Xəbər verildiyi kimi, daşıyıcı şirkətlərin müraciəti əsasında, Tarif Şurası ictimai nəqliyyat xidmətlərinin qiymətini artırmağı qərara alıb.

Fevralın 3-dən etibarən müntəzəm şəhərdaxili marşrutlarda gediş haqqı 10 qəpik bahalaşaraq, 40 qəpik həddinə çatıb. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq, 40 qəpik-1 manat arası tarif tətbiq olunur. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Bundan əlavə metroda sərnişindaşıma qiymətləri də 10 qəpik arataraq, 40 qəpiyə yüksəlib.

Məlumat üçün qeyd edək ki, sonuncu dəfə metro və avtobuslarda gediş haqqı 2018-ci ildə 10 qəpik artırılaraq, 30 qəpiyə çatdırılmışdı.

Təbii olaraq belə bir çətin dövrdə baş verən istənilən qiymət artımına əhalinin reaksiyası birmənalıdır. Bu qərar vətəndaşların nəqliyyat xərclərini artırdığından, haqlı narazılıqlara səbəb oldu. Məsələn, şəhərətrafı qəsəbələrdə yaşayan paytaxt sakinləri gün ərzində minimum 4 dəfə ictimai nəqliyyatdan isitifadə edərkən (2 dəfə avtobus, 2 dəfə metro-red.) aylıq 36 manat ödəyirdilərsə, indi 48 manat ödəməli olacaqlar. Nəticə etibarilə bu qərardan sonra bir nəfərin ictimai nəqliyyat xərci minumum 12 manat artıb.

Daşıma şirkətlərinin bu məsələyə münasibətinə gəlincə, onlar xərclərinin artdığını, ona görə də sözügedən qiymət artımının doğru olduğunu hesab edirlər.

Bu barədə yerli mediaya açıqlama verən “Bakubus” MMC-nin direktoru Elnur Qarayev bildirib ki, 30 qəpik ilə müasir avtobusları aidiyyəti qaydada təmir etmək, onların baxışlarını reqlamentə uyğun həyata keçirmək çətin idi: “Son 5 ildə qiymət artımına gedilməyib. Son 5 ildə digər sahələrdə olduğu kimi həm dövlətimizin büdcə təşkilatlarında, həm özəl sektorun özündə əməkhaqqı artımları olub, amma nəqliyyat sahəsində olanların (sürücülər, ustalar, təmizləyicilər) əməkhaqqını artıra bilmir və bazarda uyğunsuzluq yaranır. Buna görə də kollektiv şəkildə Tarif Şurasına müraciət olundu və qiymət artımına gedilməsi üçün məsələ qaldırdıq”.

Bir məsələni qeyd etmək yerinə düşər ki, nəqliyyat sektorunda baş verən qiymət artımları zamanı sərnişindaşıma ilə məşğul olan şirkətlərin rəhbərləri və ya özünü müstəqil adlandıran bəzi ekspertlər daşıma qiymətləri üzrə Azərbaycanla Avropanı qarşılaşdırırlar. Müqayisə nəticəsində bizdə qiymətlərin aşağı olduğunu xatırladaraq, bu yolla bir növ qiymət artımına haqq qazandırmağa çalışırlar.

Bu cür müqayisələr aparmaq əlbəttə, doğru sayıla bilməz. Ən azı ona görə ki, Avropada və Azərbaycanda əhalinin gəlirləri, orta və minimum əməkhaqqı arasında böyük fərq var...

“Nəqliyyat xərcləri 200 milyon manat artacaq”

Məlumat üçün qeyd edək ki, Dövlət Statistika Komitəsinin (DSK) hesabatlarına görə, nəqliyyat sektoru üzrə sərnişindaşımada avtobusların payı olduqca yüksəkdir. DSK-nin 2022-ci ilin yanvar-noyabr aylarında açıqladığ məlumata görə, avtomobil nəqliyyatı ilə daşınan 1 milyard 272,2 milyon sərnişinin 1 milyard 195 milyon, 868 nəfəri və ya 94 faizi avtobuslar vasitəsilə həyata keçirilib.

Müvafiq dövr ərzində metro xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 2,6 dəfə artaraq 187,4 milyon nəfərə çatıb. 2022-ci ildə ortalama hər ay 15-20 milyon insan metrodan istifadə edib.

Ekspertlərin proqnozlarına əsasən, mövcud tarif dəyişikliyindən sonra əhalinin illik nəqliyyat xərci 200 milyon manat artacaq.

İctimai nəqliyyatda Türkiyə modeli...

Əlbəttə, bu qərardan sonra Tarif Şurasının hazırkı qiymətləri aşağı salacağı inandırıcı görünmür. Hər halda nəqliyyat sektorunda indiyədək belə bir nümunəyə rast gəlməmişik, bundan sonra bunu gözləməyə dəyməz.

Amma ən azından ailə büdcəsində nəqliyyat xərclərinin payını aşağı salmaq üçün müəyyən addımlar atıla bilər. Konkret desək, qardaş Türkiyədə olduğu kimi, bizdə də bir sıra kateqoriyalar üzrə insanlar güzəştli və ödənişsiz şəkildə ictimai nəqliyyatdan istifadə edə bilərlər. Bunun üçün hökumətin daşıma şirkətləriylə bağlı hər hansı bir dəstəkləyici lahiyə hazırlamasına da ehtiyac yoxdur.

Elə mövcud qiymət artımından sonra əhalidən toplanacaq əlavə 200 milyon manat vəsaitin bir hissəsini bu kateqoriyadan olan insanlar üçün ayırmaq olar. Çünki bu əlavə ödəmələr onsuz da nəqliyyat xidmətlərinin keyfiyyətinə təsir etməyəcək. Amma bu üsulla şəhid ailələrinin, qazilərin, tələbələrin və yaşlı insanların nəqliyyat xərclərini müəyyən qədər azaltmaq, bu artımı onlara hiss etdirməmək mümkündür.

Məlumat üçün qeyd edək ki, böyük nəqliyat sisteminə sahib olan Türkiyədə nəqliyyat vasitələrinin qiyməti şəhərlərdən və müəyyən edilmiş kateqoriyalara uyğun şəxslərdən asılı olaraq dəyişir. Hazırda Türkiyədə əlillər, qocalar, şəhid ailələri, veteranlar, Vətənə xidmətə görə fəxri təqaüd alan şəxslər və onların həyat yoldaşları, dövlət idmançısı adı almış şəxslər yaşadıqları əyalət və rayonlarda ictimai nəqliyyatdan ödənişsiz şəkildə istifadə edə bilirlər. Bunun üçün dövlət tərəfindən onlara pulsuz gediş kartları təklif edilir.

Bundan əlavə, tələbələr, müəlimlər və yaşı 60-dan yuxarı şəxslər istənilən ictimai nəqliyyat vasitəsindən güzəştli şərtlərlə yararlana bilir. Həmçinin böyük şəhərlərdə müəyyən məbləğ qarşılığında “mavi kart” adlanan kartı əldə edərək, ay ərzində təklif olunan sayda, güzəştli tariflərlə ictimai nəqliyyatdan istifadə etmək mümkündür.

“Aktarma” adlanan kartlar isə ictimai nəqliyyatdan gündəlik istifadə edən şəxslər üçün olduqca əlverişli hesab olunur. Belə ki, bu kartla birinci səfərdən sonra iki saat müddətinə (hər minik arasında 30 dəqiqə olmaqla) növbəti hər gediş üçün daha az vəsait ödənilir və bəzi şəhərlərdə (Məsələn, İzmir-red.) müəyyən saydan sonra gedişlər ödənişsiz olur.

Türkiyənin digər bölgələri ilə müqayisədə ictimai nəqliyyatın ən baha olduğu İstanbul şəhərində vətəndaşlara təklif olunan tarifləri oxuculara təqdim eidirik:

“İstanbul kart” (Bir gediş üçün)

- Tam (Güzəştli kateqoriyaya aid olmayan şəxs) - 9,90 TL (89 qəpik);

- Tələbə - 4,83 TL (43 qəpik);

- Sosial (60 yaşdan yuxarı şəxslər və müəllimlər) -7, 09 TL (64 qəpik);

“Mavi kart” (aylıq) (180 gediş, tələbələr üçün 200 gediş)

- Tam - 777 TL (70 manat);

- Tələbə - 140 TL (12 manat);

- Sosial - 483 TL (43 manat);

“Aktarma”

- Tam - 7, 09 TL, ikinci gediş 5,38 TL, növbəti gedişlər 3, 40 TL;

- Tələbə - 2,12 TL, ikinci gediş 1,99 TL, növbəti gedişlər 1,70 TL;

- Sosial - 4, 25 TL, ikinci gediş 3, 25 TL, növbəti gedişlər 2, 12 TL.

Xatırladaq ki, hazırda Azərbaycanda ictimai nəqliyyatdan istifadəylə bağlı hər hansı bir güzəşt mövcud deyil. İctimai nəqliyyat yanlız polis əməkdaşları üçün pulsuzdur. Belə ki, “Polis haqqında" qanunun tələblərinə görə, polis icitmai nəqliyyatın bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdir.

Bəs Azərbaycanda belə bir güzəştli sistemin tətbiqi mümkündürmü?

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, qarşıdakı illərdə ictimai nəqliyyatda qiymətlərin ucuzlaşacağı gözlənilmir:“Ümumi qiymət səviyyələrində artım baş verir. Son illər iqtisadiyyatda müşahidə edilən ciddi inflyasiya prosesləri 2023-cü ildə də davam edəcək. Mərkəzi Bank ilin əvvəlində inflyasiyanın 6,9 faiz həcmində olacağını proqnozlaşdırırdısa, fevraldakı bəyanatda bu göstərici 8 faizə qədər artıb. Bir sözlə, növbəti illərdə ictimai nəqliyyatda ucuzlaşmanın əksinə, bahalaşmaların olacağı isitisna edilmir”.

Ekspert xatırladır ki, Azərbaycanda 1990-cı illərdə ictimai nəqliyyatdan istifadəylə bağlı bir sıra güzəştlər mövcud idi:“Bu illərdə müəyyən kateqoriyadan olan şəxslər, məcburi köçkünlər ictimai nəqliyyatdan ödənişsiz şəkildə istifadə edə bilirdilər. Ancaq bu, heç bir effekt vermədi. Bu sisistem uğursuzluğa düçar oldu, ictimai nəqliyyatda problemləri daha da dərinləşdirdi və dövlət büdcəsindəki vəsaitin qeyri-səmərəli istifadəsinə gətirib, çıxardı”.

X. Kərimli İnkişaf Etmiş Ölkələrdə (İEÖ) və qardaş Türkiyə Respublikasında istifadə olunan sistemin Azərbaycanda da tətbiq edilə biləcəyini bildirib: “İEÖ-lərdə və Türkiyədə illik və aylıq kartlar olur. Müəyyən məbləğ qarşılığında bu kartlardan alıb, limitsiz şəkildə ictimai nəqliyyatdan istifadə etmək olur. Həmçinin həmin ictimai nəqliyyatın daimi müştəriləri daha güzəştli şərtlərlə nəqliyyat xidmətindən istifadə edə bilirlər. Bu, bizdə tətbiq olunarsa, gündəlik ictimai nəqliyyatdan istifadə edən şəxslərin xərclərini bir qədər kompensasiya etmək olar. Həmçinin tələbələrə də bu cür güzəştli kartlardan verilə bilər. Digər tərəfdən, bu həm də vətəndaşların öz xərclərini daha yaxşı proqnozlaşdırmalarına şərait yaradar. Ancaq bunun üçün ilk növbədə həm ictimai nəqliyyatın şəffaflaşdırılmasına, həm də bu ödəniş mexanizmini idarə edən sistemlərin qurulmasına ehtiyac var”.

“İctimai nəqliyyatda qiymət artımını onunla izah etdilər ki, “sərnişindaşıyan şirkətlərin şikayəti əsasında tariflərdə dəyişiklik edilib”. Qeyd olundu ki, bu şirkətlərin xərcləri artıb. Təbii ki, nəqliyyat sektorunda sonuncu qiymət artımının üzərindən 5 il vaxt keçib və bu müddət ərzində çox şey dəyişib. Ancaq məsələ burasındadır ki, nəqliyyat operatorlarının xərcləri əsasında qiymət artırılırsa, onların xərclərinin, hesabatlarının şəffaflığı da ön planda olmalıdır” ,- deyə ekspert bildirib.

İqtisadçının sözlərinə görə, hökumət nələrin bahalaşacağına ilin əvvəlindən qərar verməli və ehtiyac meyarı, yaşayış minimumu bu artımlar əsasında müəyyən edilməlidir: “Hökumət bilirdi ki, icitmai nəqliyyatda tarifləri artıracaq. Ehtiyac meyarı və yaşayış minimumu ötən ilin qiymətləri ilə hesablanmışdı. İndi birdən-birə bir aydan sonra qiymət artımı baş verir. Yaxşı olardı ki, qiyməti artan xidmətlər əvvəlcədən müəyyən edilsin. Məsələn, əvvəlcədən nəqliyyatdakı artımları nəzərə alıb, ehtiyac meyarını 246 yox 255-260 manat aralığında müəyyən etmək olardı. Bu, daha ağlabatan üsuldur. Bu yolla sosial cəhətdən problemli əhalinin xərclərini əvvəlcədən kompensasiya etmək olardı”.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.