Bayden Kiyevdə olarkən Rusiya qitələrarası raketin uğursuz sınağını keçirib

ABŞ Prezidenti Cozef Bayden Ukraynanın paytaxtı Kiyevdə səfərdə olarkən Rusiya “Sarmat” raketin uğursuz sınağını həyata keçirib.

“Report” xəbər verir ki, məlumatı CNN yayıb.

Bildirilib ki, ABŞ-ın iki rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya qitələrarası raketi sınaqdan keçirib. Ştatların rəsmi dairələri bu sınağın uğursuz olduğuna əminlik ifadə ediblər.

Qeyd olunub ki, Rusiya ABŞ-ı bu sınağın keçiriləcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edib, ona görə də Ağ Ev bunu gərginliyin artması istiqamətində atılan addım kimi qəbul etməyib.

Hesab edilir ki, əgər bu sınaq uğurla nəticələnsə idi, o zaman Rusiya Prezidenti Vladimir Putin bunu fevralın 21-də etdiyi müraciətdə vurğulayardı.

İnformasiyaya əsasən, “Sarmat” raketi keçmiş SSRİ-dən qalma “P-36M” “Voyevod” qitələrarası ballistik raketi əvəz etmək üçün yaradılıb. Onun uzunluğu 35,5 m, başlığın kütləsi 208,1 t, maksimum uçuş hədəfi isə 18 000 km.-dir. Ekspertlər hesab edir ki, bir raket 10-15 nüvə başlığı daşıya bilər.

Qeyd edək ki, 2022-ci ilin iyununda Vladimir Putin qitələrarası ballistik raketin sınağını uğurla keçirdiklərini bildirib. O, ötən ilin sonunda bu raketin Silahlı Qüvvələrin xidmətində olacağını demişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden fevralın 20-də Ukraynada səfərdə olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar