Çin Ukrayna böhranının siyasi tənzimlənməsinə dair plan təklif edib. 12 bənddən ibarət olan bu planda Pekin Ukraynada hərbi əməliyyatların dayandırılmasına, soyuq müharibə mentallığından xilas olmağa çağırıb.
Çin tərəfi sülh danışıqlarına başlamağı, birtərəfli sanksiyaları dayandırmağı, Ukrayna taxılının maneəsiz ixracının təmin olunmasını təklif edib.
Çinin təklifində beynəlxalq hüquqa, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət etmək çağırışı edilsə də, bir ölkənin təhlükəsizliyinin başqa bir ölkənin təhlükəsizliyi hesabına təmin edilməsinin düzgün olmadığı göstərilir. Pekin bildirir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməmiş sanksiyalara əl atılmamalıdır.

NATO-nun baş katibi Yens Stoltenberq fevralın 24-də Çinin Ukraynada müharibəyə son qoyulması üçün təklifinə etinasız yanaşaraq deyib ki, Pekinin vasitəçi kimi çox da etimadı yoxdur: "Çin o qədər də böyük etimada malik deyil, çünki Ukraynaya qanunsuz müdaxiləni pisləməyib”.
Tallində jurnalistlərin suallarına cavab verən NATO rəhbəri xatırladıb ki, Çin Rusiyanın Ukraynaya müdaxiləsinə bir neçə gün qalmış Prezident Vladimir Putinlə razılaşma imzalayıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen isə deyib ki, Çinin paylaşdığı sülh planı yox, onun bəzi prinsipləridir: "Biz bu prinsiplərə müəyyən ehtiyatlanma ilə baxmalıyıq. Bunun səbəbi odur ki, Çin müdaxilədən az əvvəl Rusiya ilə hüdudsuz dostluq barədə saziş imzalamaqla, artıq müəyyən tərəf tutub. Odur ki, biz bu prinsiplərə Çinin bu məsələdə tərəf tutmasını nəzərə alaraq baxacağıq”.
Çinin sülh planına rəsmi Vaşinqton da reaksiya verib.
ABŞ prezidenti Co Baydenin administrasiyasından bildiriblər ki, bu müharibə günü sabah qurtara bilər, çünki onu Putin başladıb.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu barədə deyib: "Ukrayna Rusiyaya hücum etməyib. NATO Rusiyaya hücum etməyib, ABŞ Rusiyaya hücum etməyib. Bu Putinin başladığı müharibədir. Mənim ilkin reaksiyam budur ki, onlar elə birinci bənddə, məhz bütün ölkələrin suverenliyinə hörmət bəndində dayana bilərdilər”.
Rasim
“AzPolitika.info”


Şərhlər
Çin sadəcə qərbi və avropanı dişinə vurur,onların tam məqsədini öyrənir,məlum məsələdir rusdan sonra çin hədəfdədir,amma ən yaxşısını zaman biləcək.