PUTİNİN START-la BAĞLI QƏRARI NƏ VƏD EDİR? – ABŞ və Rusiyanın nüvə arsenalı dünyanı dəfələrlə məhv edə bilər

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün Federal Məclisə müraciətində, Rusiyanın Amerika Birləşmiş Ştatları ilə olan Strateji Hücum Silahları Haqqında (START) müqavilədə iştirakını dayandırdığını açıqlayıb. Putin bildirib ki, 2012-ci ildə Rusiyanın xarici siyasəti ilə bağlı imzaladığı fərmanı ləğv edib və qərar həmin gündən qüvvəyə minib.Hüquqi İnformasiya rəsmi portalında dərc olunan sənəddə isə qeyd olunub ki, prezidentin bu qərarı beynəlxalq münasibətlərdə baş verən mühüm dəyişikliklər qarşısında Rusiyanın maraqlarını müdafiə etmək məqsədi daşıyır.

“AzPolitika.info” Rusiyanın bu qərarının necə nəticələnə biləcəyi ilə bağlı kiçik bir araşdırma aparıb.

START müqaviləsi nədir?

İlk öncə onu qeyd edək ki, START müqaviləsi nüvə müharibəsinin qarşısını almaq məqsədi daşıyır. Müqavilənin əsas şərti nüvə başlıqlı silahların yayılmasını məhdudlaşdırmaqdır. 2010-cu ildə ABŞ-ın o zamankı Prezidenti Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış yeni START sazişinə görə, ABŞ və Rusiya ərazilərində yerləşdirə biləcəyi strateji nüvə başlıqlarının sayını məhdudlaşdırmalı idilər. 2011-ci ildən qüvvəyə minən və Prezident Co Baydenin 2021-ci ildə hakimiyyəti gəlməsi ilə 2026-ci ilə qədər uzadılan müqaviləyə görə, hər iki tərəf öz ərazisində 1550, qitələrarası ballistik raketlərdə, sualtı qayıqlardakı ballistik raketlərdə və ağır bombardmançı təyyarələrdə 700 nüvə başlığı yerləşdirə bilərlər.

Müqavilədə tərəflərin sazişdə müəyyən edilmiş tələbləri pozmamasını təmin etmək üçün, hər iki ölkəyə ildə 18 dəfə qarşı tərəfin strateji nüvə silahı anbarlarını yoxlamağa icazə verilir.

Putinin bu qərarı nələrə səbəb ola bilər?

Müqavilə pozulduğundan, Rusiya və ABŞ bir-birinin nüvə potensialına nəzarət edə bilməyəcək. Qarşı tərəfin nüvə təhdidinin səviyyəsi yalnız təqribi hesablamalar əsasında ölçüləcək. Bundan əlavə, bu müqaviləyə üzv olan digər 190 ölkə öz nüvə arsenallarını yaratmaq və ya genişlənirmək istiqamətində addımlar atmağa çalışacaqlar. Həmçinin bu qərardan sonra nüvə sınaqlarının başlaya biləcəyi də istisna edilmir.

Qeyd edək ki, START müqaviləsi imzalanandan bəri, Rusiya və ABŞ qarşılıqlı şəkildə öz nüvə ehtiyatlarıyla bağlı 328 yoxlama aparıblar.

Amerika Alimlər Federasiyasının məlumatına görə, hər iki tərəf martın 1-də nüvə qüvvələrinin ümumi sayı haqqında məlumat mübadiləsi aparmalı idi. Lakin məlumat mübadiləsi dayandırıldığı üçün artıq nüvə silahlarının yeri, sayı haqda dəqiq informasiya olmayacaq.

Pandemiya dövründən yoxlamalar dayandırılıb

Yeni START müqaviləsinə uyğun ABŞ və Rusiya hərbi obyektlərinin təftiş işləri 2020-ci ilin martında koronavirus pandemiyasıyla əlaqədar dayandırılıb. Müqavilənin icrasına nəzarət edən ABŞ-Rusiya komissiyası sonuncu dəfə 2021-ci ilin oktyabrında bir araya gəlib. Lakin Rusiya ABŞ-ın Ukraynaya dəstəyinə etiraz olaraq 2022-ci ilin avqustunda müqavilədəki təftiş müddəalarıını birtərəfli qaydada dayandırıb.

Bu barədə Misirdə ötən ilin noyabrında keçirilməsi planlaşdırılan iclas baş tutmayıb. ABŞ rəsmilərinin sözlərinə görə, Rusiya konkret səbəb göstərmədən iclasa qatılmaqdan imtina edib. Tərəflər bundan sonra heç bir müzakirə aparmayıblar.

Ötən ilin yanvarında Bayden administrasiyası Konqresə bildirib ki, Rusiya öz ərazisində yoxlamalara icazə vermir və yeni danışıqlardan imtina edərək, sazişin şərtlərinə əməl etmir.

Bayden administrasiya buna necə reaksiya verəcək?

ABŞ dövlət katibi Antoni Blinken ötən gün Afinadakı çıxışında Rusiyanın bu addımını “məsuliyyətsizlik” adlandırıb.

Rusiyanın iştirakını dayandırması ilə bağlı açıqlaması çox təəssüf doğurur, bu, məsuliyyətsizlikdir. Rusiyanın əslində nə etdiyini görmək üçün diqqətlə izləyəcəyik. Təbii ki, istənilən halda öz ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyi üçün lazımi mövqedə olduğumuza əmin olacağıq”- deyə, Blinken qeyd edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da Rusiyanın növbəti addımlarını diqqətlə izləyəcəklərini deyib: “Rusiyanın praktiki olaraq atacağı konkret addımları diqqətlə izləyəcəyik. Hələlik biz strateji nüvə qüvvələrinin hazırlığını dayandırmaq üçün heç bir səbəb görməmişik, lakin hər gün vəziyyəti diqqətlə izləyirik”.

ABŞ və Rusiyanın nüvə arsenalı dünyanı dəfələrlə məhv edə bilər

Son məlumatlara görə, Rusiyanın 5977 nüvə başlığından təxminən 1500-ü müddətini başa vursa da, hələ də yararlı vəziyyətdədir. Ehtiyatda olan 2889 nüvə başlığından 1588-nin Rusiyadakı müxtəlif nöqtələrə yerləşdiriliyi bildirilir. Onlardan təxminən 812-si qurudakı ballistik raketlərdə, 576-sı sualtı qayıqlardan buraxılan ballistik raketlərdə və təxminən 200-ü ağır bombardmançı təyyarələrin olduğu bazalarda yerləşdirilib.

ABŞ-da isə təxminən 1644 strateji nüvə başlığı yerləşdirilib. Bu o deməkdir ki, həm ABŞ, həm də Rusiya dünyanı dəfələrlə məhv etməyə qadirdirlər. Ekspertlər qeyd edirlər ki, hazırkı şəraitdə tərəflərin hər hansı səhvi, yaxud gərginliyin artması nəticəsində nüvə silahının tətbiq edilməsi ehtimalı olduqca yüksəkdir.

E. Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar