
Mirzə Yusif, Publisist-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bütün dünya bilir ki,
Sənin bayrağın enməz!
Bağrını min dərd sarsın,
Türk sarsılar, əyilməz!
Ey əziz qardaş ölkə,
Mənim gözəl Türkiyəm!
Sənə göz dəydi, nədi?!
Bəlkə kimsə söyləyə
Bu nə tale, nə bəxtdi?!
Allah özü qorusun
Səni bu imtahandan,
Zəlzələlər, tufanlar
Qoy əl çəksin yaxandan.
Axı, dünənə kimi
Dünya səni anırdı.
Görüb xoş növrağını,
Sevib xoş məramını
Qoynuna can atırdı.
Səfalı yaylaqların,
Çölün çəmənin, bağın,
Dənizlərin, çayların
Aləmə "Gəl!" deyirdi.
Bütün xalqlar, millətlər
Səni cənnət bilirdi.
Nə oldu birdən -birə
Fələyin çərxi çöndü?!
Canım- gözüm Türkiyə
Bir gecənin içində
Qorxunc kabusa döndü?!
Bu bəla hardan gəldi,
Bu külək hardan əsdi?!
Yer yerindən oynadı,
Gözəl evlər, binalar,
Yerin dibinə çökdü.
Xoşbəxt yurdlar, yuvalar
Xarabalîğa döndü.
Vallah, belə qor olmaz,
Türkün bəxti kor olmaz!
Gözlərim qan ağlayır
Bu halını görüncə,
Mənim gözəl Türkiyəm!
Sənə qıcanan dişlər,
Sənə uzanan dillər,
Xain əllər, xəbislər,
Daha kimlər, kimsələr
Hələ az imiş, sanki--
Bir dərd də...heçdən gəldi,
Göydən, ya yerdən gəldi?!
Mənim gözəl Türkiyəm,
Dost qəlbi kövrək olar.
Səni məyus görəndə
Ürək alışar, yanar.
Eşit, gözəl Türkiyəm,
Sənin dərdin--dərdimiz,
Kədərin --kədərimiz.
Hər dəqiqə, hər bir an
Yanındayıq sənin biz.
İnşallah, tez sağalar
Yaraların, Türkiyə!
Sənin başın sağ olsun,
Qoy yaşasın, var olsun
Bu dostluq, bu qardaşlıq:
Azərbaycan --Türkiyə!


Şərhlər
Amin....hamımız kədər içimdəyik.allah yer üzünün ən gözəl milləti türkə kömək olsu