də müasir sayılmırlar.

Əgər ABŞ Ukraynaya “F-16C” modifikasiyasını verməyə razılaşsa, bu, vəziyyəti tamamilə kökündən dəyişər. Məhz həmin təyyarələr Rusiyaya qarşı müharibədə daha faydalıdır və onlara quraşdırılmış yüksək dəiqiqlikli silahlardan istifadə etməklə yerüstü hədəfləri vurmaq imkanına malikdir. Yəni, bu təyyarələr yerüstü hədəflərə tuşlanma avadanlıqları ilə təchiz olunublar.

Nəzərə alsaq ki, ukraynalı pilotların “F-16” və “F-15” təyyarələrinin idarə edilməsinin öyrənilməsi ilə bağlı ABŞ büdcəsindən pul ayrılıb, deməli, hər halda Amerika Ukraynaya bu təyyarələrin verilməsini planlaşdırıb.

Maraqlıdır ki, bir neçə ay bundan öncə amerikalılar Okinavadan(Yaponiya) iki “F-15” qırcı eskadriliyasını çıxarıblar. Bu, o deməkdir ki, əlliyə yaxın təyyarə Ukrayna üçün əl çatandır. Amma unutmayaq ki, ”F-15” təyyarələri fiziki baxımdan yaşlanıblar. Həmçinin, onlar “xalis qırıcıdırlar” və yerüstü hədəflərə zərbə vurulması üçün nəzərdə tutulmayıblar.

Əlbəttə, nəzəri cəhətdən bu təyyarələr yerüstü hədəfləri də vura bilərlər, lakin bunun üçün idarə edilməyən aviasia bombalarından istifadə olunmalıdır. Bunu hazırda rusiyalılar edir və onlar yüksək texnologiyalı “Su-34” təyyarələri vasitəsilə Ukrayna mövqelərinə idarə edilməyən adi bombalar atırlar. Elə bu səbəbdən də Hava Hücumundan Müdafiə sistemlərinin atəşinə tuş gəlirlər.

Amma onlardan fərqli olaraq, “F-16” təyyarələrinin “C” və “D” modifikasiyaları bir neçə on kilometr uzaqlıqdakı hədəfləri idarə edilən aviabombalardan istifadə etməklə vurmaq qabiliyyətinə malikdirlər. Bu təyyarələr Rusiya HHM-lərinin zonasına daxil olmadan zərbələr endirə bilərlər.

Bundan başqa, yüksək dəqiqlikli silahdan istifadə olunması aviasiyanın fəlsəfəsini dəyişdirir. Əgər əvvəllər bir hədəfin məhv edilməsi üçün nə qədər təyyarənin lazım olduğuna diqqət yetirilirdisə, indi sual verilir ki, bir təyyarə nə qədər hədəf vura bilər. Ona görə də Ukraynaya veriləcək müasir təyyarələrin sayının çox olması artıq böyük önəm daşımaycaq. Şərti olaraq deyək ki, məsələn, indi artıq əlli yox, otuz təyyarə tələb olunacaq.

Bu, nə üçün mühümdür?

ABŞ Ukraynaya kifayət qədər çox sayda təyyarə verə bilər(onların saxlanma anbarlarında bir neçə yüz F-16 təyyarəsi var). Lakin sualı belə qoymaq lazımdır ki, Ukraynanın hava gücləri nə qədər təyyarə qəbul edə bilər? Axı, təyyarələr üçün pilotlar və onlara ximət göstərən heyət lazımdır.

Həmçinın, hansı ölkələrin Ukraynaya qırıcılar verilməsi qərarını dəstəkləmələri məsələsi də vacibdir. Avropa ölkələrinin “F-16” təyyarələrindən istifadə etmə potensialı tədricən tükənir.

Niderland, Norveç və Danimarka onları “F-35” təyyarələri ilə əvəzləyirlər. “F-16” təyyarələrinin müasir modifikasiyalarını Yunanıstanda və Türkiyədə də tapmaq olar. Lakin bu ölkələrin özlərinə də bu təyyarələr lazımdır.

Ekspertlər həmçinin, Ukraynanın İsveç istehsalı olan “Grippen”qırıcıları ala biləcəyini proqnozlaşdırırlar. Bu təyyarələr kifayət qədər yaxşıdırlar, yüngül və çoxfunksiyalıdırlar və həm də onlara xidmət göstərmək asandır.

Variantlar içərisində Ukraynaya Avropanın bir neçə ölkəsinin silahlı qüvvələrində yer alan “Eurofighter” təyyarələrinin verilməsi də var. Amma hər bir halda burada yalnız məhdud sayda təyyarə verilməsindən söhbət gedə bilər.

Bunlardan əlavə, daha bir variant da var ki, onu fantastik adlandıra bilərik. Yada salaq ki, Fransa keçən ilin yazında Ukraynaya müasir artilleriya, sonra isə təkərli tank verən ölkədir. Ona görə də biz “Rafale” qırıcılarının alınmasından da bəhs edə bilərik. Fransanın Ukraynaya qırıcı tıyyarələr verməsi istisna olunmur. Çox böyük ehtimalla Ukrayna “F-16” qırıcılarını ilk olaraq Niderlanddan və ya ABŞ-dan alacaq.

Pentaqon bəyan edir ki, bu gün Ukraynaya hərbi aviasiya verilməsindən söhbət getmir. Amma unutmayaq ki, bir neçə gün bundan öncə ABŞ-da keçirilən rəsmi brifinqlərdə Ukraynaya “Abrams” tanklarının nə üçün verilə bilməyəcəyindən də danışırdılar. Biz bu tankların Ukrayna üçün mürəkkəb texnika olması və sair bu kimi sözlər eşidirdik. Lakin bir neçə gün ötdükdən sonra bu tankların verilməsi qərarına gəlindi. Vəziyyətin belə kəskin dəyişməsinin səbəbi bəlli deyil. Çünki Ukraynaya sılah verilməsi ilə bağlı məsələlər açıq müzakirə olunmur...

Daha bir nümunə, “HARM” teleradiolokasiya raketləri barəsindədir. Belə ki, rusiyalılar bu raketin yerə düşmüş qalıqları barədə məlumat verməyənədək, heç kimin Ukraynaya bu raketlərin verilməsindən xəbəri yox idi. Deməli, bu, elan edilməmişdi. İstisna deyil ki, təyyarələrlə də bağlı açıq iş aparılmır. Qərarlar barəsində isə biz növbəti “Ramştayn” toplantısında eşidəcəyik”.

V. Nəsibov

“AzPolitika.info” 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar