“QARŞIMIZDA “QAN DƏNİZİ” GÖRÜRÜK...” - “Heç kim, heç kimə qalib gəlməyəcək...”

“Çoxlu qan axıdılacaq və bunun heç kimə xeyri olmayacaq...”

“Ukraynadakı hazırkı prosesin ümumiyyətlə, perspektivi yoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın ən təcrübəli siyasətçilərindən biri, “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski “Exo Moskva”-nın baş redaktoru Aleksey Venediktova müsahibəsində bildirib.

Yavlinski deyib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar gözlənilən effekti verməyib və dünyanın az qala yarıdan çoxu həmin sanksiyalara müxtəlif səbəblərdən qoşulmayıb. 

Həmçinin, dünya bazarında enerji daşıyıcılarının yüksək qiyməti Rusiyanın gəlirlərini xeyli dərəcədə təmin etməkdədir. Nəticədə Rusiya iqtisadiyyatı ağır zərbələr alsa da, Ukraynada hərbi qarşıdurmanı hələ uzun müddət davam etdirmək üçün onun maliyyə-iqtisadi imkanlarını saxlaya bilir.

Ona görə də hazırkı vəziyyətdə yeganə çıxış yolu sadəcə, atəşkəs əldə olunması və danışıqlara başlanmasıdır: “Birinci qaçılmaz addım atəşkəsdir”.

Bununla bərabər həm də tanınmış iqtisadçı alim olan Yavlinski əlavə edib ki, Rusiya iqtisadiyyatı hələ ki, zərbələr dözsə də, bu cür davam etsə, 3-4 ilə iqtisadiyyat keyfiyyət baxımından ciddi çöküş yaşayacaq və əyalət iqtisadiyyatına çevriləcək. Ən çox ziyan görən isə orta sinif olacaq.

Yavlinski hesab edir ki, Rusiya cəmiyyətinin böyük hissəsi müharibəni dayandırmağın tərəfdarıdır və buna hazırdır. Lakin cəmiyyətdən fərqli olaraq, Kreml hələ də buna hazır və bunu etmək fikrində deyil.

Jurnalist hazırda atəşkəsin mümkün olmadığını və bunun Putinin vaxt qazanaraq, yenidən hücuma keçməyəcəyinə təminat vermədiyini bildirib.

Yavlinski bu fikrə belə cavab verib: “Mənim borcum nə mümkün olduğunu yox, nə olmalı olduğunu deməkdir. Siyasətçi nə etmək lazım olduğunu deməlidir. Atəşi dayandırmaq olduqca mürəkkəb bir mövzu deyil, kosmosa uçmaq da deyil və hər kəsin anlaya biləcəyi bir şeydir. Min illərdir ki, bəşəriyyət bundan istifadə edir”.

“Bəs, atəşkəsin təminatçıları kim olacaq” sualına cavabında Yavlinski deyib: “Bütün iştirakçılar təminat verməlidir. Bunu danışıb, razılaşdırmaq lazımdır. Əks halda, qarşımızda “qan dənizi” görürük. Daha necə izah edim? Atəşkəs olmasa, heç nə dəyişməyəcək, payızda da təxminən indiki dispozisiya olacaq. Bu, indiki, yaxud başqa bir formada uzun müddətli və davamlı olacaq. Mənim mövqeyim belədir ki, çoxlu qan olacaq və bunun heç kimə heç bir xeyri olmayacaq. Heç bir nəticə olmayacaq və hər şey indiki kimi qalacaq. Nəticə olmayacaq, müharibə isə qalacaq. Bu, sonsuza qədər davam edəcək, insanlar həlak olacaqlar, ancaq bunun heç kimə, heç bir xeyri olmayacaq. Heç kim, heç kimə qalib gəlməyəcək. Moskva Lvova, Kiyev isə Krıma gəlməyəcək. Alınmayacaq”.

“Niyə belə hesab edirsiniz” sualına cavab verən Yavlinski deyib ki, situasiyanın təhlili belə düşünməyə əsas verir: “Bu, ağrıdır. Ancaq bunu açıq və düzgün demək lazımdır. Başqa xətt, başqa siyasət qurmaq lazımdır”.

Jurnalist Yavlinskinin atəşkəs təklifini 1939-cu ildəki SSRİ-Finlandiya müharibəsindən sonra Finlandiya ilə bağlanan razılaşma ilə müqayisə edib. Hansı ki, o zaman Finlandiya ərazilərinin bir hissəsini Stalinə güzəştə getməli olmuşdu.

Yavlinski bu müqayisəyə birmənalı münasibət bildirməyib. Deyib ki, o, hazırda Ukraynaya Finlandiya təcrübəsini təklif etmir. Lakin bununla yanaşı, qeyd edib ki, həmin müharibədən lazımi nəticə çıxaran Finlandiya sonradan çox böyük uğurlar qazanıb və indi vəziyyəti olduqca yaxşıdır...

Qeyd edək ki, bir çox müşahidəçilər, o cümlədən də ukraynalı ekspertlər Yavlinskini Kremlin sifarişini yerinə yetirməkdə ittiham edirlər.

Cəlal Məmmədov

“AzPolitika.info”    

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar