“Rusiya işğalçıları doğrudan da Kiyevi 3 günə almağa cəhd edirdilər. Əgər rusiyalılar Qostomel aerodromunu ələ keçirsəydilər, buna nail ola bilərdilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general Kirill Budanov Dmitri Komarovun çəkdiyi “Bir il” sənədli filmində deyib.
Budanovun dediyinə görə, Rusiya hesab edirdi ki, Ukraynanın indiki rəhbərliyi ilk günlərdəcə ya Kiyevdən qaçacaq, ya da məhv ediləcək: “Bu, yeganə plan idi – 3 gündən gec olmayaraq hakimiyyəti dəyişmək və Prezident Administrasiyası üzərinə bayraq sancmaq. Onların fikrincə, dövlət rəhbərliyi harasa qaçmalı, əks halda isə məhv edilməli idi. Hesab edirdilər ki, uzağı 10 sutkaya qədər etirazlar olacağı təqdirdə həmin etiraz nöqtələrini susduracaqdılar”.
Budanov həmçinin bildirib ki, 23 fevral saat 15.00-da Volodimir Zelenskiyə Rusiyanın hücuma başlayacağı dəqiq vaxt barədə məruzə edib və doğrudan da 24 fevral saat 04.00-da hücum başlayıb.
Budanov deyib ki, rusların həmin günlərdə Kiyev ətrafında ehtiyat hərbi avadanlıqlarsız, texnikasız, silahsız, yanacaqsız və s. olmaları da hər şeyin 3 günə bitəcəyinə ümid etmələrindən irəli gəlib.
Bununla yanaşı, kəşfiyyat rəhbəri qeyd edib ki, Ukrayna tərəfi artıq Qostomelə Rusiya desantının enəcəyindən əvvəlcədən xəbərdar olub və bunun qarşısını almaq üçün tədbirlər görüb. O cümlədən də Ukrayna artilleriyasının mükəmməl işi nəticəsində rusların Qostemeli ələ keçirməsi mümkün olmayıb və nəticədə Rusiyanın planı alt-üst olub.
Cəlal
“AzPolitika.info”


Şərhlər