Menu

Zəlzələnin ardından Türkiyəyə hansı dövlətlər dəstək verib? – Ərəb dünyası səssizdir...

06.02.2023, 18:20
Zəlzələnin ardından Türkiyəyə hansı dövlətlər dəstək verib? – Ərəb dünyası səssizdir...

Xəbər verildiyi kimi, bu gün Bakı vaxtı ilə saat 05:17-də Türkiyənin Kahramanmaraş əyalətinin Pazarcık bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib. Cənub-Şərqi və Şərqi Anadolunun bir çox bölgəsini əhatə edən zəlzələdə minlərlə insan həlak olub, 3 minə yaxın yaşayış binası dağılıb. Hazırda Kahramanmaraş, Malatya, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Diyarbəkir və Hatay kimi bölgələrdə dağıntılar altda qalan vətəndaşların axtarış-xilasetmə işləri aparılır.

Türkiyədə baş verən dağıdıcı zəlzələnin ardından bir sıra ölkələr beynəlxalq səviyyədə yardım çağırışları edib.

“AzPolitika.info” Türkiyəyə yardım əlini uzadan ölkələrin və beynəlxalq qurumların siyahısını təqdim edir:

Azərbaycan 

Zəlzələnin ardından ilk beynəlxalq səviyyəli yardım Azərbaycandan gəlib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Mülki Müdafiə bölmələri hazır vəziyyətə gətirilib. Son məlumata görə, 370 nəfərlik axtarış-xilasetmə qrupu AFAD və digər qrupların işinə töhfə vermək üçün zəlzələ bölgəsinə göndərilib.

Pakistan

Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın hər cür köməklik göstərəcəyini vurğulayıb. Xarici İşlər Nazirliyindən verilən açıqlamada Pakistanın Türkiyə ilə tam həmrəy olduğu qeyd edilib.

İsrail

İsrailin Müdafiə naziri Yoav Qallant türkiyəli həmkarı Hulusi Akarla əlaqə saxlayıb və kömək etməyə hazır olduqlarını bildirib.

“İsrail təhlükəsizlik qüvvələri hazır vəziyyətə gətirilib və axtarış-xilasetmə işlərində türk xalqına lazım olan hər cür yardımı göstərməyə hazırlaşır”,-deyə nazir bildirib.

Rusiya

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada Türkiyəyə kömək etməyə hazır olduqları bildirilib. Açıqlamada “100 nəfərlik axtarış-xilasetmə qrupunu daşıyan 2 İl-76 təyyarəsi zəlzələ ilə əlaqədar Türkiyəyə göndərilməyə hazırdır” ifadələri işlədilib.

Aİ-dən dəstək

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Avropa Böhran İdarəetmə Komissarı Janez Lenarcic tərəfindən edilən ortaq yazılı bəyanatda 10 komandanın bölgəyə göndərildiyi bildirilib. Açıqlamada, Aİ-nin kopernik peyk sisteminin də işə salındığı ifadə edilib.

ABŞ

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Türkiyənin cənub şərqində baş verən zəlzələ ilə bağlı ABŞ-ın istənilən yardımı göstərməyə hazır olduğunu ifadə edib.

“Biz hər cür yardım göstərməyə hazırıq. Prezident Co Bayden ABŞ Beynəlxalq İnkişaf Agentliyinə göstəriş verib. Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik”,-deyə o, bildirib.

İsveç

İsveç Xarici İşlər naziri Tobias Billström bu gün səhər saatlarında Türkiyənin 10 vilayətində baş verən zəlzələylə bağlı Xarici İşlər naziri Mövlud Çavuşoğlun ilə danışdığını bildirib. Billström açıqlamasında Türkiyə və Suriyada böyük insan tələfatıyla nəticələnən zəlzələnin dəhşətli nəticələrinə görə dərin təəssüf hissi keçirdiyini qeyd edib.

İspaniya

İspaniya Xarici İşlər Nazirliyi sosial media hesabından verdiyi açıqlamada Türkiyəyə göndərilən yardımın Malatya Hava Limanına çatdığını açıqlayıb. Bəyanatda ispan hərbçilərdən və İHA-lardan ibarət yardımın Türkiyəyə göndərildiyi qeyd olunub.

NATO

NATO-nun Baş katibi Yens Stoltenberq sosial media hesabından verdiyi açıqlamada, baş verən hadisəylə bağlı NATO müttəfiqlərinin səfərbər edildiyini ifadə edərək, “Bu dəhşətli zəlzələdən sonra müttəfiqimiz Türkiyə ilə tam həmrəyik” mesajını verib.

Hollandiya

Hollandiyanın Xarici İşlər naziri Vopke Hukstra da sosial media hesabından paylaşım edib: “Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi şoka saldı. Hollandiya Türkiyəyə axtarış-xilasetmə qrupu göndərəcək. Bu komanda polis və hərbçilər, ilk yardım qrupları və yanğınsöndürənlərdən ibarətdir”.

İtaliya

İtaliya Baş nazirinin müavini və Xarici İşlər naziri Antonio Tajani “Twitter” hesabından paylaşım edib: “Çox sayda insan tələfatına səbəb olan şiddətli zəlzələdə zərər çəkən türk xalqının yanındayam. İtaliya əlindən gələn yardımı əsirgəməyəcək”.

Elon Maskdan “Starlink” bəyanatı

Teslanın sahibi, iş adamı Elon Mask Türkiyədə baş verən zəlzələdən sonra rabitə problemlərini həll etmək üçün “Starlink” peyklərini Türkiyəyə göndərməyə hazır olduğu mesajını verib”.

Qeyd edək ki, ərəb dünyası səssizliyə qərq olub.

“AzPolitika.info”

Şərhlər

ORXAN 2023-02-06 23:02:31

QƏTƏR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol