Menu

Başqa ölkədə prezident seçmək mərəzimiz...

10.02.2023, 23:46
Başqa ölkədə prezident seçmək mərəzimiz...

Maşallah, sosial şəbəklərin milli seqmentində yenə müharibə gedir. Bizə təfavütü yoxdur, dünya dağılsa da, planet məhvərindən çıxıb allay-bullay olsa da, biz öcəşməyə mövzu tapacağıq.

İndi qonşuluğumuzda, 3 ölkədə (Türkiyə, Suriya, İran) zəlzələ baş verib, minlərlə ölən, on minlərlə yaralanan var, gerçək bir bəşəri faciə yaşanır, içində insanlıq duyğusu olan hər kəs baş verənləri TV xəbərlərindən kövrələrək, ağlayaraq izləyir, bizdə isə stalinçilər, fətullahçılar, xomeyniçilər, qasımçılar, putinçilər, baydençilər, ərdoğançılar, avropaçılar, natoçular, nataçılar bir-birinə qarışıb, qırğın gedir.

İddialar, hökmlər sıralanır: “Ərdoğan bu zəlzələdən sonra hakimiyyətdə qala bilməz”; “sovet vaxtı daha möhkəm binalar tikilirdi”; “bu da sizin Türkiyəniz, “ikinci əl” paltar-palazdan imtina etdi”; “Türkiyənin inşaat sektorunun bərbadlığı üzə çıxdı”; “hər şeyə görə AK parti iqtidarı günahkardır, çökən binaların yarısı onun dövründə tikilib”; “o getməsə, düzəlməyəcək” və s.

Türkiyə seçicisi hələ tərəddüd edir, bizimkilər artıq qərarlarını veriblər: “Ərdoğan getməlidir”. Bu, bizim köhnə mərəzimizdir, adı da “başqa ölkədə prezident seçmək”dir.

Bizdəki Ərdoğan müxaliflərinin bir çoxunda nəyə görəsə belə bir güman var ki, Ərdoğan prezident seçilməsə, bu, xalqımızı xoşbəxt edəcək. Amma bu, necə olacaq, deyən yoxdur.

ABŞ-da, Fransada, Ermənistanda, İranda, Rusiyada, Almaniyada bunu istəyənlər çoxdur, hamısının da niyə bu istəkdə olduğu bəllidir. Çünki Ərdoğan birinin qlobal və regional planına mane olur, o birini sözlə zəhərləyir, bu birinin təkləyib döymək istədiyinə qahmar çıxır, başqa birinin sözünün qabağından söz deyir və s.

Ona görə də onlar istəyirlər ki, hakimiyyətdə o olmasın, bu olsun – 1938-ci ildən ta 2002-ci ilə qədərki sözəbaxan türk liderlərindən biri. Onlar o liderləri aeroportda qarşılamırdılar, özlərini və sözlərini saya salmırdılar, sammitlərdə yanlarına barmaqla çağırırdılar, “yox, mən bunu edə bilmərəm, xalqımızın, dövlətimizin mənafelərinə ziddir” deyəndə devirirdilər, asırdılar, yerinə daha sözəbaxan, dişsiz birini gətirirdilər. 

Son vaxtlarda artıq ABŞ-ın bu ölkədə qiyam törətməsinə də ehtiyac qalmamışdı, hökumət yüngülvari müstəqil qərarlar vermək istəyəndə NATO-ya tabe olan milli generallar mühtira (ultimatum) verirdi, hökumət başçısı devrilib asılmağın qorxusundan istefaya çıxırdı, koalisiya dağılırdı, yeni seçkilər təyin olunurdu.

Türk siyasiləri burdan-bura bizim haqq işimizə dəstək verə bilmirdilər. Söz yox, bizi çox istəyirdilər, amma kömək etməyə qorxurdular, ABŞ-ın, Fransanın, Rusiyanın, İranın xoşuna gəlməyə bilərdi.

