Məlum olduğu kimi, Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan bəri bu müharibəni “canı-dildən” dəstəkləyən, televiziyalarda və sosial şəbəkələrdə fəallığı ilə seçilən Çeçenistan rəhbəri Ramzan Kadırov bir müddətdir ki, gözə dəymir. Tez-tez öz döyüşçülərini tərifləyən, Rusiya ordu rəhbərliyini və ayrı-ayrı məmurları tənqid, Ukrayna rəhbərliyini isə təhqir edən Kadırov öz “yayımlarını” dayandırıb.
“AzPolitika.info” xəbər verir ki, rusiyalı müstəqil jurnalistlər Kadırovun son zamanlar tez-tez ya Dubaya, ya da Maldiv adalarına səfər etdiyini yazırlar. “İzah edə bilərik” adlı media layihəsinin üzvləri olan jurnalistlər qeyd edirlər ki, Kadırov son zamanlar “məsafədən işləmək” metoduna üstünlük verir və Çeçenistanda idarəetməni əsasən öz qohum-əqrəbasına həvalə edir: “Kadırov yanvarın 29-dan kameralar qarşısına çıxmır. Fevralın 2-də ona aid “Telegram” kanalında Kadırovun guya Qroznıda olduğu bildirildi. Lakin bu paylaşım əvvəlcədən hazırlanmışdı və Kadırov bir həftədən çoxdur ki, Qroznı televiziyasına çıxmır. O, fevralın 1-də Moskvaya, oradan da Maldiv adalarına gedib”.
Jurnalistlər bildirirlər ki, müharibənin qızğın vaxtı və bütün ölkədə gərginlik olmasına baxmayaraq, Kadırov yanvar-fevral aylarında ümumilikdə azı iki həftə Çeçenistanda olmayıb. Həmin dövrləri isə ya Maldiv adalarında, ya da Dubayda keçirib.
Xatırladaq ki, Çeçenistanda əsasən ən yaxın adamlarına və öz yaxın qohum-əqrəbasına güvənən Kadırov bu günlərdə qardaşı oğlu Xamzat Kadırovu Əmlak naziri təyin edib. Bundan öncə o, 16 yaşlı oğlunu Çeçenistandakı bütün uşaq və gənclər təşkilatlarının başçısı, qızını isə hələ 2021-ci ildə Çeçenistanın Mədəniyyət naziri təyin etmişdi.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər