Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft kondensatla birlikdə hasilatı 652 min barel olub. Energetika Nazirliyinin yaydığı məlumata görə, bunun 533 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan OPEC kvotasını 77,9 % istifadə edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Maraqlıdır, Azərbaycan neft istehsalını təşkilatın müəyyən etdiyi həddə niyə çatdıra bilmir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “AzPolitika.info”-ya şərhində bildirib ki, Azərbaycan 2020-ci ilin may ayından etibarən OPEC-in təyin etdiyi kvotaya görə neft hasilatını azaltmağa başlayıb.
Onun sözlərinə görə, bu, Azərbaycanın neft tarixində ikinci belə haldır ki, admnistrativ yolla neft hasilatı azaldılır: “Bundan əvvəl neft hasilatının azalması təbii yolla baş verirdi. 2020-ci ilin mayında Azərbaycanda bir sıra mədənlərdə işlər dayandırıldı. Dövlət Neft Şirkəti, o cümlədən “Azəri-Çıraq- Günəşli” yatağı üzrə Azərbaycanın ən böyük strukturunda hasilat azaldılmağa başlanıldı. Quyular qapadılmasa da, neft hasilatı azaldıldı.
Xatırladım ki, bundan öncə Azərbaycanda ilk belə hadisə 1942-ci ildə olmuşdu. Çünki həmin vaxt hasil edilən nefti nəql etmək mümkün deyildi”.
Ekspert qeyd edir ki, 2021-ci ilin sonlarından, bu günə qədər Azərbaycan OPEC-in ayırdğı kvotadan az neft hasil edir: “Çünki neft sürətlə azalır. Bu səbəbdən də biz OPEC-in qoyduğu kovotalara çata bilmirik. Azərbaycanda ötən il neft hasilatı 2 milyon ton azaldı. Cari il də hasil edilən neftin daha 1 milyon ton azalacağı proqnozlaşıdırılır. Bu baxımdan OPEC-in kvotaları bizim üçün hazırda faktiki olaraq aktual deyil. Çünki onsuz da neftimiz günü-gündən azalır. Biz artıma meyilli deyilik”.
Elvin
“AzPolitika.info”


Şərhlər