Amma Ərdoğan hakimiyyətə gəldikdən və yerini möhkəmlətdikdən bir müddət sonra ortaya iradə qoydu, bizi açıq-aşkar və birmənalı şəkildə dəstəklədi və onun da nəticəsi o oldu ki, iki il yarımdır bizimkilər Şuşanın dumanlı dağlarında şəkil çəkdirirlər, Kəlbəcərdə arı saxlayırlar.

Düşmən ona görə Ərdoğanın yenidən prezident seçilməsini istəmir ki, onun qeyrətinə, qətiyyətinə, siyasətinə, prioritetinə bələddir, bilir ki, o, Azərbaycana həmişə arxa-dayaq olacaq, ümid edir ki, hakimiyyətdə o yox, başqa biri olsa, ABŞ və Fransa təpinər, həmin adam Bakıya dəstək verməz və özünün işi avand olar, Şuşanı təzədən işğal edər.

Əslində bu da illüziyadır. Hələ onu bilmək olmaz ki, Türkiyədə hakimiyyətə gələn başqa biri bizə soyuq münasibət bəsləyər, ya bəsləməz. Ermənilərdə belə gözləntilər çox olur, suda boğulanda saman çöpünə də əl atırlar. Amma biz gördüyümüzü görmüşük, kəsilməmiş qarpızın içini nə bilmək olar. 

Ona görə də bizim anti-Ərdoğançıların qarnının ağrısı nədir, onu anlamaq çətindir.

Görünür, belə düşünməyi və danışmağı onlardan tələb edənlər var. Musiqini qrant verənlər sifariş edir, yəqin.

Bu xüsusda demokratiya-dikatatura söhbətləri boş şeydir. Xalq kimi seçirsə, hakimiyyətə o gəlməli deyilmi? Kişinin oğlunu xalq seçir. Yaxşı, necə olsun? Hakimiyyətə xalq seçən şəxs yox, ABŞ, NATO, Avropa İttifaqı seçən adam, özü də zorla gəlsin? Onda demokratiya olacaq?

Bu mənada Ərdoğanın yenidən prezident seçilməsi məsələsinin bizə isti-soyuğu var. Seçilməsə, üşüyərik, üşənərik. Seçilsə, belimiz bağlı, dilimiz uzun olar.

Ona görə də imkan verək, ağsaqqal yenidən seçilsin, daha bir neçə il işləsin, üstümüzə gələnlərin ağzının payını versin, ermənilərlə sülhə gələk, saziş bağlayaq, ondan sonra ağa durur, ağacan durur.

Əlimizdə yarımçıq iş var, usta dəyişmək vaxtıdır?

P.S. Türkiyədəki zəlzələdə çökən binaların yarısının Ərdoğanın vaxtında tikilməsi faktı gerçəkdirsə, bu o deməkdir ki, o biri yarısı da onun vaxtında tikilməyib. Üstəlik, Suriyada çökən binalar da onluq deyil.

Samir SARI (musavat.com.)

Şərhlər

Elmira 2023-02-11 11:35:02

Ərdoğanın əleyhinə yazanlar ya nadandırlar, ya kiminsə sifarişilə yazırlar. Ancaq və ancaq Ərdoğan! təzədən Türkiyə başçısı olmalıdır. Savadsızlıq eləməyin, ay azərilər!

Rasim 2023-02-11 02:01:46

Samir Sarı, super yazıdı. Təşəkkürlər. Səbəbini də düz tapmısız, qrantlar.

ƏNHU 2023-02-11 01:08:37

Dünya liderləri Ərdoğanı görəndə çaşır, özlərinə çəki-düzən verirlər. O türk dünyasının elə bir xarizmatik lideridir ki, qərb onu haqlı olaraq VAHİMƏLİ ATİLLA hesab edir. Təəssüf ki, daxili siyasətdə bu qərb qənimi o qədər də nəhəng görünmür və bu həqiqətdir. Ancaq bütün hallara rəğmən növbəti dönəm üçün də Ərdoğanın seçilməsi zəruridir. Əks təqdirdə marıtda dayanmış batı ölkələri birləşərək hərəsi əlinı bir daş götürüb Türkiyənin üzərinə gələcək.

dadaşyev 2023-02-10 22:41:36

Ərdoğan kimi qeyri-adi lideri nəinki yalnız türk dünyası,eləcə də bütün İslam dünyası ondan sonra yüz il axtaracaq,tapammayacaq.O Atatürkdən sonra Türkiyədə liderlik etmiş bütün liderlərin hamısından min dəfə artıq iş görə bildi cəmisi iyirmi il içində.Ona qədər NATO-nun quyruğunda sürünməyə möhtac olan Türkiyəni dünya siyasətində söz sahibi etdi.Ona qədər yalnız NATO-nun əmriylə yurddışına çıxa bilən türk ordusunu ilk dəfə Türkiyədən kənara,Suriyaya,Liviyaya müstəqil halda o çıxardı.Ona qədər Türkiyədə at oynadan PKK-nın nəinki Türkiyə içində,Türkiyə sərhədlərindən kənarda da,İraqda və Suriyada belini elə qırdı ki,bir də PKK çətin özünə gələ bilsin.Atatürkün qoyduğu parlament üsul-idarəsini prezident üsul-idarəsiylə dəyişə bildi.NATO-nun əmrlərinin türk ordusu genelkurmayı tərəfindən qeyd-şərtsiz,türk hökümətiylə əsla məsləhətləşilmədən yerinə yetirilməsinin qarşısını aldı,NATO əmrləri yalnız Millət Məslisi tərəfindən qərar verilərsə yerinə yetirilə bilər,dedi.Millət Məclisinin qapısında davamlı olaraq iki əsgər dayanırdı ta Atatürkdən bu yana,onları götürdü,dedi Məclis sivil yerdir,əsgərin yeri kazarmalardır.İMF-nin bütün borclarını sildi.Müdafiə sənayesini dirçəltdi.İyirmi il əvvəl türk iqtisadiyyatı elə inflyasiyadaydı ki,milyon lirəyə camaat bir dənə çörək almaq günlərini yaşayırdı,Ərdoğan sildi o altı sıfırları türk lirəsindən.Bizansın simvolu olan Ayasofiyanı Atatrük Qərbin təzyiqiylə muzeyə çevirməli olmuşdu,yalnız Ərdoğan əcaib siyasi gedişlər etməklə Ayasofiyanı came olaraq açdırdı,Qərbdən nə qədər təzyiq etdilərsə də sözünün üstündə durdu.Bir sözlə,türk millətinin qürurunu özünə qaytardı adam,türkün səsini dünyaya eşitdirməyi bacardı.Əsl lider öz milləti üçün daha nəyi etməlidir?Üstəlik bunları Kılıçdaroğlu kimi donqili,həyasız,xain müxalifətçilərin ifrat maneçiliyi qarşısında duruş gətirərək edə bildi.Və ən önəmlisi,o, Qərbin açıq-aşkar təhditlərinə baxmayaraq bizi Qarabağ savaşımızda mərd-mərdanə dəstəkləməsəydi işimiz rusca olardı vallah.Əgər bizdə onu sevməyən varsa onun ya bunlardan xəbəri yoxdur,ya da qanı kəsinliklə türk qanı deyildir,İrana-filana işləyəndir.

Cəmşid Dərələyəzli 2023-02-10 13:04:59

Qatılıram. Erdoğanı siasetini görenler görürler sadece hazm ede bilmirler. Ona göre de saldıranların çox sadece medeleri yüzerinden saldırırlar. Çünki, başqa alanda nöqsan bula bilmirlər. Amma başaramayacaqlar. Erdoğan inşallah bu seçimde de kazanacakdır. Allah yar və yardımçısı olsunş

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol