LAÇIN YOLUNDA NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSİ YARADILIR? – “Azərbaycan artıq qərarlıdır...”

“Bu nəzarət-buraxılış məntəqələrindəki yoxlamalar 2025-ci ilə qədər bölgədəki rus sülhməramlıları ilə birgə həyata keçiriləcək.

“Yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Prezient İlham Əliyev fevralın 18-də Münxendə ABŞ Dövlət katibi Antony Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş öncəsi yerli televiziya kanallarına müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib ki, bu təklif həm Avropada, həm də Amerikada məntiqli hesab olunur: “Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.

“Eyni zamanda, bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Həmin vaxt Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”, - Azərbaycan Prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Ermənistanı məğlubiyyətə uğradaraq işğal edilmiş rayonları azad etsə də, tərəflər indiyədək sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatında bildirilir ki, Ermənistanla Azərbaycan arasında bütün nəqliyyat marşrutları açılmalıdır. Lakin Ermənistan tərəfi hər vəchlə sülh danışıqlarını ləngidərək, kommunikasiya xəttlərinin açılmasını gecikdirməyə çalışır.

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, ölkə başçısının Münxendə səsləndirdiyi təklif məsələyə yeni bir yanaşma idi: “Belə bir təklif ilk dəfə səsləndirilirdi. Bu, o anlama gəlir ki, Azərbaycan Laçın - Gorus yolu üzərində Ermənistanla şərti sərhəddə kəsişən nöqtədə nəzarət-buraxılış məntəqəsinin qurulmasını həyata keçirməyə niyyətlidir. Bu ərazidə sərhəd məntəqəsi ilə yanaşı gömrük keçidi də açılacaq, insanlar və avtomobillər bu məntəqələrdən yoxlanışdan keçərək səfər edə biləcəklər. Məsələn, gələcəkdə Ermənistandan Qarabağa gələn bütün avtomobillər, insanlar və ya əksinə bizdən Ermənistan tərəfə keçənlər bu məntəqələrdə yoxlanışdan keçməli olacaqlar”.

Ekspert qeyd edir ki, bu məntəqələrin açılması sərhəddəki delimitasiya və demarkasiya prosesinin yekunlaşması anlamına gəlir: “Bütün bu məsələlər həll olunduqdan sonra Azərbaycan-Ermənistan münasibətləri normal hüquqi münasibətə çevrilə bilər. Ermənistanın yanaşmasından asılı olmayaraq, Azərbaycan artıq nəzarət məntəqəsini yaratmaqda qərarlıdır. Əgər rəsmi qaydada belə bir təklif səsləndirilirsə, deməli həyata keçirilməlidir”.

“Hesab edirəm ki, bu nəzarət-buraxılış məntəqələrindəki yoxlamalar 2025-ci ilə qədər bölgədəki rus sülhməramlıları ilə birgə həyata keçiriləcək. Sülhməramlıların bölgədə qalma müddəti başa çatdıqdan sonra isə bu məntəqələr birbaşa bizim nəzarətimizə keçəcək.

Hazırda Laçın-Xankəndi yolunda keçirilən aksiya bu prosesin başlanğıcı hesab oluna bilər. Prosesin başladığını nəzərə alsaq, Laçın-Xankəndi yolu birtərəfli qaydada nəzrətə götürülməli, 2025-ci ildə isə bağlanmalıdır. Qarabağda yaşayan erməni əsilli vətəndaşlar da bu müddət ərzində öz qərarlarını verməldirilər”,-ekspert qeyd edib.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-02-21 08:39:13

Münhen görüşləri bir daha sübut etdi ki, Dünyada və bölgəmizdə dəyişən geopolitik dengelerden dolayı, dünya güclərinin Cənubi Qafqaza maraqları tükənməzdir və həyatıdır. Nə yazıq ki, bütün bu maraqlar məhz Cənubi Qafqazın lider dövləti Azərbaycandan keçir və bu səbəbdən də həmin güclərin hər birinin Azərbacana basqıları daha böyükdür. Belə bir basqı qarşısında, çok böyük əzmlə Azərbaycanın Beynəlxalq səviyyədə maraqlarını qətiyyətlə müdafiə etdiyindən dolayı, Ölkə Başçısına təşəkkür edir və məhz bu konuda millet olaraq 7-dən 70-ə yanındayıq, arxasındayıq deyirik.

Son yazılar