Menu

Dövlət Duması Vladimir Putinin təqdimatını təsdiqləyib

22.02.2023, 13:41
Dövlət Duması Vladimir Putinin təqdimatını təsdiqləyib

Rusiya Dövlət Dumasının deputatları çərşənbə günü keçirilən plenar iclasda ABŞ-la nüvə silahlarının məhdudlaşdırılmasına dair müqavilənin dayandırılmasını nəzərdə tutan qanun layihəsinə yekdilliklə səs veriblər.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, sənədi ötən gecə Prezident Vladimir Putin palataya təqdim edib.

Dumanın sədri Vyaçeslav Volodin səsvermədən əvvəlki çıxışında bildirib ki, bir nəfərin belə sənədin “əleyhinə” səsverməsini gözləmir.

Qeyd edək ki, Strateji Hücum Silahlarının İxtisarı üzrə brinci müqavilə 1991-ci ilin iyulunda ABŞ Prezidenti Corc Buşla keçmiş SSRİ-nin rəhbər Mixail Qorbaçov arasında imzalanıb.

SSRİ dağıldıqdan sonra müqavilə yenilənib. 1993-cü ilin yanvarında Corc Buşla Rusiya Prezidenti Boris Yeltsin ikinci, 2010-cu ilin aprelində ABŞ Prezidenti Barak Obama ilə Rusiyanın dövlət başçısı Dmitri Medvedev arasında üçüncü saziş imzalanıb. Sonuncu sənəd 2011-ci il fevralın 5-də qüvvəyə minib.

Sənəd yerləşdirilən nüvə başlıqlarının maksimum sayını, onların daşıyıcılarının sayını məhdudlaşdırır, ölkələrə öz ərazilərindən kənarda strateji nüvə silahı yerləşdirməyi qadağan edir. Həmçinin tərəfləri nüvə raketlərini kəşfiyyat qurğularından gizlətməməyə və bir-birinin müfəttişlərinin nüvə silahı olan bazalara çıxışını təmin etməyə məcbur edir.

Sənəddə iştirakın dayandırılma ehtimalı nəzərdə tutulmayıb. Putin bir gün əvvəl demişdi ki, Rusiya sazişə əməl etməyi planlaşdırmır, lakin ondan çıxmayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol