“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xüsusi missiyası var. O daima erməni rəsmilərinə xatırladır ki, Ermənistanın müttəfiqi Rusiyadır və İrəvan Kremldən uzaqlaşa bilməyəcək”.
“AzPolitika.info” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin yerli mediaya müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Xatırladaq ki, səfir iki ölkə arasında ciddi problemlərin olmasına baxmayaraq qarşılqılı münasibətləri yüksək dəyərləndirib. Bildirib ki, iki ölkənin bütün sahələrində əməkdaşlıq mövcuddur.
“Təkcə dövlətlərimiz arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlər genişdir”, - diplomat əlavə edib.
Təhlilçi vurğulayır ki, bununla Kreml öz səfiri vasitəsilə Baş nazir Nikol Paşinyana mesaj göndərib ki, o istəsə belə Rusiyadan qopa bilməz: “Səfir iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmədiyi fikrini də təkrarlayıb.Buna baxmayaraq, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Paşinyanın onlara böyük ümidi var. Bu o deməkdir ki, Kremlin və səfir Kopırkinin xəbərdarlıqları işə yaramır. Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır. Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək. Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə, Kremlin planını pozmuş olacaq və bu Rusiya-İran münasibətlərində suallar yaradacaq”.
Rasim
“AzPolitika.info”


Şərhlər