ABŞ milyarderi Corc Soros Münhen Təhlükəsizlik Konfransında çıxışında bəyan edib ki, Moskva Ukrayna müharibəsində məğlub olsa, Rusiya imperiyası parçalanaraq dağılacaq.
“Resuters” agentliyinin yaydığı məlumata görə, o Risyanın dağılmasının keçmiş sovet respublikaları tərəfindən alqışlanan hadisə olacağını qeyd edib.
Soros bilirib ki, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməkdə davam edəcək, amma Prezident Co Bayden Ukraynanın başçısı Volodimir Zelenskiyə xəbərdarlıq edib ki, bu məsələdə müəyyən hədlər var və III Dünya Müharibəsinin baş verməsinə yol verilməməlidir.
Soros Rusiya ordusuna yarıtmaz komandanlıq edildiyini, onun pis silahlandırıldığını və demoralizə olunduğunu və bu səbəbdən də Vladimir Putinin “Vaqner” muzdlularının köməyinə müraciət etdiyini vurğulayıb: "Keçmiş Sovet İttifaqının ölkələri Rusiyanın Ukraynada məğlubiyyətini səbirsizliklə gözləyirlər, çünki onlar öz müstəqilliklərini bərqərar etmək istəyirlər. Bu isə o deməkdir ki, Ukraynanın qələbəsi Rusiya imperiyasının dağılması olacaq. Rusiya ondan sonra Avropanı və dünyanı hədələməyəcək. Bu, yaxşılığa doğru ən böyük dəyişiklik olardı”.
Soros deyib ki, Yevgeni Priqojinin “Vaqner” muzdlularından istifadə etməsi qısa müddət üçün Putinin işinə yarayıb: "Bu fənd işə yarayıb. Ukrayna strateji seçim qarşısında qalıb. Ukrayna ya “Vaqner” döyüşçülərinin hücumlarını cilovlamalı və ya Rusiyaya təbliğat qələbəsi verməlidir, eyni zamanda əks-hücum üçün özünün məhdud ehtiyatlarını qoruyub saxlamalıdır”.
Soros bildirib ki, Ukrayna ötən yazda Qərbdən vəd olunmuş silahları alanda, çox dar bir müddətdə fürsətə sahib olub.
Milyarder Çin barədə deyib ki, prezident Si Tsinpinin “sıfır-COVID” strategiyası Kommunist Partiyasına inamı sarsıdıb: "Hazırkı situasiya rejim dəyişkiliyi və ya inqilab üçün lazım olan bütün ön şərtlərə malikdir. Lakin bu, nəticələri hələ uzun müddət hiss olunacaq çox bulanıq bir prosesin yalnız başlanğıcıdır”.
Soros bildirib ki, buna baxmayaraq prezident Si hələ ki mövqelərini saxlaya biləcək: “Qısa müddətdə Si ehtimal ki, hakimiyyətdə qalacaq, çünki hazırda repressiya alətlərinin hamısı üzərində möhkəm nəzarəti var. Amma mən əminəm ki, Si hakimiyyətdə ömürlük qalmayacaq və o hakimiyyətdə qaldıqca, Çin onun istədiyi şəkildə dominant hərbi və siyasi gücə çevrilə bilməyəcək”.
“AzPolitika.info”


Şərhlər