Ukrayna Prezidenti Volodimir Zelenski tez-tez Putinə zəng etməyə adət etmiş Fransa Prezidenti Emmanuel Makronun Kremllə dialoq qurmaq cəhdlərini mənasız hesab edir.
“AzPolitika.info” xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinə danışan Zelenski Makronun “Rusiyaya qalib gəlmək, lakin onu əzməmək lazımdır” fikrinə münasibət bildirərkən Fransa başçısını boş yerə vaxt itirməməyə çağırıb: “Bu, xeyirsiz dialoq olacaq və əslində, Makron boş yerə vaxt itirir. Mən belə qənaətə gəlmişəm ki, biz Rusiyanın mövqeyini dəyişmək gücündə deyilik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusu ilə özünü təcrid yolunu seçiblərsə, biz bununla heç nə edə bilmərik”.
Zelenski bildirib ki, sivil dünya ilə əməkdaşlıq edib-etməmək Rusiyanın öz işidir və buna müdaxilə etməyin mənası yoxdur.
Xatırladaq ki, ötən ilin may ayında Zelenski Makronun ona Rusiyaya ərazi güzəştinə getməyi təklif etdiyini bildirmişdi. Ancaq məlum olduğu kimi, Ukrayna rəhbərliyi bu cür təklifləri qətiyyətlə rədd edir.
“AzPolitika.info”


Şərhlər