Prezident Mikayıl Cabbarova yeni səlahiyyət verdi - Bir neçə qanunda dəyişiklik etdi

İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verilib.

Bu, Prezident İlham Əliyevin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliklərin tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Beləliklə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq İqtisadiyyat Nazirliyi tərəfindən hər il Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunacaq.

Eyni zamanda Prezident İlham Əliyev bir neçə qanunda dəyişiklik edilməsi ilə bağlı müvafiq qanunu imzalayıb.

Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda V fəsil əlavə edilib:

“V f ə s i l

ƏHALİNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİ

Maddə 28. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi

28.1. Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun olaraq əhalinin və hər bir vətəndaşın ərzaq təhlükəsizliyini təmin edir.

28.2. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Maddə 29. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri

29.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

29.1.1. qida məhsullarının istehsalının artırılması və ərzaq bazarının tənzimlənməsi sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

29.1.2. əhalinin ərzaq təhlükəsizliyinə dair məqsədli dövlət proqramları hazırlamaq və icrasını təmin etmək;

29.1.3. qida məhsulları üzrə dövlət ehtiyatları yaratmaq, onların formalaşdırılmasını, saxlanılmasını, istifadəsini və tənzimlənməsini təşkil etmək;

29.1.4. qida məhsullarının istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı hazırlamaq və əhalinin qida məhsulları ilə təminatını proqnozlaşdırmaq;

29.1.5. ərzaq böhranı və fövqəladə hadisələr zamanı əhalinin qida məhsulları ilə təchizatını tənzimləmək, o cümlədən normativ ərzaq bölgüsünü və digər xüsusi təminat rejimlərini müəyyən etmək;

29.1.6. ərzaq bazarının tənzimlənməsi və qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi aktlar qəbul etmək;

29.1.7. əhalinin qida məhsulları ilə təmin edilməsində dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətini əlaqələndirmək;

29.1.8. əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində digər vəzifələri həyata keçirmək.

Maddə 30. Dövlət ərzaq ehtiyatları

30.1. Dövlət ərzaq ehtiyatları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılır.

30.2. Dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir və aşağıdakı məqsədlər üçün istifadə edilir:

30.2.1. qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək;

30.2.2. iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək;

30.2.3. ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək.

30.3. Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

30.4. Dövlət ərzaq ehtiyatlarının tədarükü üçün illik büdcə proqnozlarında müvafiq vəsait həcmi nəzərdə tutulur.

30.5. Dövlət ərzaq ehtiyatlarına ərzaq tədarükü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarla (qurumlarla) istehsalçılar arasında bağlanılmış müqavilələr əsasında həyata keçirilir.

30.6. Dövlət ərzaq ehtiyatları müvafiq icra hakimiyyəti orqanının müəyən etdiyi orqanın (qurumun) sərəncamında olur.

30.7. Dövlət ərzaq ehtiyatlarının həcmi, nomenklaturası, formalaşdırılması, saxlanılması, istifadəsi və vaxtaşırı yeniləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 31. Ərzaq bazarının dövlət tənzimlənməsi

31.1. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.

31.2. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatlar ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.

31.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.

31.4. Bu Qanunun 31.2-ci və 31.3-cü maddələrində müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar.

31.5. Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:

31.5.1. qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normalaşdırılması və sertifikatlaşdırılması;

31.5.2. qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;

31.5.3. ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;

31.5.4. istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;

31.5.5. ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi”.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 18.66-1-ci maddə aşağıdakı redaksiyada verilib:

“18.66-1. Qida təhlükəsizliyi sahəsində:

18.66-1.1. ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;

18.66-1.2. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;

18.66-1.3. qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsinə əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat”.

Həmin qanunun 18.67-1-ci maddə ləğv edilib.

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa 14.6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“İdxalçı ölkələr tələb etdiyi hallarda ixrac olunan heyvan mənşəli qida məhsullarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər”.

Dövlət başçısı “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

635x100

Şərhlər

Mayılov 2023-02-20 21:29:52

Görəsən Cabbarov ona verilən səlahoyyətlərin heç olmasa sayını bilir?

İ.İmamov 2023-02-20 21:16:02

Cənab Mikayıl Cabbarov yeganə nazirdir ki, dövlətimizə və xalqımıza sədaqətlə xidmət edərək cənab Prezidentimizin etimadını doğruldur.! Mikayıl müəllimin fəaliyyətində uğurlar arzu edirəm. Dövlətimizi sevən Mikayıl müəllimi Allah qorusun !

Son yazılar