BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fevralda açıqladığı hesabata əsasən Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri Ukraynada həlak olan mülki vətəndaşların sayı 8 mini ötüb.
Mülki əhali arasında ümumi itkilər 21 min 580 nəfər təşkil edib, onlardan 8 min 101 nəfəri həlak olub. Ölənlər arasında - 2 min 127 qadın və 488 uşaq var
“Dinc insanların əksəriyyətinin hava hücumları, geniş ərazini əhatə edən partlayıcı maddələr, o cümlədən ağır artilleriya, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və raket zərbələri nəticəsində öldürüldüyü bildirilir”, - deyə hesabatda yazılıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ukraynadakı mülki şəxslərin vəziyyəti ilə bağlı hesabatları ayda bir dəfə dərc olunur. Orada yer alan ölüm hallarının hər biri sənədləşdirilmiş və təsdiqlənmiş hallardır. Əslində, mülki əhali arasında ölümlər dəfələrlə çox ola bilər - ən şiddətli döyüşlərin getdiyi yaşayış məntəqələri xüsusən, Mariupol, Severodonetsk, Lisiçansk, Soledar və Baxmutdan tam məlumat almaq mümkün deyil.
Müharibə zamanı onlarla dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktları qeydə alınıb. Belə ki, ötən ilin martında Ukrayna ordusunun Buça və İrpin yaşayış məntəqələrini azad etməsindən sonra 700-dən çox dinc sakinin cəsədləri tapılıb. Elə həmin ay Rusiya hava qüvvələrinin Mariupol Dram Teatrına hücumu nəticəsində Ukrayna hakimiyyətinin məlumatına görə, təxminən 300 nəfər həlak olub. Kramatorskda dəmiryol vağzalına raket hücumu nəticəsində 50 mülki şəxs həyatını itirib, 48 nəfər Çasov Yar şəhərində yaşayış binasını atəşə tutulan zaman, Dneprdə yaşayış binasına raketin düşməsi nəticəsində isə 40-dan çox insan həlak olub.
Rasim
“AzPolitika.info”


Şərhlər