Ukraynalıların 89 faizi, yəni, hər 10 ukraynalıdan 9-u hətta Rusiya taktiki nüvə silahından istifadə etsə belə, müqaviməti davam etdirməyə hazır olduqlarını bildirib. “AzPolitika.info” xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransının hazırladığı son hesabatda belə deyilir. Ukraynalılar arasında sorğu keçirən təşkilat maraqlı nəticələr dərc edib.
Rəyi soruşulanların 95 faizi şəhərlərin bombalanması davam etsə də, müqaviməti dayandırmayacaqlarını, 93 faizi isə savaşın bitməsi üçün rus qoşunlarının həm Donbas, həm də Krımdan çıxarılmalı olduğunu bildiriblər. Krım məsələsinin sonraya saxlanmasına isə cəmi 20 faiz respondent razılıq verib.
Sorğuda iştirak edənlərin 83 faizi hesab edir ki, Putin hakimiyyətdə qaldıqca, Ukrayna heç cür təhlükəsiz həyat sürməyəcək. Ukraynalıların 65 faizinin fikrincə isə bu ölkənin təhlükəsizliyini yalnız NATO-ya üzvlük təmin edə bilər.
Sorğunun bir maraqlı nəticəsi də odur ki, rəyi soruşulanların cəmi 7 faizi 24 fevral sərhədlərinə qayıtmağın, yalnız 1 faizi isə cəbhədəki indiki durum saxlanılmaqla müharibənin dayandırılmasının tərəfdarı olduqlarını bildiriblər.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər