Dünyanın nəhəng siyasi liderlərindən biri olan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif rakurslardan araşdırılması əliyevşünaslıq qarşısında duran ən vacib vəzifələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin parlament fəaliyyətinin araşdırılması zamanı maraqlı faktlarla rastlaşmaqla bərabər, həm də böyük dövlət adamının bütün platformalarda vahid ideya və strateji məqsəd arasında dialektik vəhdət hiss etməyə bilmirsən. Bu strateji konsepsiyanın əsasını isə dövlət müstəqilliyi tutur. Heydər Əliyev siyasi hakimiyyətinin birinci dönəmində ömrünün, demək olar ki, böyük bir hissəsini ən ali kürsülərdən deputat mandatı daşıyaraq keçirmişdir.
Dahi siyasətçi Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyətli beş qərar qəbul etmişdir. İttifaq fondundan bu məqsədlə respublikaya külli miqdarda vəsait ayrılmışdır.

Lakin Heydər Əliyev özü də sonradan bir neçə dəfə çıxışlarında SSRİ-nin məhz imperiya olduğunu söyləmişdir. Odur ki, Heydər Əliyevin birinci hakimiyyəti dönəmi imperiya buxovları altında azad insanın mümkün fəaliyyəti ilə şərtləndirilməlidir. Heydər Əliyev bu məsələlərə özü çox aydın şəkildə qiymət vermişdir. Odur ki, Heydər Əliyev fenomeninin ən səciyyəvi xüsusiyyətləri məhz Azərbaycanda Milli Azadlıq Hərəkatının başladığı dövrdə daha qabarıq şəkildə üzə çıxdı. Tarixi ardıcıllığa müraciət edək. Heydər Əliyevin SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan istefası Qarabağ probleminin açıq müstəviyə keçməsinə və bu münaqişə fonunda Milli Azadlıq Hərəkatının geniş vüsət almasına səbəb oldu.
Ulu Öndər bu barədə belə söyləyir: "Ermənilər mənim Siyasi Bürodan istefama nail olduqdan cəmi 20 gün sonra, Ermənistanda bir gün belə yaşamayan akademik Aqanbekyan Fransada çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarını elan etdi".
Həmin dövrdə SSRİ rəhbərliyi Heydər Əliyevin gücünü qiymətləndirdiyi üçün onun Azərbaycana gəlməsinin qarşısını almaq məqsədi ilə ciddi tədbirlər gördü. Amma onların ümidləri boşa çıxdı. Heydər Əliyev Bakıda keçiriləcək qurultaya yekdilliklə nümayəndə seçildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında bir neçə şəhər və rayonlarda eyni vaxtda partiya konfranslarına da nümayəndəliyi irəli sürüldü. Bir neçə gün sonra Naxçıvan Vilayət Partiya Konfransı onun Azərbaycan Kommunist Partiyası 27-ci qurultayının nümayəndəsi olduğunu rəsmi olaraq təsdiqlədi.
Ulu Öndərin Azərbaycan Kommunist Partiyasının 6 iyun 1990-cı il tarixdə keçiriləcək XXVII Qurultayına Naxçıvandan nümayəndə seçilməsi hamı üçün, ö cümlədən Heydər Əliyev üçün də gözlənilməz olur. Bu addımın atılmasında mərhum naşir Əjdər Xanbabayevin rolu danılmazdı. Heydər Əliyevin vəzifə pillələrində irəli çəkdiyi Ayaz Mütəllibov, Əbdürrəhman Vəzirov SSRİ rəhbərliyinə yarınmaq məqsədi ilə Heydər Əliyevə qarayaxma kampaniyası apararaq onu ləkələməyə çalışdıqları bir vaxtda, vəzifədə işlədiyi dövrdə cəmi bircə dəfə kiçik bir görüşü olan Əjdər Xanbabayevin fədakarlığı, əlbəttə, gözlənilməz idi. Sonralar Əjdər Xanbabayev Moskvada Heydər Əliyevlə artıq münasibətlərini dərinləşdirməyə nail olmuşdu. Bu isə Azərbaycan rəhbərliyinin xoşuna gəlmirdi. Onlar bütün cidd-cəhdlə Heydər Əliyevin Bakıya gəlməsinin qarşısını almağa çalışırdılar. Ayaz Mütəllibov Əjdər Xanbabayevə təzyiq edərək ona Heydər Əliyevin Bakıya gəlməsinin həyatı üçün təhlükə olacağını çatdırmağa, yanına adamlar göndərərək Heydər Əliyevin vətənə gəlməsinin qarşısını almağa çalışırdı. Əjdər Xanbabayevin cinayət işinin materiallarında bu barədə deyilir: "Qətlə yetirildiyi gün Əjdər Xanbabayevin yanına Bəxtiyar Vahabzadə gəlibmiş. O, Xanbabayevə, Heydər Əliyevə zəng etmək və onu Bakıya gəlmək fikrindən daşındırmağa çalışmaqla bağlı Ayaz Mütəllibovun xahişini çatdırır. Lakin Ə. Xanbabayev cavab verir ki, artıq Heydər Əliyevlə danışıb və iyunun 1-də o Azərbaycana gələcək" (ittiham aktından).
Bildiyimiz kimi, Ə.Xanbabayevin ölümünə qərar verilir və o, 30 may 1990-cı ildə xaincəsinə qətlə yetirilir. Sonralar, Ulu Öndər Ə.Xanbabayevin şəxsiyyətini xarakterizə edərək haqqında belə deyir: "O, adi bir adam idi. Burada oturanların çoxu kimi nə vəzifə sahibi idi, nə də mənim vaxtımda vəzifə almış adam idi. Adi ziyalı, vətənpərvər bir adam idi..."
Kölə təfəkkürü ilə yaşayan qorxaq siyasətçilər Heydər Əliyevin bu hadisədən çəkinərək Azərbaycana gəlməkdən imtina edəcəyini düşünürdülər. Lakin cəsarət nümunəsi olan parlaq şəxsiyyəti bu cür təhdidlərlə öz yolundan döndərmək mümkün deyildir. Heydər Əliyev bütün təhdidlərə və ölüm təhlükəsinə baxmayaraq, Bakıya gəldi. Ona qarşı Bakı Hava Limanında əvvəlcədən planlaşdırılmış sui-qəsd xoş təsadüf nəticəsində baş tutmadı. Heydər Əliyevin Bakıda qalmaması üçün bütün çirkin üsullardan istifadə edən respublika rəhbərliyi təzyiqləri ilə böyük siyasətçi doğulduğu Naxçıvan şəhərinə üz tutmalı oldu.
Sual yenə də aktual olaraq qalırdı: Heydər Əliyev qurultaya qatılacaqmı? 26 iyul 1990-cı ildə Naxçıvanda çıxan "Şərq Qapısı" qəzetinə müsahibəsində müxbirin qurultayla bağlı - "Bu yaxınlarda Sov.İKP-nin XXVII Qurultayı öz işini qurtardı. Həm də Siz Naxçıvan partiya təşkilatı tərəfindən Azərbaycan kommunistlərinin ali məclisinə nümayəndə seçilmisiniz. Mümkünsə deyin, Sov. İKP-nin XXVII Qurultayı Sizə necə təsir etdi? Bir də Azərbaycan kommunistlərinin ali məclisinin birinci hissəsində iştirak etmədiniz, ikinci hissəsində iştirak etmək fikriniz varmı?" - sualına Heydər Əliyev belə cavab verir: "Sov. İKP-nin XXVII Qurultayı həqiqi partiyaçıların ümidlərini doğrultmadı. Qaldı ikinci məsələyə, mən Naxçıvan kommunistlərinə minnətdaram ki, Moskvada ola-ola məni qurultaya nümayəndə seçdilər, amma gedib-getməməyimi deyə bilmərəm. Çox qurultayların nümayəndəsi olmuşam, lakin Azərbaycan Kommunist Partiyasının XXXII Qurultayına nümayəndə seçilməyim mənim üçün böyük şərəfdir. Fəqət mənim bu qurultayın açılışında iştirak etməyimə imkan vermədilər, qarşımı kəsdilər. Ona görə də bilmirəm, qurultayın ikinci hissəsinə getməyimə lüzum varmı? Güman ki, getməyəcəyəm".
Təbii ki, Heydər Əliyev kor-koranə şəkildə SSRİ rəhbərliyinə kölə kimi sitayiş edən şəxslərlə bir arada ola bilməzdi. Lakin Heydər Əliyev kimi böyük şəxsiyyətin sakit həyat tərzini seçəcəyi inandırıcı deyildi. Odur ki, yerli əhali onu Naxçıvanın nümayəndəsi kimi deputat seçmək qərarına gəldi. Naxçıvanda seçkiyə qatılmaq üçün hüquqi təminatların yaradılması Naxçıvana qayıdan Heydər Əliyevin pasport qeydiyyatı Moskvaya idi. Onun Naxçıvanda seçkiyə qatılması üçün hüquqi təminatlar olması zərurəti yaranmışdı. Naxçıvan əhalisinin təkidli tələbi ilə Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti 21 avqust 1990-cı ildə aşağıdakı məzmunda qərar qəbul etdi:
H.Ə.Əliyev yoldaşın Naxçıvan MSSR vətəndaşı sayılması haqqında, Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

Naxçıvan şəhərində anadan olduğunu, təhsil aldığını, uzun illər xidmət etdiyi və hazırda ümumittifaq əhəmiyyətli təqaüdçü olub, Naxçıvan şəhərində yaşadığını nəzərə alaraq, Naxçıvan MSSR Konstitusiyasının 28-ci maddəsinə uyğun olaraq 1923-cü ildə anadan olmuş, Azərbaycan SSR pasportu olan, azərbaycanlı Heydər Əlirza oğlu Əliyev yoldaş Naxçıvan MSSR vətəndaşı sayılsın.
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri A. Cəlilov
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi H. Xəlilov
Naxçıvan şəhəri, 21 avqust 1990-cı il.
Heydər Əliyevin Naxçıvanda olduğu dövrdə xarici ölkə müxbirləri, o cümlədən qardaş Türkiyənin qəzetçiləri ondan tez-tez müsahibələr alırdılar. O, 1990-cı ildə Türkiyənin "Zaman" qəzetinin müxbiri ilə söhbətində müstəqillik məsələsinə toxunaraq qeyd edir: "Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil dövlət olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədi Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi". 30 sentyabr 1990-cı il Azərbaycan SSR Xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR Xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi. Sonra isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri oldu. Yalnız müstəqillik
26 iyul 1990-cı ildə Naxçıvanda çıxan "Şərq Qapısı" qəzetinə müsahibəsində müxbirin - "Dünən Nehrəm kəndinin camaatı Sizi Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd irəli sürdü. Mən inanıram ki, Siz deputat seçiləcəksiniz. Belə olan təqdirdə nə kimi platforma irəli sürmək istərdiniz?" - sualına Ulu Öndər belə cavab verdi: "Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq".
Belə də oldu. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin carçısına çevrildi. Hələ 17 noyabr 1990-cı ildə muxtar respublikanın ali qanunvericilik orqanında məhz Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılmışdı. Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyada muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarılmış, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırılmışdı. Bunun ardınca 15 fevral 1991-ci ildə Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etmişdi. Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün ən gözəl nümunə olmuşdu.
Heydər Əliyevin deputat kimi fəaliyyətinin ayrı-ayrı çalarları müstəqil Azərbaycan dövlətinin ayrıca araşdırma mövzusudur. Xüsusilə Heydər Əliyevin müstəqilliklə bağlı çağırışları, həyəcan dolu çıxışları, o cümlədən Azərbaycanın müstəqilliyini qəbul etməyənlərə qarşı sərt təpkisi onun parlamentari kimi fəaliyyətinin ən vacib səhifələrindən biridir.
Heydər Əliyevin Naxçıvana qayıtdığı dövr Dağlıq Qarabağ münaqişəsinin getdikcə genişləndiyi, o cümlədən Naxçıvana qarşı irimiqyaslı hərbi hücumların təşkil olunduğu zamana təsadüf edir. Böyük siyasətçinin qarşısında dayanan ən vacib vəzifələri belə qruplaşdırmaq olar: Azərbaycanın dövlət müstəqilliyinə nail olunması və ərazi bütövlüyünün təmin edilməsi.
Odur ki, Heydər Əliyev bir yandan dünyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək onun həll olunmasına yardımçı olmağa, digər tərəfdən isə Naxçıvana olan hücumların qarşısını almağa çalışırdı. Qarşıda duran ən mühüm vəzifə Azərbaycan rəhbərliyinə tabe olmayan sovet qoşunlarının ərazidən çıxarılması idi. Azərbaycanın dövlət müstəqilliyi üçün ən böyük töhfə məhz bu ola bilərdi. Heydər Əliyev bunu bacardı. Tarixə qızıl hərflərlə yazılacaq bu hadisə Heydər Əliyevin imzası ilə tarixə həkk olundu. Bu möhtəşəm tarixi hadisə 25 iyul 1992-ci ildə rəsmiləşdi. Bu, Heydər Əliyevin parlamentari kimi üçrəngli Azərbaycan bayrağının qəbul edilməsindən sonra həyata keçirdiyi ən parlaq addım idi. Sovet qoşunlarının Azərbaycandan çıxarılması Naxçıvan Muxtar Respublikası Ali Məclisin Rəyasət Heyətinin Qərarı
Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili ilə əlaqədar bəzi məsələlər haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti qərara alır:
1.Rusiya Müdafiə Nazirliyi Zaqafqaziya Hərbi dairəsinin 75-ci motoatıcı diviziyasının komandanlıqları ilə aparılan danışıqların nəticəsində Naxçıvan şəhərində yerləşən 75-ci motoatıcı diviziyanın ləğv edilməsi və diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında əldə olunmuş razılıq barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin məlumatı nəzərə alınsın.
2. Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə tapşırılsın ki, 75-ci motoatıcı diviziyanın bütün hərbi və təsərrüfat əmlakının planlı, mütəşəkkil surətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sərəncamına verilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Yuxarıda göstərilənlərə əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə yenidən təşkil olunması və onun bazasında Azərbaycan Müdafiə Nazirliyinin müvafiq hərbi strukturunun yaradılması zəruri hesab edilsin.
4. 75-ci motoatıcı diviziyanın hissələrində xidmət edən bütün azərbaycanlıların Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibinə daxil olması barədə məlumat nəzərə alınsın.
5. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə tapşırılsın ki, 75-ci motoatıcı diviziyanın ləğvi ilə əlaqədar əmələ gələn məsələlərin həllində diviziyanın komandanlığına lazımi köməklik göstərilsin.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri H.Əliyev
Naxçıvan şəhəri, 25 iyul 1992-ci il.
Heydər Əliyevin Azərbaycan parlamentində ilk çıxışı Heydər Əliyevin parlamentdə ilk çıxışı yeni ittifaq müqaviləsinə qoşulmaq məsələsi müzakirə edildiyi zamana təsadüf edir. Siyasi Bürodan istefa verdikdən sonra Heydər Əliyevin bu çıxışını xalq qarşısında, demək olar ki, ilk çıxışı hesab etmək olardı. Ümummilli Lider məhz burada öz ideoloji konsepsiyasını bəyan edəcəkdi. Uzun illər kommunist partiyasının rəhbər şəxslərindən olmuş siyasi lider demokratik və azadlıq dəyərlərinə münasibətini ilk dəfə geniş xalq kütləsinə çatdırmaq imkanı qazanırdı. Biz gənclər bu çıxışı diqqətlə və həyəcanla gözləyirdik. Siyasi kumirimizin xalqa öz siyasi baxışlarını çatdıracaq ilk çıxış. Həmin vaxtı parlament ideoloji baxımdan iki cəbhəyə bölünmüşdü - Azərbaycanın ittifaqdan ayrılıb müstəqil azad bir dövlət kimi yaşamasının tərəfdarları (müstəqilliyin tərəfdarları) və ittifaqda qalıb köləliyi davam etdirmək (müstəqilliyin əleyhdarları) tərəfdarları.
Müstəqillik tərəfdarları məhz Azərbaycan xalqının azadlıq istəyinin carçıları idilər. Bu siyasətçilərin avanqardı dahi siyasətçi Heydər Əliyev idi. Müstəqilliyə çağırış Azərbaycanın Sovet İttifaqının bir hissəsi olduğu, vahid SSRİ iqtisadiyyatının hökm sürdüyü bir vaxtda Heydər Əliyev 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında xalq deputatı kimi çıxış etdi. Bu çıxış Heydər Əliyev müstəqillik konsepsiyasının ilk elanı, xalqın müstəqilliyə çağırışının təntənəsi idi. O, öz nitqində Azərbaycan xalqının başqa xalqlara nisbətən daha çox müstəqil olmağa, yeni təklif edilən ittifaq müqaviləsindən imtina etməsinin əsası olduğunu vurğuladı. Eyni zamanda Bakıda tətbiq edilən fövqəladə vəziyyətin yaratdığı qorxu və çarəsizlik sindromunu aradan qaldırmağı bacardı, gələcəyə ümid işığını alovlandırdı. Heydər Əliyevin bu çıxışı öz ideoloji fəlsəfəsinə və siyasi mahiyyətinə görə haqqında cild-cild əsərlər yazılacaq çıxışdır. Heydər Əliyev məsələnin taleyüklü olduğunu vurğulayaraq qeyd edirdi: "Yeni ittifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız bu ittifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu ittifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu ittifaq daxilində görmüşük. Mən və mənimlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım ittifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu ittifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik".
Ulu Öndər SSRİ-nin imperiya olduğunu elan edir Bundan sonra Heydər Əliyev SSRİ-nin siyasi-fəlsəfi mahiyyətini açaraq praktik nümunələr gətirməklə SSRİ-nin imperiya olduğunu elan edir: "Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".
Bundan sonra Heydər Əliyev Qorbaçov yenidənqurmasının mahiyyətinə toxunaraq onun imperiyanı qorumaq məqsədi daşıdığını ifşa edir: "Ölkənin rəhbərliyi yetmiş il mövcud olan ittifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya, ölkədə indiyə qədər həqiqi İttifaq olmayıb, respublikalar heç də ittifaqda yaşamayıb, əsl ittifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni ittifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır.
Respublikanın keçmiş rəhbəri kimi, mən də belə yararsız və naməlum ittifaqa xidmət etdiyimi, buraxdığımız səhvləri etiraf edirəm və heyifsilənirəm. Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm".
Keçmişdə ittifaqa xidmət etməyimə bəraət qazandırıcı əsaslar da var. O dövrdə respublikamızda yaranmış güclü sosial-iqtisadi və intellektual potensial xalqımızın milli sərvətidir və Azərbaycanın müstəqilliyi üçün yaxşı zəmin yaradır.
"Bir sözlə, mən yeni ittifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir".
Heydər Əliyev parlamentdəki ilk çıxışında ideoloji məsələyə sərt və açıq münasibətini bildirir. Özünün milyonlarla tərəfdarını və xüsusi ilə gəncləri müstəqillik ideyalarının arxasınca getməyə və Azərbaycanın dövlət müstəqilliyinə nail olmağa çağırırdı. Çünki müstəqillik Heydər Əliyevin həyat kredosu idi.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Şərhlər