Fevralın 6-da Kahramanmaraşda baş verən dəhşəti zəlzələ nəticəsində minlərlə bina dağılıb. Axtarış-xilasetmə işləri yavaş-yavaş yekunlaşdığından, indi əsas diqqət bölgənin qısa zaman ərzində təmizlənməsi, zəlzələ nəticəsində yaranan dağıntı və tullantıların ərazidən daşınması kimi problemlərin həllinə yönəlib.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, tullantıların idarə edilməsi üzrə mütəxəssis Əli Rıza Önər, zəlzələ bölgələrində ən azı Ərciyəs dağı (3916 metr-red.) böyüklüyündə, təxminən 230 milyon ton ağırılığında dağıntı və tullantı maddələrinin olduğunu bildirib.
Mütəxəssis Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin 13 fevral 2023-cü il tarixində yayımlanan “Zərərin Qiymətləndirilməsi” hesabatındakı məlumatlara diqqət çəkib: “33 min 143 binada yer alan 153 min 506 bölmə təcili sökülməlidir. Hər yaşayış sahəsi təxminən 75 kubmetr həcmində beton tullantısı deməkdir. Evin içindəki mebel və digər avadanlıqlar nəzərə alındıqda hər ev üçün təxminən 750 kubmetr həcmində dağıntı ortaya çıxır. Ən optimist hesablamalar ilə hazırda bölgədə 115 milyon kubmetr həcmində məişət tullantıları var. Buraya sənaye və iş yerlərinin zibilləri daxil deyil. Məişət tullantılarının sıxlığı hər kubmetrdə 2 tona yaxındır. Bu tullantıların daşınması üşün 20 ton ağırlıq götürmə qabiliyyəti olan bir yük maşını 11 milyon 500 min dəfə səfər etməlidir”.

Mütəxəssis dağıntılar arasında məişət tullantılarının olduğunu, bunun gələcəkdə infeksiyaların yayılmasına səbəb ola biləcəyini qeyd edib: “Soyuducularda ət, tərəvəz, quru qida kimi üzvi maddələr də var. Havalar isinib, yağışlar başlayanda bu üzvi tullantıların üzərində mikroorqanizmlər sürətlə çoxalacaq. Çoxalan bakteriya və viruslar kimi xəstəliyə səbəb olan patogenlər epidemiya riskini ən yüksək səviyyəyə qaldıracaq. Evlərdə dərmanların səbəb olduğu kimyəvi çirklənmə və elektron cihazların yaratdığı ağır metal çirklənməsi kanserogen təsirləri gündəmə gətirəcək”.
“Tullantıların zərərsizləşdirilməsi üçün Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin rəsmiləri və tullantıların idarə edilməsi üzrə mütəxəssislər bir araya gəliblər. Tez bir zamanda tullantıların atılması və təkrar emalı üçün lazımi qurğular qurulmalıdır. Tullantıların zərərsizləşdirilməsi 3 mərhələdə həyata keçiriləcək. İlk növbədə tullantıların şəhər xaricindəki müvəqqəti saxlama yerlərinə daşınması lazımdır. Daha sonra ayırma prosesi olacaq və nəhayət, tullantılar daimi utilizasiya obyektlərində təkrar emal ediləcək”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər