Menu

Ukrayndan 8 milyon insan qaçıb – BMT rəsmisi dünyanı yardıma çağırır

07.02.2023, 15:29
Ukrayndan 8 milyon insan qaçıb – BMT rəsmisi dünyanı yardıma çağırır

BMT-nin fövqəladə yardım üzrə koordinatoru Martin Qriffit bildirib ki, ötən ilin fevralında Rusiyanın işğalı başlayandan Ukraynadan 8 milyona yaxın insan qaçıb. Onun sözlərinə görə, 5.3 milyon nəfərsə məcburi köçkünə çevrilib.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisinin başçısı olan Qriffit onu da əlavə edib ki, 17.6 milyon nəfərin, yəni, Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var.

Qurum rəsmisi bu ilin Ukrayna üçün Humanitar Fəaliyyət Planını təqdim etmək niyyətini açıqlayıb. Bu ayın sonunda Cenevrədə açıqlanacaq plan üçün 3.9 milyard dollarlıq vəsait tələb olunur.

“Bu zorakılığın səngimə əlaməti görünmür”, – o vurğulayıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Müharibədə 7 mindən çox dinc sakinin öldürüldüyü bildirilir. Qriffit real statistikanın daha yüksək olduğunu söyləyib.

BMT-nin qaçqınlar üzrə agentliyi UNHCR bildirir ki, Rusiyanın Ukraynada apardığı müharibə 2-ci dünya müharibəsindən bəri ən böyük qaçqın axınına səbəb olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol